Azərbaycanda 20 yaşlı qız Ermənistana casusluqda ittiham olunur
Qarabağda ekoloji fəal və erməni casusu
Azərbaycanda gənc qız dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur.
- Azərbaycan ordusunun zabiti Vaqif Xaçatryanın ailəsinə müraciət edib
- Avropa Məhkəməsi Azərbaycanda həbs olunan müxalifətçinin işinə təcili qaydada baxacaq
- “Niyə Fransa bizim regionda başqa cür deyil, məhz belə davranır?” Bakıdan baxış
“Azadlıq Radiosu”nun məlumatına görə, 20-yaşlı Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu ittihamla onu 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Hərçənd, Azərbaycan qanunvericiliyinə görə, qadınlara, 65 yaşı tamam olan kişilərə ömürlük həbs cəzası verilmir.
Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Telegram-da tanış olduğu adamı rus zənn etdiyini deyir
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Əliyeva da olub. Onun Telegram kanalı vasitəsilə tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir.
Lakin Fidan Əliyeva özünü təqsirli bilmir. Deyir ki, Ermənistana casusluq etməsi haqda ittiham həqiqətəuyğun deyil. Çünki Telegram-da tanış olduğu adamı rus zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub: “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”.
Foto-video məsələsinə gəlincə, Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi.
Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.
Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirib, Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb ediblər. Ermənistan tərəfi isə Azərbaycan hakimiyyətini bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda ittiham edirdi.
Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub, bunu Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edib. Ermənistan bu ittihamı qəbul etmir, sərhəd-buraxılış məntəqəsinin qurulmasını üçtərəfli bəyanata zidd sayır.