Torpaq var, pay yox. Pay torpaqları Azərbaycanda işsizliyin real səviyyəsini gizlətməyə necə imkan verir
Azərbaycanda işsizlik
Bir zamanlar əkib-becərdiyi torpaqların yolunu indi unudub desək, yalan olmaz. İmişli rayon sakini Məzahir Hacıəliyevə 26 il əvvəl 1 hektar 20 sot pay torpağı verilib. Həmin sahə bir neçə il onun əsas gəlir mənbəyi olsa da, sonralar yetərli vəsaiti olmadığı üçün əkini dayısı oğluna ötürdüyünü deyir. Məzahir Hacıəliyev torpağı əkməməyini bir neçə çətinliklə izah etməyə çalışır. Bunlardan ilki əkin sahəsinin yaşadığı evdən təxminən 10 km uzaqda yerləşməsi və əraziyə gediş-gəlişin baha başa gəlməsidir. İmişlinin mərkəzində yaşayan Məzahirin torpağı rayonun Cəfərli kəndində yerləşir. Yaşadığı yerdən gedib çatmaq üçün yeganə nəqliyyat vasitəsi minik maşınlarıdır. Şəxsi minik vasitəsi olmayan Məzahirin tək seçimi taksi sifariş etmək olur.
JAMNews-un tərəfdaşı Meydan TV-nin materialı
“Əvvəla, mənim maddi vəsaitim yoxdur. İkincisi, torpaq uzaqdı, 10 km məsafə var. Ora mən necə gedim, şəxsi maşınım yoxdur. Ora da gərək həftədə 2-3 dəfə gedəsən, gedə bilmirəm axı. Hər gedəndə də 5 manat pul lazımdır. Gərək bir başı 5 manat taksiyə verəsən, məndə də o qədər pul yoxdur axı gedib-gəlim ora”.
Məzahir Hacıəliyev pay torpağını göstərmək üçün taksi çağırır, Cəfərli kəndindəki sahəyə gedib-gəlməyə sürücü ilə 10 manata razılaşırlar.
Yolboyu dolanışığın çətinliyini dilə gətirir, iş tapmağın mümkünsüzlüyündən gileylənir. Dövlət Məşğulluq Agentliyinə dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilmədiyini deyən Məzahir indi çıxılmaz vəziyyətdə, 50 yaşında fəhlə işləməyə məcbur qalıb. Ayda bir neçə dəfə səyyar işə gedir, gah beton tökür, gah da məzar qazmaqla güzəranını düzəltməyə çalışır. Vay o gündən ki, həmin ay iş tapılmaya.
İşaxtaran, amma işsiz olmayanlar
“Məşğulluq haqqında” qanuna görə, mülkiyyətində pay torpağı olanlar, ailə kəndli təsərrüfatının üzvləri işsiz hesab olunmur. Buna baxmayaraq, onların peşə hazırlığına, ictimai işlərə və özünüməşğulluğa cəlb olunmaq hüquqları var. Qanun onları işsiz kimi qeydiyyata almasa da, işaxtaran kimi siyahıya ala bilər. Elə Məzahir Haciəliyev də bundan yararlanmaq qərarına gəlib. Bir neçə dəfə iş tapmaq, özünüməşğulluqdan yararlanmaq üçün Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialına müraciət edib.
“Mən 2018-ci ildən məşğulluqda (Dövlət Məşğulluq Agentliyi) qeydiyyata düşdüm. Vermədilər. Gedirdim, deyirdilər səhər gəl, gəlirdim, deyirdilər, 10 gündən sonra gəl, 10 gün sonra gəlirdim, deyirdilər, 1 ay sonra gəl. Axır bir sənəd verdilər ki, get, bu sənədləri topla gəl. Mən də həmin sənədləri topladım, sonra mənim telefonuma mesaj gəldi ki, sizin adınıza pay torpağı var. Ona görə siz bu şeydən məhrumsuz. Sonra pandemiya dövründə işsizlərə dövlətimiz yardım kimi pul verdi. Mən də mesaj atdım, cavab gəldi ki, sizin adınıza pay torpağı var. Evdə 3 nəfər idik. Heç birimiz yararlanmadıq ondan. Dedilər, adınıza pay torpağı var. Ona görə imtina gəldi”.
Məzahir Hacıəliyev Dövlət Məşğulluq Agentliyinin regional filialına 2018, 2020 və 2022-ci illərdə müraciət edib. Deyir, hər müraciətində süründürməçiliyə məruz qalıb. Sonuncuda ona sənədlərinin qaydasında olmadığı bildirib.
Dövlət Məşğulluq Agentliyi Meydan TV-nin suallarına cavab olaraq bildirib ki, Məzahir Hacıəliyevin 2022-ci ildə özünüməşğulluğa müraciəti özünün ucbatından qeydə alınmayıb. Qurum onun məşğulluq imkanlarının qiymətləndirilməsini gözləmədən getdiyini açıqlayıb. Öncəki illərdəki müraciətlər barədə məlumat verilməyib.
“Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər (işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla), eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Proqram çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilərək dövlət vəsaiti hesabına birbaşa mal və materiallar formasında aktivlər verilir”.
“Ondan sonra bizim pis vəziyyətimiz başladı”
10 km məsafədən bir az çox gedəndən sonra taksi bizi Cəfərli kəndinin hüdudlarına gətirib endirdi. Məzahir ona verilən torpağı göstərib məhsuldarlığı haqqında ağızdolusu danışarkən sahədən yararlana bilməməyin üzüntüsünü də ifadə edir.
“Bizim kolxozun bura gözü olub. Gözəl torpaqdı, sadəcə maddi cəhətdən imkan yoxdur ki, gəlib gedəsən, burada nə istəsən əkəsən. Burda nə istəsən əkə bilərsən. Bir şərait imkan vermir ki, əkib-becərəsən”.
Məzahir Hacıəliyevin iki qızı var. Həyat yoldaşı ailə büdcəsinə dəstək olmaq üçün mövsüm zamanı pambığa, alaq təmizləməyə gedir. Oğlunu 2008-ci ildə itirəndən sonra sarsıntı keçirib yataq xəstəsi olduğunu deyir:
“Ondan sonra bizim pis vəziyyətimiz başladı. Ondan sonra özüm 3 il xəstə yatmışam. Ona görə bütün işlərim alt-üst qaldı. Heç bir işin dalına düşə bilmədim”.
Zamanında oğlunun ölüm haqqında şəhadətnaməsini almadığı üçün Məzahir indiyə kimi subsidiyadan da məhrum qaldığını deyir. Ona torpağın çıxarışının yenilənməli olduğu bildirilsə də, maddi çətinliklər ucbatından sənədlərini tamamlaya bilmir.
“Bu ilə qədər mən (subsidiya) alırdım, bu il vermədilər. ASAN Xidmətə getdim, mənə dedilər ki, dövlət aktını çıxarışla əvəz etməlisən. Bunun üçün də bütün sənədlər lazımdı. Sənədlərdə oğlumun adı var, amma rəhmətə gedib. Ölüm kağızı almadığıma görə bu iş qaldı. İndi deyirlər, get məhkəmədən al. Məhkəmə də deyir, 100 manat rüsum ödəməlisən. Məndə də o 100 manat yoxdur ki, gedim ödəyim, o kağızı alım. Ona görə də bu il subsidiya ala bilmədim”.
Məzahir kişinin pay torpağından istifadə edə bilməməsinin səbəbləri təkcə sənəd işləri, qanunların onun leyhinə və ya əleyhinə olmasından asılı deyil. Deyir, bölgədə əkinə yararlı torpaqlara su təminatı ilə bağlı ciddi problemlər də var…
Real işsizlik səviyyəsi necə gizlədilir?
İqtisadçı Fərid Mehralızadə pay torpaqlarından real istifadə ilə bağlı hökumətin monitorinq aparmadığını, buna görə də rəsmi işsizlik səviyyəsinin reallığı əks etdirmədiyini bildirir. Onun sözlərinə görə, pay torpağı olanların rəsmi olaraq məşğul sayılması həqiqi işsizliyin önünə pərdə çəkir.
“Nəzərə almaq lazımdır ki, sonuncu rəqəmlərə görə Azərbaycanda təxminən 1 milyon 750 min adam kənd təsərrüfatında məşğul hesab olunur. Ölkədə 5 milyon 200 min iqtisadi fəal əhali var. Bunun təxminən 30 faizdən bir qədər artıq hissəsi kənd təsərrüfatındadır. Amma biz bu insanların nə qədərinin real olaraq işləyib-işləmədiyini bilmirik. Düşünürəm ki, bu yanaşma Azərbaycanda işsizliyin real səviyyəsinin az göstərilməsinə əsas səbəblərdən biridir. Çünki uzun illərdir rəsmi rəqəmlərə görə, Azərbaycanda işsizlik 6 faiz ətrafındadır. Amma müstəqil ekspertlər də, sadə vətəndaşlar da bu rəqəmlərin reallığına inanmırlar, şübhə ilə yanaşırlar. Rəsmi rəqəmlərin bu qədər az olmasının səbəblərindən biri ölkədə pay torpağı olanların məşğul hesab edilməsidir. Bu baxımdan mən düşünürəm, hökumət mütləq şəkildə bir araşdırma aparmalıdır ki, doğrudan da həmin o torpaqlar istifadə edilir, ya yox”.
Fərid Mehralızadə onu da əlavə edir ki, Azərbaycanın bəzi rayonlarında – xüsusilə də dağlıq rayonlarda, əkinə yararlı torpaq sahələrinin həcmi o qədər də çox deyil. Belə olan halda adambaşına düşən torpaq sahələrinin həcmi çox kiçik olur. Kəndli o torpağı əkib-becərsə belə, həmin o kiçik ərazidən minimum əmək haqqı səviyyəsində belə aylıq gəlir əldə etməyə bilər:
“Digər tərəfdən, işsiz kimi qeydiyyata düşə bilməmək onlara müəyyən üstünlüklərdən, hansısa sosial siyasət mexanizmlərindən yararlanmaqla bağlı da çətinliklər törədir. Bu məsələ müəyyən qədər – tam olmasa da, ünvanlı sosial yardım alınmasında da problemdir. Düzdür, orada mülkiyyətində pay torpağı olanlar müəyyən şərtlər daxilində ünvanlı sosial yardım ala bilər, amma bunun üçün onlar daha çox bürokratik işlər görməlidir, müəyyən sənədlər hazırlamalıdır. Yəni bu yanaşma ünvanlı sosial yardım alınması prosesini bir qədər çətinləşməsinə gətirib çıxarır”.
