Azərbaycan XİN fransalı deputatların Qarabağa səfər planına kəskin reaksiya verib
Ölkə ərazisinə, o cümlədən də Dağlıq Qarabağa səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır – Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. Buna qədər Fransadan olan bir qrup deputatın Dağlıq Qarabağa nəzərdə tutulan səfəri haqda məlum olub.
- “Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır” – İlham Əliyev
- Azərbaycan ordusu Laçına daxil olub: Qarabağda kim hansı mövqelərdədir? – icmal
Kütləvi informasiya vasitələrində Fransa parlamentinin bir qrup deputatının Ermənistan və Dağlıq Qarabağda yaranmış humanitar vəziyyətlə tanış olmaq üçün bu ərazilərə planlaşdırılan səfəri haqda məlumat yayılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suveren ərazilərinə səfərlərlə bağlı rəsmi mövqeyi qəti və dəyişməzdir.
“Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır”, – o qeyd edib.