Azərbaycanda bələdiyyə seçkiləri keçirilir
Azərbaycanda bələdiyyə seçkiləri
Bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir. Səsvermə saat 08:00-dan başlayıb.
Seçkilərdə 16 mindən çox namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 700-ə yaxın bələdiyyəyə 8 mindən çox üzv seçiləcək.
Bələdiyyə seçkisində səsvermə 118 seçki dairəsi üzrə 6000-ə yaxın seçki məntəqəsində keçirilir.
Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 6 milyona yaxındır.
Seçkiləri izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 mindən artıqdır. Beynəlxalq müşahidəçilər isə yoxdur.
Azərbaycan prezidenti İlham Əliyev Bakının 7 saylı Səbail seçki dairəsində səs verib.
Səsvermə saat 19:00-da başa çatacaq.
Əslində bələdiyyə seçkiləri ötən il dekabrın 23-nə qədər keçirilməli idi. Amma heç bir səbəb açıqlanmadan seçki tarixi son müddətdən bir ay sonraya – 2025-ci il yanvarın 29-na təyin edildi.
Seçki yenə sönük keçir
2019-cu il dekabrın 23-də keçirilən son bələdiyyə seçkilərindən fərqli olaraq hazırkı seçkilər olduqca sönük keçir. Ötən seçkilərdə yaşanan ajiotaj bu dəfə gözə dəymir, sosial şəbəkə istifadəçiləri qeyd edirlər.
Bundan əvvəlki bələdiyyə seçkilərində ümumilikdə 40 min nəfərdən çox namizəd arasından bütün ölkə üzrə 1606 bələdiyyəyə 15156 nəfər üzv seçilmişdi.
Həmin vaxt seçkilərdə çox sayda müstəqil namizədlər – keçmiş siyasi məhbuslar, müxalifətçilər, ictimai fəallar və feministlər iştirak edirdi. Son nəticədə onlardan cəmi bir nəfəri qalib gəlsə də, 2019-cu ildə keçirilən bu seçkilər Azərbaycanda bələdiyyə seçkiləri tarixinin yeganə qızğın keçən seçkiləri oldu. Ekspertlər belə hesab edirlər.
Onların fikrincə, bələdiyyə seçkilərinin Azərbaycanda əksər hallarda sönük keçməsinin başlıca səbəbi bələdiyyələrin bir institut kimi heç bir ciddi səlahiyyətə malik olmaması ilə bağlıdır. Yerli özünüidarə qurumları ölkədə daha çox icra hakimiyyətlərinin bir qolu kimi assosiasiya olunur.
İlk dəfə Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib, o vaxtdan bəri bu seçkilər beş ildən bir baş tutur.
Ekspert şərhi
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Müstəqil Ekspertlər Qrupunun üzvü Samir Əliyev hesab edir ki, insanlar kimi və nə üçün seçdiklərini bilmədiklərinə görə bələdiyyə seçkilərinə maraq yox dərəcəsindədir.
“Əhali 6-cı dəfə etimad etdiyi, güvəndiyi şəxsləri bələdiyyə üzvlüyünə seçəcək. Bilirəm ki, bu cümlə sizə qəribə gələcək. Əslində normal və məntiqli cümlədir, ancaq Azərbaycan üçün yox.
Çünki əvvəla, insanlar kimi seçəcəklərini bilmirlər, tanımırlar, xəbərləri yoxdur. İkincisi, nə üçün seçəcəklərinin də fərqində deyillər. Günahı bələdiyyə qurumlarında olmasa belə, cəmiyyətdə geniş yayılmış “bu qurum nəyə lazımdır?” fikri əhalinin yerli özünüidarə qurumuna münasibətinin təzahürüdür.
Azərbaycanın da qoşulduğu “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının preambulasında qeyd edilir ki, yerli özünüidarə orqanları demokratik quruluş əsaslarından birini təşkil edir, real hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının mövcudluğu səmərəli və eyni zamanda vətəndaşa yaxın idarəetməni təmin edir.
Təəssüf ki, ölkəmizdə bələdiyyələrin fəaliyyət göstərdikləri 25 il ərzində qarşıya qoyduqları məqsədə çatmayıblar. Çünki onların nə səlahiyyəti olub, nə də maliyyə imkanları. Heç statusu da bilinmir.
25 il ərzində bələdiyyə qurumlarının cüzi olan səlahiyyətləri daha da azaldılıb, cüzi maliyyə imkanları daha da məhdudlaşdırılıb.
Mərkəzi hakimiyyət isə bələdiyyəyə səlahiyyət vermək əvəzinə çıxış yolunu onların birləşdirilməsində görüb və gözlənildiyi kimi həyata keçirilmiş 2 birləşmə qərarı heç bir effekt verməyib və 3-cü birləşmədən də ciddi nailiyyət gözləməyə dəyməz. Çünki birləşmə texniki prosesdir, arxasınca səlahiyyət tələb edir”, – deyə o qeyd edir.
Sonuncu dəfə 2024-cü ilin aprelində “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlara, həmçinin “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na dəyişiklik edilib. Bu dəyişikliklərə əsasən kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə ümumilikdə ölkə üzrə bələdiyyələrin sayı son seçkilərdən sonra 2 dəfədən çox azaldılıb.
Samir Əliyevin fikrincə, bələdiyyə qurumlarının etibarını bərpa etmək üçün onların səlahiyyətləri və maliyyə imkanları artırılmalıdır:
“Ətrafımıza baxsaq, bələdiyyələrin necə güclü olduqlarını görmək olar. Türkiyə, Gürcüstan, Ermənistan, hətta Rusiyada yerli özünüidarə qurumları zəruri səlahiyyətə və maliyyə imkanına malikdir.
Bu gün seçki hiss olunmayacaq, real iştirakçılıq da yox səviyyəsində olacaq. İnsanların bələdiyyə qurumlarına inamlarını bərpa etmək üçün onların səlahiyyətləri artırılmalıdır. Bunun yolu isə əksmərkəzləşmə islahatlarının aparılmasından keçir”.