Bakı Şəhərinin Səbayıl məhkəməsi az24saat.org saytının qapadılması barədə qərar çıxarıb. Sayt prezidentin köməkçisi Əli Həsənova şər atmaqda günahlandırılır. Bu, son iki ayda üçüncü analoji haldır.
Məhkəməyə şikayəti Həsənovun özü deyil, Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyi edib. Saytın rəhbəri Vüqar Qurdqanlının sözlərinə görə, o və vəkilləri məhkəmədən nazirliyin müraciətini dəqiq araşdırmaq üçün imkan istəsələr də, rədd cavabı alıblar.
Nazirliyin əməkdaşları məhkəmədə bildiriblər ki, sayt Ə.Həsənov barədə şər və böhtan xarakterli, məqsədli yazılar dərc edir. Söhbət əsasən “Mətbuat Şurası Əli Həsənovun ad gününə qurultay hədiyyə etdi”, “İlham Əliyevi yanlış məlumatlandıran şəxs Əli Həsənovdur?”, “APA-nı kim və nə üçün bağladı” başlıqlı yazılardan gedir. Əvvəl nazirlik saytdan bu məqalələrin yığışdırılmasını tələb edib. Ancaq tələb rədd edildikdən sonra “İnformasiya, məlumatlandırma və informasiyanın qorunması” haqqında qanuna istinad edərək məhkəməyə müraciət edib.
az24saat.org saytından sonra eyniməzmunlu məhkəmə işi xural.com və arqument.az-ı da gözləyir.
İyun ayında eyni aqibəti daha iki sayt yaşayıb. bastainfo.com və criminalaz.com saytları Gəncənin icra başçısına sui-qəsd və bundan sonra baş verən ictimai qarşıdurmanı düzgün işıqlandırmamaqda günahlandırılıblar.
“Dövlət hər şey edir ki, Azərbaycanda jurnalistika ilə məşğul olmaq mümkünsüz olsun” – deyə jurnalist Xədicə İsmayılova insidenti Facebook səhifəsində şərh edərkən yazıb.