Azərbaycan Qarabağa raket zərbəsi endirib
Mayın 15-də axşam Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin cənub-şərq hissəsində, Qarabağ münaqişəsi zonasında ciddi insident baş verib. Azərbaycan ordusu idarə olunan raket zərbəsiylə Ermənistan tərəfinə məxsus “OSA” zenit-raket kompleksini partladıb.
“Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə sıradan çıxarılıb, şəxsi heyət məhv edilib”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Ermənistan tərəfi raket zərbəsi faktını təsdiqləsə də, insan tələfatı haqqında məlumatı təkzib edib.
“Bu gün təxminən 16:30 radələrində (Moskva vaxtı ilə 15:30-da) Azərbaycanın silahlı qüvvələri Dağlıq Qarabağla təmas xəttinin şərq istiqamətində təxribata cəhd edərək, Dağlıq Qarabağ Müdafiə Ordusunun raketlərlə idarə olunan hərbi obyektini atəşə tutublar.
Nəticədə bir ədəd hərbi texnika qismən zədələnib. Hərbçilər arasında tələfat yoxdur”, – Dağlıq Qarabağın Müdafiə Nazirliyinin rəsmi saytında deyilir.
Bu video Azərbaycanın Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Amma Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Facebook səhifəsində şərh verib ki, bu videonun ancaq bir hissəsi realdır.
“Ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir”, – Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Dağlıq Qarabağın müdafiə nazirliyi insidentə görə məsuliyyəti Azərbaycan tərəfinin boynuna qoyub. “Azərbaycan SQ-nin təxribatı cavabsız qalmayacaq, nəticələrə görə bütün məsuliyyət isə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – DQ-nın müdafiə qurumunun bəyanatında deyilir.
Ermənistan mediası mayın 16-sı səhərdən bildirib ki, mayın 15-də və 16-na keçən gecə təmas xəttində atəşkəs rejimi Azərbaycan tərəfindən müxtəlif çaplı atıcı silahlarla təxminən 55 dəfə pozulub, Ermənistanın döyüş mövqelərinə isə 1,200-dən çox atəş açılıb.
Həm də bildirilir ki, atıcı silahdan başqa, Azərbaycanın Silahlı Qüvvələri müxtəlif istiqamətlər üzrə 60 mm. minatan (3 mərmi) və tank əleyhinə qumbaraatan (9 mərmi) istifadə edib, şərq istiqamətində isə “SPAYK” tipli idarə olunan raketdən atəş açılıb.
“Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (12 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub”, – Azərbaycan MN-in məlumatında deyilir.