Azərbaycanda “etibarsız” saytlara giriş çətinləşib
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın əksər internet provayderləri hakimiyyətə qarşı tez-tez tənqidi materiallar dərc edən saytlara girişi bloklayıb. Bunlar müxalif “Azadlıq” qəzetinin (azadliq.info), “Meydan” internet kanalının (meydan.tv) və “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin (azadliq.org) saytlarıdır.
Saytların bloklanması martın 27-i günün ikinci yarısından başlayıb. Gecə yarısına yaxın bloklama aradan qaldırılıb, səhər tezdən isə saytlar yenidən bloklanıb.
Nəqliyyat, Rabitə və Telekommunikasiya Nazirliyinin mətbuat xidməti problemi ətraflı şərh etməkdən imtina edib. “Hər hansı saytın bloklanması ilə bağlı bizdə məlumat yoxdur. Xəbər yayılır ki, hansısa saytlara giriş bloklanıb, səhifələrə girmək mümkün deyil. Yarım saat sonra xəbər çıxır ki, problem həll olunub. Onu nəzərdə tuturuq ki, saytların bloklanması haqda məlumat təsdiqini tapmır”, – nazirliyin mətbuat xidməti nümayəndəsi Azadlıq Radiosuna bildirib.
Media üzrə ekspert Ələsgər Məmmədli saytlara girişlə bağlı yaranmış problemin ayrı-ayrı provayderlərin texniki problemi ilə bağlılığını istisna edib. “Bu halda digər saytlar da açılmazdı”. Məmmədli həmçinin bu saytlara DDOS hücumlar ehtimalına da inanmır, çünki hər üç sayt ölkə kənarında rahatlıqla açılır.
Bu, Azərbaycanda “arzuolunmaz” saytların bloklanması ilə bağlı ilk hal deyil. Ötən ilin sonunda da analoji problemlər müşahidə olunmuşdu.
Contact.az internet nəşri saytların bloklanmasının mümkün səbəbləri sırasında öz versiyasını irəli sürüb: “Son vaxtlar bu saytlarda Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması tənqid olunurdu”, – contact.az yazır.
Bununla belə Azərbaycandakı bəzi internet provayderlər hələ də bloklamaya qoşulmayıb, buna görə də problemin səbəbi ilə bağlı hələlik dəqiq cavab yoxdur.