Tanınmamış “DQR”in keçmiş “dövlət naziri” Ruben Vardanyan haqqında ilkin istintaq müddətində 4 ay həbs-qətimkan tədbiri seçilib. Bu qərarı Azərbaycan məhkəməsi çıxarıb.
Vardanyan ötən gün Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədini keçməyə cəhd edərkən Laçın buraxılış-keçid məntəqəsində saxlanılıb.
Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də Azərbaycan-Ermənistan sərhədini keçmək istəyərdən Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Elə həmin gün o, Bakıya gətirilib.
“1968-ci il təvəllüdlü Ermənistan vətəndaşı Ruben Vardanyan saxlanılıb və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Onun Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Vardanyana qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilib ki, o, xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib.
Bundan başqa, o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.
Məhkəmənin qərarı ilə Ruben Vardanyan 4 ay ilkin istintaq müddətinə həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.