Azərbaycanda dövlət büdcəsindən teatrlar üçün ayrılan maliyyənin azaldılması nəzərdə tutulub
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Milli Məclisində 2018-ci il dövlət büdcəsinin ilkin müzakirəsi keçirilib. Parlamentin Mədəniyyət Komissiyasının sədri Rafael Hüseynov öz çıxışında teatr və kinematoqrafa ayrılan maliyyənin azaldılmasını tənqid edib.
“Azərbaycanda hərbi-sənaye kompleksi, sənayesi uğurla inkişaf edir. Amma Azərbaycan kənd təsərrüfatı ölkəsi deyil. Azərbaycan geniş hərbi-sənaye ölkəsi də deyil. Azərbaycan mədəniyyəti ilə dünyaya səs salan bir ölkədir, Azərbaycanı dünyaya onun mədəniyyəti tanıdıb. Ona görə mədəniyyət sahəsinə daha çox diqqət göstərilməlidir. Büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir. Cüzi artımlar deyil, böyük artımlar nəzərdə tutulmalıdır”, – Rafael Hüseynov bildirib.
Hüseynov xatırladıb ki, növbəti il Azərbaycan kinematoqrafiyası 120 illiyini qeyd edəcək. Büdcə layihəsində isə kinematoqrafiyaya da layiqli diqqət yetirilməyib. “Bu cür gəlirlə biz byük inkişafa nail ola bilməyəcəyik”.
“Teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var. Bu məsələ teatr sahəsinə pis təsir edəcək. Bunun heç olmasa yenidən qismən artırılması vacibdir”, – modern.az saytı Rafael Hüseynova istinadən yazır.
İqtisadçı Natiq Cəfərli deputatın bəyanatını şərh edərkən bildirib ki, Hüseynov sadəcə faizləri səhv salıb. Söhbət üçdə bir qədər azalmadan gedir, 300 faiz azalmadan yox.
Sosial şəbəkələrdə “ümumiyyətlə, teatrlar dövlət büdcəsindən maliyyələşdirilməlidirmi?” sualı ətrafında müzakirə başlanıb. Bu mədəniyyət ocaqlarını özünümaliyyələşdirməyə keçirmək ən doğrusu olmazdımı?
“Bu gün teatrlar öz xərclərini qarşılamağa və aktyorlara əməkhaqqı verməyə qadir deyil. Birinci növbədə ona görə ki, onların repertuar seçimində azadlığı yoxdur. Tamaşaçını cəlb etmək üçün kəskin sosial tələbata uyğun mövzulu pyeslər səhnələşdirilməlidir. Amma teatrlarımızın repertuarları bu gün çox darıxdırıcıdır və tamaşaçı üçün cəlbedici deyil”, – teatrsevər Sevil Həsənova bildirir.
“Mənə görə bu gün Azərbaycanda böyük dramatik sənət olaraq teatr mövcud deyil. Olan hər şey karikaturadır, incəsənət və ənənələrin təhqir olunmasıdır. Bu sahə ilə məşğul olanlar ya özünü aldatmaqla, ya da parazitliklə məşğuldur. Onların hamısını qovmaq, dağıtmaq lazımdır. 10 ildir ki, bunu deyirəm, heç olmasa bu formada yaxşı məsləhəti dinləyiblər”, – sənətşünas və aktyor Ülvi Mehdi hesab edir.