Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə 14-17 yaş arası 323 yeniyetmə müxtəlif cinayətlər törətdikləri üçün məhkum olunub. Bu, 2016-cı illə müqayisədə dörddə bir qədər çoxdur.
Ümumilikdə ötən il cinayət törətmiş 13733 şəxsdən 486 nəfəri yetkinlik yaşına çatmayanlar olub, amma onların hamısı məhkum edilməyib.
Çox vaxt yeniyetmələr xuliqanlıq, oğurluq və sağlamlığa zərər yetirməyə görə məhkum edilir. Amma soyğun və narkotik satışı hallarına da rast gəlinir.
Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı tətbiq edilən ən maksimal cəza 10 il müddətinə azadlıqdan məhrumetmədir.
Hazırda Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün yalnız bir cəza müəssisəsi var, o da qadın cəza müəssisəi ilə birləşdirilib. Bundan başqa iki sosial reabilitasiya mərkəzi də mövcuddur – Bakı və Gəncədə. Bu mərkəzlərdə 10 yaşdan 18 yaşa qədər uşaqlar ilkin həbsə alternativ olaraq saxlanılır. Kriminal meyilli “çətin” yeniyetmələr də bura göndərilir.
Bu haqda danışarkən, hüquq müdafiəçisi Eldar Zeynalov Azərbaycanda yuvenal ədliyyə insitutunun olmaması ilə bağlı problemə diqqət çəkir. Yəni azyaşlı cinayətkarlarla işləyəcək psixoloqlar, yalnız bu cür işlərlə məşğul olan hakimlər, buna istiqamətlənmiş xüsusi qanunvericilik yoxdur.