Azərbaycanda minimum əmək haqqının kəskin artımı təklif olunur
Azərbaycanda minimum əmək haqqının artımı
Azərbaycan parlamenti ölkədə minimum əmək haqqının 500 manata qaldırılmasını təklif edib. Deputat Vahid Əhmədovun fikrincə, belə minimum əməkhaqqı əhalinin normal yaşayışını təmin edəcək. Müxalif siyasətçi və iqtisadçı ekspert Natiq Cəfərli minimum əməkhaqqının belə kəskin artırılmasının yeni inflyasiya dalğasına səbəb olacağını, Azərbaycan xalqının maliyyə rifahının normallaşdırılması üçün digər iqtisadi rıçaqlara ehtiyac olduğunu iddia edir.
- Azərbaycanlı, erməni və gürcünün Berlin görüşü və ya “Dolma gündəlikləri” filmi
- Umbakıda ömürlük məhkumlar üçün yeni həbsxana tikilir
- Rusiyadan nağd pulla: ruslar qaçır, Gürcüstan çiçəklənir
Milli Məclisin deputatı Vahid Əhmədov minimum əməkhaqqının 500 manata qaldırılmasını təklif edib. Sonuncu dəfə ölkədə minimum əmək haqqı 2022-ci il yanvarın əvvəlində artırılıb və hazırda 300 manat təşkil edir.
Ekspertlərin fikrincə, ilin əvvəlində minimum əmək haqqının artırılması inflyasiya dalğasına səbəb oldu və bu, ölkə hökumətinin bu addımının bütün təsirini praktiki olaraq “yedi”.
Azərbaycanda inflyasiya il boyu davam edib və prezident İlham Əliyevin yerli telekanallara müsahibələrinin birində qeyd etdiyi kimi, bu, “idxal olunan” inflyasiyadır. Yəni dünya bazarlarında qeyri-sabit vəziyyətə görə Azərbaycan iqtisadiyyatı inflyasiya səviyyəsini istənilən səviyyədə saxlaya bilmir.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin sonuna rəsmi illik inflyasiya ikirəqəmli olacaq və 10 faizi ötəcək. Ekspertlərin fikrincə, inflyasiya elan ediləndən qat-qat yüksəkdir. Azərbaycanda inflyasiyanın müstəqil qiymətləndirilməsi qonşu Türkiyədən fərqli olaraq aparılmır. Məsələn, Türkiyədə müstəqil ekspertlərin inflyasiya ilə bağlı təxminləri çox vaxt rəsmi hesablamalardan iki dəfə yüksək olur.
“Hökumət bir sıra digər problemləri həll etməlidir”
Respublikaçı Alternativ partiyasının liderlərindən biri Natiq Cəfərlinin fikrincə, deputatın təklifi diqqətə layiqdir, çünki inflyasiya və qiymət artımı insanların üzərində “ağır yükdür”, lakin belə bir qərar qəbul etməzdən əvvəl hökumət bir neçə başqa məsələni də həll etməlidir.
“İlk növbədə qanunvericilikdə VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlantısı aradan qaldırılmalıdır – çox məntiqsiz qaydadır. Məsələn, ay ərzində 500 manat dövriyyəsi olan da, 5000 manat olan da eyni ödəniş, yəni, minimum əmək haqqının 25%-ni DSMF-yə ödəməlidir. Bəzi fəlayiyyət növlərində hətta 50%-ni ödəmək məcburiyyəti var.
Bu, doğru yanaşma deyil. Ona görə də, bu bağlantı qanunvericilikdən çıxarılmalı, əvəzində ancaq dövriyyədən DSMF-yə ödəniş nəzərdə tutulmalıdır – təklif edirəm ki, dövriyyənin 2%-i DSMF-yə ödəniş kimi ayrılmasını nəzərdə tutan yeni qanun qəbul edilsin”, – Cəfərli qeyd edib.
O əlavə edib ki, daha bir problem indiki idarəetmə və iqtisadi sistemdə maaş və təqaüdlərin artırılmasının əlavə inflyasiya basqısı yaratmasıdır:
“Hətta “maaş-təqaüdlər artacaq”, xəbəri belə artıq qiymətlərin yüksəlməsinə səbəb olur.
Ona görə də maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir.
Bu məsələ ilə bağlı aylar öncə təklif etdiyimiz məsələ bu gün də aktualdır, həll edilməlidir – ərzaq və dərmanların ƏDV-si 18%-dən 2%-ə endirilməli, ölkəyə gətirilən dərman vasitələri isə ümumən gömrük rüsumlarından tam azad edilməlidir.
Bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar.
Təbii ki, paralel olaraq 30 ildir müstəqillikdən bəri xroniki “xəstəliyə” çevrilmiş inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir”, – müxalifətçi bildirib.
“Ölkədə DSMF-nin işləmə qaydaları da dəyişdirilməlidir. Bu gün ödədiyimiz vəsaitdən dövlət faizsiz istifadə edir, fərdi hesablarımıza toplanan vəsaiti heç olmasa inflyasiyaya görə belə indeksləşdirmir.
Məsələn, mənim DSMF-dəki fərdi hesabımda illərdir ödədiyim 20 min manatdan çox vəsait var. Dövlət bu vəsaitdən istədiyi kimi istifadə edir, amma buna görə mənə divident ödəməməsi bir qırağa, yığılan vəsaitin ərazaq inflyasiyasına görə dəyərdən düşməsini belə kompensasiya etmir. Ölkədə qiymət artımı, inflyasiya vətəndaşların çiynindəki ağır yükdür, bu yükün azaldılması dövlətin boynunun borcudur.
Qeyd etdiyim problemlər çözülməsə, maaş-təqaüdlərin artımı növbəti dəfə vətəndaşlara xeyir kimi deyil, qiymət artımı yükü kimi geri dönəcək”, – deyə Cəfərli fikrini yekunlaşdırıb.
Azərbaycanda minimum əmək haqqının artımı