Azərbaycan hökumətindən ev alan jurnalistlərin siyahısı açıqlanıb
İyulun 20-də Milli Mətbuat Gününə iki gün qalmış Azərbaycan prezidenti İlham Əliyev ikinci “jurnalistlər evi”nin açılışında iştirak edib. Hökumətin hədiyyə verdiyi havayı mənzillərin xoşbəxt sahiblərindən ibarət 133 nəfərlik siyahı açıqlanıb.
“İndi biz ikinci binanın açılışda iştirak edəcəyik. Birinci bina 156 mənzil, ikinci isə 255 mənzildən ibarətdir. Eyni zamanda biz bu gün üçüncü binanın bünövrəsini qoyacağıq. Üçüncü binanın da 255 mənzillik olması nəzərdə tutulub”, – prezident İlham Əliyev açılış mərasimində bildirib.
133 mənzil sahibinin adları açıqlanıb. Onlar arasında kifayət qədər tanınmış, hörmətli jurnalistlərlə yanaşı, adları nəinki oxuculara, heç öz həmkarlarına da tanış olmayan jurnalistlər də var. Bir neçə vəfat etmiş jurnalistin də ailəsi mənzil verilənlər sırasındadır. Mənzil alanların siyahısını buradan oxumaq olar (Azərbaycan dilində).
Hökumətin jurnalistlərə mənzil paylaması sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub. Bəziləri bunu jurnalistlərin üstüörtülü satın alınması adlandırıb, digərləri isə hesab edib ki, jurnalistlər məişət şəraitlərinin yaxşıllaşdırılmasına layiqdirlər və hələ ki, verirlər, götürmək lazımdır.
Müəlliflərin adını çəkmədən Facebook istifadəçilərinin statuslarından bəzi sitatları təqdim edirik.
“Ev alan həmkarlarımı təbrik edirəm! Evlərinizdə ancaq xoş xəbər eşidəsiniz! Xeyirli, uğurlu olsun! Çox istərdim ki, yaxın gələcəkdə Azərbaycanda işləyən hər bir jurnalist öz maaşı ilə özünə ev ala bilsin, kiməsə möhtac qalmasın. Utopiyadır, bilirəm. Çox güman ki, belə olmayacaq, amma yenə də, ümidliyəm, başqa nə qalır ki…”
“Kirayələrdən canı qurtaranları bağrıma basıram. 17 il kirayədə yaşayan biri kimi onların nə hiss keçirdiklərini gözəl anlayıram. Kiminsə evi yoxdusa ondan mənə nə?” deyib 2-ci, 3-cü ev kimi alanların da əlini sıxıram. İncimirəm, iynələmirəm – Qələbə müzakirə olunmur çünki. Sadəcə onların sevinci birincilərin sevincinə bənzəmir, buna əminəm…”
“ Hörmətli Mark Elliot Zuckerberg!
Sizdən xahiş edirəm Azərbaycanda facebookda fəal olanlar üçün bir bina tikdirin. Sizin sayt bizə görə tanınır axı… əziyyət çəkirik, status yazırıq, like yığırıq, like edirik”
“Mənə birinci jurnalistlər evində mənzil verilib. Buna qədər 21 il kirayədə yaşamışam. Bu, hədiyyə deyildi, əziyyətlərimin mükafatı idi. Bu gün də bir çox dəyərli həmkarlarıma mənzil verilib. Mən müxtəlif hökumətlərdən aldıqları yaxşı pullar hesabına yaşayıb “öz hakimiyyətindən pul alanları” qınayan şəxsləri anlamıram. Mən hakimiyyətdən mənzil alandan sonra həqiqətən müstəqil olmuşam. BOMJ olmaqdan canım qurtarıb. Bu birincisi. İkincisi isə veruirlər, götür. Xülasə: 21 il kirayə pulu ödəmişəm, indi isə bu pulu uşaqların təhsilinə xərcləyirəm, uşaqlar isə mənim həyatım, ümidim və gələcəyimdir”.
“Kimisini evinə gedəndə tuturlar, kimisini evinə buraxmırlar, kimisinə də ev verirlər. Bu siyahıda jurnalist tanıyıram ki, mən onun iki evi olduğunu dəqiq bilirəm, bu da üçüncüsüdür. O qədər jurnalist tanıyıram ki, mənimlə ünsiyyətdə tənqiddə yalan oluram onun yanında, amma bu gün şeir, nəğmə qoşub dostlarını təbrik edir və növbələrini gözləyirlər. ”
“Mənzil paylamaqdansa, həbsdə olan jurnalistləri azad etmək lazımdır”
(Bu gün Azərbaycanda ən azı səkkiz jurnalist və bloger həbsdədir – red.)
“Dostlar, bizi də təbrik edin, ailəlikcə!!! 20 ildən çoxdur mətbuatdayıq, nəhayət belə status yazmaq da qismət oldu! Əməyimizi qiymətləndirdiyi, mənzil-məişət şəraiti ağır olan bir jurnalist ailəsini sevindirdiyi üçün dövlətimizə və cənab Prezidentimizə minnətdarlığımızı bildiririk!
Mənzil verilməsi şərtləri və ekspertlərin rəyləri ilə daha ətraflı JAMnews-un məqaləsində tanış olmaq mümkündür:
https://jam-news.net/?p=39239&lang=az-AZ