Azərbaycanda jurnalist Rasim Əliyevin qətlinin ikinci ildönümü qeyd olunub
Paylaşmaq
Paylaşmaq
Avqustun 9-da Azərbaycanda jurnalist Rasim Əliyevin qətlinin ikinci ildönümü qeyd olunub. Bir qrup jurnalist, siyasi xadim, ictimaiyyət nümayəndəsi jurnalistin Bakının Mehdiabad qəsəbəsindəki məzarını ziyarət edərək xatirəsini anıb.
Rasim Əliyev 2015-ci il avqustun 8-də Azərbaycanın futbol yığmasının oyunçusu Cavid Hüseynovun qohumu və fanatları tərəfindən döyülmüşdü. Futbolçu jurnalistin sosial şəbəkədə yazdığı statusdan inciyib, həmin statusda Rasim Əliyev futbolçunu kiprli jurnalistin ünvanına etdiyi ədəbsiz jestinə görə tənqid etmişdi. “Mən belə tərbiyəsiz adamların Azərbaycanı Avropada təmsil etməyini istəmirəm”, – deyə yazmışdı öz statusunda. Telefonda bir neçə dəfə təhdid edəndən sonra futbolçunun qohumu Rasimi görüşə dəvət edib və beş nəfər bir nəfəri qəddarca döyüb.
Ağır bədən xəsarətləri ilə Rasim Əliyev xəstəxanaya yerləşdirilib, onun qabırğaları qırılıb, daxili qanaxması olub. Avqustun 9-u səhər saatlarında jurnalist keçinib.
Məhkəmə jurnalistin döyülməsində iştirak edən beş nəfəri 9 ildən 13 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Futbolçu Cavid Hüseynov isə “ağır cinayəti bilib xəbər verməmək” ittihamı ilə 4 il cəza alıb. Amma 1 il 2 ay həbsdə qalandan sonra azad edilib və hazırda yenidən futbol üzrə Azərbaycan yığmasına qayıdıb.
Rasim Əliyevin məzarı önündə tanınmış jurnalistlər və ictimai xadimlər çıxış ediblər.
“Ölkədə cəzasızlıq ab-havası yaradılıb, hamı hesab edir ki, jurnalisti döyə bilər”, – jurnalist Şahvələd Çobanoğlu deyib.
Hakimiyyətin mediaya dairə siyasətini müxalif “Müsavat” partiyasının liderləri İsa Qəmbər və Arif Hacılı da tənqid edib.
“Bu, fərqli düşünənlərin qatili olan bir hakimiyyətdir. Hər dəfə öldürülmüş jurnalistləri yad edəndə biz hakimiyyətə xatırladırıq ki, jurnalistləri qətl etməklə heç nəyə nail ola bilməyəcəklər”, – “Müsavat” partiyasının keçmiş başqanı İsa Qəmbər deyib.
Araşdırmaçı jurnalist, keçmiş vicdan məhbusu Xədicə İsmayıl isə bildirib ki, “Rasimin məzarı həqiqətən də abidədir. Ölkədə hökm sürən korrupsiyanın, fərsiz səhiyyənin, çökmüş məhkəmə sisteminin, ədalətsizliyin abidəsidir”.
Fotoda Rasimin anası və bacısı, sevgilisi, İsa Qəmbər və Xədicə İsmayıldır.