Deputatlar məsələdən xəbərdardır
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bu mövzuda həm ona, həm də digər deputat həmkarlarına vətəndaşlardan müraciətlər gəldiyini deyir. Pay torpağı olanların sosial müavinət alması ilə bağlı parlamentdə müzakirələrin getdiyini, yaxın gələcəkdə məsələnin müsbət həllinə yönələn addımlar atılacağının gözlənildiyini bildirir.
“Ümumiyyətlə sosial müdafiə, ünvanlı sosial yardımla əlaqəli müəyyən məsələlər var ki, müzakirə obyektidir. O cümlədən, pay torpağıdır, sonra birinin bir köhnə “Jiquli” maşını var, ona da sahibkar olaraq sosial yardım vermirlər. Biri var pay torpağı 2 sotdur, biri də var 1 hektar. 1 hektar pay torpağı olan əlbəttə, əkməlidir, becərməlidir, istifadə etməlidir onu. Bir də var sənin pay torpağın 3 sot, 5 sotdur, onunla heç nə edə bilmirsən. Bunu ayırmaq lazımdır. Amma ayrı insan var ki, pay torpağının səviyyəsi aşağıdır, miqdarı kiçikdir. Əlbəttə, o işsiz sayıla bilər. Amma eləsi var, onun torpağı böyükdür, əlbəttə, o, əkib-becərməlidir”.
İqtisadçı Fərid Mehralızadə Azərbaycanda işsizliyin real səviyyəsinin gizlədilməsinə kömək edən digər faktorları da sadalayır. Pay torpaqları olanlarla yanaşı, adına aktiv VÖEN hesabı olanların, evdar kişi və qadınların da məşğul hesab olunduğunu, bu yolla real işsizlik səviyyəsinin gizlədildiyini ifadə edir.
“Bunlardan ən vaciblərindən biri kiçik sahibkarlardır. Hansı ki, VÖEN-lə çalışırlar. Onların sayı son rəqəmlərə görə təxminən 1.1 milyon nəfərdir. Amma bizim qanunvericilikdə belə nəzərdə tutulur ki, sizin adınıza əgər aktiv VÖEN varsa, həmin o VÖEN-ə vəsait daxil olub-olmamasından asılı olmayaraq, siz məşğulsunuz, işsiz deyilsiniz. Digər bir məqam da ölkədə evdar qadınlar və evdar kişilərlə bağlıdır. Hansı ki, onların sayı da 750 min nəfərə yaxındır. Düşünürəm, bununla bağlı da hökumətin tədqiqatlar aparmasına ehtiyac var ki, nə qədər insan işsizlikdən evdar olmağı seçib. Hazırda ölkədə real işsizlik səviyyəsinin nə qədər olduğunu demək çətindir. Amma ən azı biz onu deyə bilərik ki, 1.9 milyon torpağı olan insan, 1.1 milyon VÖEN-i olan insan və təxminən 700 min insan da evdar qadın və kişi – yəni toplam 3.7 milyon insanı hökumət işsiz hesab etmir. Amma 3.7 milyonun əhəmiyyətli bir hissəsinin əslində işsiz olması ilə bağlı şübhələr var. Təbii ki, hökumət bu 3.7 milyon əhalinin real durumunu araşdırıb açıqlasa, ölkədə işsizlik səviyyəsinin də artması ehtimalı yüksəkdir”.
3 təkərli arzu…
Noyabrın 4-də Milli Məclisin Əmək və Sosial siyasət və İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə pay torpağı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq. Yerli mətbuatın yaydığı məlumatda məsələnin detalları açıqlanmayıb. Dəyişiklikdə hansı məsələlərin əhatə olunması ilə bağlı parlamentin internet səhifəsində məlumat yerləşdirilməyib. Meydan TV-nin sözügedən komitələrin üzvləri ilə məsələni dəqiqləşləşdirmək cəhdləri cavabsız qalıb.
Məzahir Hacıəliyev indiki halda torpaq sahəsini əkib-becərmək üçün ona nəqliyyat vasitəsinin kömək edəcəyini deyir. Dövlət Məşğulluq Agentliyinin Özünüməşğulluq Proqramı çərçivəsində işsiz vətəndaşlara təklif edilən xidmətlərdən xəbər tutub, deyir, dövlətdən əkin sahəsinə gedib-gələ bilmək üçün heç olmasa üçtəkərli motosikletlə təmin olunmasını arzulayır.
“Mediaşəbəkə”nin dəstəyilə