Avropa Parlamenti Azərbaycan hakimiyyətindən Mehman Hüseynov və digər siyasi məhbusların dərhal azad olunmasını tələb edir
17.01
Avropa Parlamenti Azərbaycan hakimiyyətinə qarşı Mehman Hüseynovun üzərindən ittihamları götürərək onun dərhal azad edilməsi tələbinin əks olunduğu qətnamə qəbul edib. Bundan başqa Azərbaycanda fərqli düşüncənin boğulmasına son qoyulması, bütün siyasi məhbusların dərhal azad edilməsi, jurnalistlərə qarşı təqibin dayandırılması da səslənən tələblər sırasındadır.
Həmçinin Avropa Parlamenti “israrla Aİ-nin vəzifəli şəxslərini Azərbaycanda insan haqlarının durumu ilə bağlı öz narahatlıqlarını bildirməyə çağırır”.
Həmin gün səhər saatlarında Mehman Hüseynovun qardaşı Emin Hüseynov Avropa Parlamentinin üzvlərinə açıq məktub göndərib. Məktubda o, Avropa komissarı Sesiliya Malmstryomun Mehmanın aclığı dayandırdığı ilə bağlı sözlərindən sarsıldığını bildirib və onları Mehmanın və digər siyasi məhbusların xilasına səs verməyə çağırıb.
16.01
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu yoldaşlarının israrına və müxalifətin yanvarın 19-a təyin olunmuş mitinqində iştirak etmək üçün hazırlaşmalı olduğuna əsaslanaraq aclıq aksiyasını dayandırıb.
15.01
- Müsavat Partiyasının qərargahında siyasi məhkumlara dəstək məqsədilə aclıq edən yeddi müxalifətçidən ikisi aksiyanı dayandırıb. Qalan beş nəfərdən ikisi isə quru aclığa keçib.
- Bu gün səhər jurnalist Xədicə İsmayılova da aclıq elan edib.
- Artıq 12 gündür ki, aclıq edən Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu vətəndaşlara video-müraciət edərək, onları yanvarın 19-da müxalifətin mitinqində iştirak etməyə çağırıb.
14.01
Həbsdə olan bloger Mehman Hüseynovla həmrəyliyini nümayiş etdirən beş siyasi məhbus koloniyada aclıq aksiyasına başlayıb. Onlar onun yeni, həbsini daha bir neçə il müddətinə uzada biləcək, keşikçini döymək ittihamına qarşı etirazına qoşulub. Yanvarın 13-də sosial şəbəkələrdə yayılan yazılı müraciətlərində onlar bütün siyasi məhbusları bu aksiyaya qoşulmağa çağırırlar.
Aclığın səbəb və məqsədləri barədə daha ətraflı
Dekabrın 26-da Mehman Hüseynov aclıq aksiyasına başlamaqla cəmiyyətin müxalifyönlü hissəsində etiraz dalğasını qaldırıb. Yanvarın əvvəllərində müxalif partiyaların fəalları aclığa başlayıb. İndi onların sayı yeddi olub, hamısı Müsavat partiyasının qərargahında aclıq edirlər.
• Mehman Hüseynov niyə aclıq aksiyasına başlayıb
• Azərbaycanlı vicdan məhbuslarının anaları oğullarının həbsxanaya düşmə səbəblərindən danışırlar
13 saylı koloniyada aclığa başlayan beş fəaldan ikisi vicdan məhbusu kimi tanınıb. Onlardan biri də “heykəl məhbusu” kimi tanınan Bayram Məmmədovdur. O, Qiyas İbrahimovla birlikdə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəlində kinayəli yazı yazandan sonra narkotik alveri ittihamı ilə 10 il həbs cəzası alıb.
Məhbusların müraciətində deyilir ki, “qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından narkotik, tank və s. tapacaqlar və ya kimisə “döyəcəyik”. Onlar həm də Azərbaycanda baş verənlərə göz yuman “qərb təşkilatlarını” pisləyirlər.
Penitensiar Xidmət isə heç bir aclıq aksiyasının olmadığını bildirir.
İndi Mehmanın ətrafında nələr baş verir
Mehmanın özünə gəlincə, bir neçə gün əvvəl mədəsindəki ağrılar səbəbindən o, süd və duru süd məmulatları qəbul etməyə başlayıb. Cəmiyyətdə aclığın hələ davam etdirildiyini hesab etmək olarmı mövzusunda müzakirələr gedir.
Yanvarın 10-da mətbuatda Mehmanın özünün əlindən yazılan bəyanatın fotosu yayıldı. Məktubda deyilirdi ki, o, öz ətrafında ajiotaj yaratmaq istəmirdi və qardaşı – siyasi mühacir Emin Hüseynova görə məsuliyyət daşımır.
Bu “sakitləşdirici” bəyan Mehmanın yanvarın 6-da vəkili Şəhla Hümbətova vasitəsilə yaydığı sözləri ilə kəskin ziddiyyət təşkil edir:
“Аclığı dayandırmayacam. Cəzamın müddəti 2 martda bitir. 2 martda mən buraxılmasam, artıq başqa cür hərəkət edəcəm. Ona görə yox ki, yeni həbsdən qorxuram, daha beş altı il həbsdə qalmaq istəmirəm, zəifəm. Əksinə, indi özümü mübarizə üçün çox güclü hiss edirəm. bu günə kimi yüzlərlə siyasi məhbus saxta ittihamlarla azadlığını qurban verib amma bu qurban heç nəyi dəyişməyib, vəziyyət oluduğu kimi qalır və daha pis olur. deməli biraz da irəli gedib, başqa, daha dəyərli qurban verilməlidir ki, bəlkə nəsə dəyişə”.
Emin Hüseynov jurnalist və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktorudur, İsveçrədə yaşayır. Hazırda qardaşı ilə telefonla danışır, Mehman Hüseynovla ictimaiyyət arasında vasitəçi rolunu oynayır. O bildirir ki, Mehman güclü təzyiq altındadır: “Mehman vurğulayıb ki, adından yayılanlar barədə xəbəri yoxdur”.
Mehmanın vəkili Şəhla Hümbətova da Mehmanın bəyanatı barədə xəbər tutanda təəccüblənmişdi.
Yanvarın 11-də Mehmana istintaq təcridxanasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini, Fransa, Niderland, Böyük Britaniya, Çexiya və Almaniya səfirliklərinin əməkdaşları baş çəkiblər. Bu səfərdən sonra onlar ancaq onu bildiriblər ki, “Avropa İttifaqının nümayəndə heyəti vəziyyəti çox diqqətlə izləyir”.
Bloqerin qardaşı hesab edir ki, süd və qatıq içmək də aclıqdır: “Mehman martın 2-də cəza müddəti başa çatan zaman azad olunacağına qədər uzunmüddətli aclıq etməyi planlaşdırır”.