Azərbaycanda çörək yenə 30 faiz bahalaşa bilər
Azərbaycanda un və çörəyin son bahalaşmasından üç ay sonra yenə bu məhsulların qiymətinin artacağı haqda danışmağa başlayıblar. Ölkədə çörək yenə 30 faiz bahalaşa bilər.
Əgər ilin əvvəlində səbəb ölkədə əməkhaqqı və pensiyaların arması idisə, indi geosiyasi amillər qiymətə təsir edə bilər. Azərbaycan buğda ehtiyatının 80 faizini Rusiyadan idxal edir
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Azərbaycan iqtisadiyyatından da yan ötməyib. Rusiyada strateji məhsulların ixracına qoyulan qadağa un və çörəyin qiymətinin növbəti dəfə bahalaşmasına gətirib çıxara bilər.
Souncu dəfə Azərbaycanda un və çörəyin qiyməti 2022-ci ilin lap əvvəlində yüksəlib. Bu, ölkədə demək olar ki, bütün məhsulların bahalaşması və əməkhaqqıların, pensiyaların kəskin artması ilə izah olunmuşdu.
- Ömürlük damğa. Azərbaycanda keçmiş məhkumlar problemlər məngənəsində
- Ukraynadakı müharibə və Ermənistandakı gərginlik fonunda Paşinyan-Putin danışıqları
- “Dağlıq Qarabağın Rusiyaya birləşməsi Qarabağ ermənilərinin iradəsindən asılı deyil” – Bakıdan şərh
Azərbaycanın buğda ehtiyatının 80 faizini Rusiyadan idxal etdiyi bir şəraitdə qiymət artımı qaçılmazdır – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri, iqtisadçı Natiq Cəfərli deyir.
Şərh
“Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 dollar dəyərində 182 864,17 ton buğda idxal edilib. Ötən ilin 1-ci rübü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb.
Bir daha: Ölkəyə idxal edilən taxılın həcmi azalıb, dəyəri isə artıb.
Hər il məmləkətə un və çörək istehsalı üçün xaricdən 1 mln. 150 min ton taxıl alınmasına ehtiyac var. Dünyada taxılın qiyməti son aylarda 30% artıb, Rusiya öz taxılını ixrac etməyə məhdudiyyətlər qoyub.
Azərbaycan isə buğda təlabatının 80%-nə yaxınını Rusiyadan tədarük edirdi. İndi Qazaxstan və Hindistanla danışıqlar gedir, çox güman razılaşmalar olacaq, ölkədə taxıl qıtlığı gözlənilmir, amma qiymət kəskin artacaq – yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35% civarında arta bilər”, – Natiq Cəfərli yazıb.
Onun fikrincə, bu vəziyyətdən üç çıxış yolu var:
“Biri orta-uzun vadəli, digər ikisi isə qısa, qısa-orta zamanda həll olunmalı məsələlərdir.
Orta-uzun zamanda, təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq, bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25%-i keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır, yerdə qalan təlabatın 75%-i xaricdən alınan buğda ilə ödənilir.
İnsan övladı 11 min ildir ki, qədim Mesopatamiyadan başlayaraq buğda əkib-becərməyə başladı, primitiv də olsa seleksiya işləri apardı, suvarmanı təkmilləşdirdi – amma Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir, çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var.
Qısa zamanlı çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyinin, düşünülmüş dotasiya siyasətinin aparılmasıdır. Bu sahə vergilərdən azad edilib, bu yaxşıdır, amma un-çörək istehsalçılarına dotasiyalar ayrılmalıdır.
Qısa-orta zamanlı həll yolu daha fəlsəfi və qəlizdir, amma çox vacibdir.
Qiymət artımının özü problem deyil, problem ölkə vətəndaşlarının gəlirlərinin az olmasıdır. Gəlirlər qiymətlərdən daha sürətlə artmalıdır ki, inflyasiya sosial problemə, kasıblığa səbəb olmasın.
Bunun üçün isə hökumətin biznesə, özəl təşəbbüslərə münasibəti kökündən dəyişməlidir.
Prezidentin özü çıxışlarında tez-tez “natəmiz iş adamları, işbazlar, möhtəkirlər”, kimi sözlər işlədirsə, deməli, ölkədə iş adamlarına, özəl təşəbbüslərə şübhəli və ögey münasibət var. Nə qədər ki, ölkədə özəl sektorda çalışanlara, kiçik-orta sahibkarlara hörmət məmurlardan daha yüksək olmasa, gəlirlərdə artım olmayacaq.
Gəlirlər artmasa qiymət artımına reaksiya daha kəskin olacaq, sosial gərginlik üçün zəmin artacaq”,- iqtisadçı bildirib.