Azərbaycan Gürcüstanla sərhədin mübahisəli hissəsində qədim monastırın yanında yeni sərhəd zastavası açıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycan Gürcüstanla sərhəddə yeni “Keşikçi qala” sərhəd zastavasını istifadəyə verib. Yeni zastava Azərbaycan və Gürcüstan arasında sərhəd mübahisəsinə səbəb olan David Qareci/Keşikçidağ kompleksini əhatə edir.
Kavkazskiy uzel xəbər verir ki, Azərbaycanın Sərhəd Xidmətindən bildirildiyinə görə, zastava “müasir tələblərə cavab verən bütün lazımı avadanlıqlarla təchiz olunub”.
Zastavanın açılış mərasimində Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Ağstafa rayonunun İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev iştirak ediblər. Məmurların sözlərinə görə, yeni zastava sərhədi qorumaqla yanaşı “Azərbaycan xalqının tarixi-mədəni irsini mühafizə etməlidir”.
Sərhəd ətrafında mübahisə 2019-cu ilin yazında, Azərbaycan sərhədçiləri kompleksin Azərbaycan tərəfində qalan hissəsinə keçidi bağlayandan sonra aktivləşib. Gürcüstanlı fəallar bir sıra etiraz aksiyaları keçirib, bəzi aksiyalar zamanı gürcü fəallarla azərbaycanlı sərhədçilər arasında insidentlər də baş verib.
Tbilisi və Bakı arasında indiyə qədər sərhədin mübahisəli hissələrinin demarkasiyası haqda danışıqlar gedir.