Azərbaycan əhalisinin az qala yarısı pensiya yaşına çatmır
Azərbaycanda orta ömür qısalıb
Statistik məlumata görə, Azərbaycan əhalisinin təxminən 40 faizi pensiya yaşına çatmadan vəfat edir. Kişilər arasında bu göstərici 47 faizə bərabərdir. Eyni zamanda pensiya qanununa əsasən yaşa görə pensiyanın ödənməsi 12 illik dövr üçün nəzərdə tutulub. Mütəxəssislərin fikrincə, əgər qanunlar real statistikaya uyğunlaşdırılsa, pensiyaların həcmi xeyli arta bilər.
- Azərbaycan hökuməti Yadigar Sadıqlıya kompensasiya ödəməli olacaq
- Brüsseldə dördüncü Əliyev-Paşinyan-Mişel görüşü. Aİ nə təklif edir?
- “İctimai rəyi Azərbaycanın AAİİ-ə daxil olmasına hazırlayırlar” – ekspert rəyləri
Orta ömür üç il qısalıb
Son iki ildə Azərbaycanda orta ömür üç il qısalıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci ilin sonunda ölkədə orta ömür uzunluğu 73,6 yaşa bərabər idi. Halbuki hələ 2019-cu ildə rəsmi statistikaya əsasən, hər bir Azərbaycan sakini orta hesabla 76,4 il yaşayırdı.
Bu göstəricini cinslər üzrə nəzərdən keçirsək, Azərbaycanda qadınlar orta hesabla 76 il, kişilər isə 71 il yaşayır. Beləliklə, qadınlar kişilərdən 5 il artıq yaşayır.
Ekspertlərin fikrincə, son iki ildə xəstəliklərlə, xüsusilə də infeksion xəstəliklərlə əlaqədar orta ömür qısalıb.
Əhalinin az qala yarısı pensiya yaşına çatmır
Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda 76,878 nəfər vəfat edib. Onlardan 30,544 nəfəri (40 faizi) 65 yaşına qədər insanlardır.
Vəfat edən kişilər arasında hər 100 nəfərdən 47-nin yaşı 65-dən az olub. Başqa sözlə, Azərbaycanda demək olar ki, hər iki kişidən biripensiya yaşına çatmır. Qadınlar arasında isə pensiya yaşını görməyənlər 32 faizi təşkil edir.
Bütün dünyada orta ömür uzunluğu 75 yaş hesab edilir. Azərbaycan bu göstəricidən 1,4 il geri qalır.
Bəs pensiyalar necə?
Azərbaycanda əmək pensiyaları iki hissədən ibarətdir: baza və sığorta. Pensiyanın baza hissəsi ölkə prezidentinin fərmanı ilə müəyyən edilir. Sığorta hissəsi isə xətəndaşın iş fəailləti dövründəşəxsi hesabına toplanan məbləğin 144-ə (12×12) bölünməsi ilə əldə edilir. Başqa sözlə, dövlət ehtimal edir ki, əmək pensiyaçıları pensiyaya çıxandan sonra 12 il yaşayırlar.
Prezident İlham Əliyevin pensiyaların minimal həcminin artırılması haqda son fərmanına əsasən, əmək pensiyalarının baza hissəsi 240 manat təşkil edir.
Pensiyanın sığorta hissəsinin hesablanmasına nümunə üçün pensiyaya çıxana qədər 40 il işləmiş və orta əməkhaqqı almış ortastatistik azərbaycanlını götürək. 40 il ərzində (480 ay) o, maaşından pensiya fonduna 48 min manat ödəmiş ola bilər.
Bu məbləği 144 aya bölsək, aya 333 manat düşər. Beləliklə, şərti pensiyaçı 573 manat (240+333) həcmində aylıq pensiya ala bilər.
Artıq yazmışdıq ki, Azərbaycanda orta ömür uzunluğu 73,6 yaşşdır. Ölkədə kişilər pensiyaya 65 yaşında çıxır. Qadınların da pensiya yaşı 2026-cı ilin iyulunda 65 yaşa çatdırılacaq. Belə çıxır ki, Azərbaycanda ortastatistik vətəndaş dövlətin nəzərdə tutduğu kimi 12 il yox, cəmi 8,6 il pensiya alır.
Pensiyanın həmin sığorta hissəsini 8,6 ilə bölsək, pensiyanın həcmi 132 manat artardı.
Ekspert rəyi
Yuxarıda sadalananları nəzərə alaraq Azərbaycan sakinləri pensiyanın sığorta hissəsini öz iradələri ilə idarə edə bilərlərmi? Bu sualla iqtisadi ekspert Roğrul Maşallıya müraciət etdik.
Onun sözlərinə görə, bəzi qərb ölkələrindən fərqli olaraq Azərbaycanda pensiyasının sığorta hissəsini idarə edə bilmir.
“Bəzi ölkələrdə uzun ömür yaşamaq ümidini itirən insanlar götürəpensiyalarının sığorta hissəsini pensiya fondundan götürə və istədikləri kimi xərcləyə bilərlər. Azərbaycanda belə şey mümkün deyil.
Əgər vətəndaş pensiya yaşına qədər həyatda qala bilmirsə, pensiya qanunvericiliyinə edilmiş son dəyişikliyə görə, onun sığorta məbləği mirasçıları arasında bərabər bölünür. Amma onlar bu məbləği dərhal almırlar. Bu məbləğ mirasçıların pensiya fondundakı hesablarına yönləndirilir.
Tutaq ki, ata pensiya yaşına çatmadan vəfat edib, həyat yoldaşı və üç övladı qalıb. Bu halda onun pensiyasının sığorta hissəsi dörd hissəyə bölünür və hər bir hissə mirasçıların pensiyasının sığorta hissəsinə əlavə olunur. Onlar bu məbləği pensiyalarının artımı kimi ala bilərlər.
Əgər vəfat edən şəxs tənhadırsa, mirasçıları yoxdursa, onun pensiyasının sığorta hissəsi pensiya fondunun büdcəsinə daxil olur”, – Maşallı qeyd edib.