Azərbaycanda burgerlər, pizza və şampunlar boykot edilir: hər şey nədən başlayıb?
Artıq bir həftəyə yaxındır ki, Azərbaycanda xarici restoran şəbəkələri və istehsalçılardan birinin gigiyenik məhsulları boykot edilir. Bu müəssisələrin sosial şəbəkələrdə ölkənin ərazi bütövlüyünü şübhə altına alması insanları qəzəbləndirib.
• Qarabağ münaqişəsinə kənar nəzər. Geri çəkilmədən güzəşt: Ermənistan güzəşt şansını ötürüb
• Müharibə, şoraba və fətir: evlərini tərk edən qarabağlıların həyatı haqda
Oktyabrın əvvəlində dünyaca məşhur restoranlar şəbəkəsi McDonalds sosial şəbəkələrdəki səhifələrində Azərbaycan xəritəsinin fotosunu “Qarabağ Azərbaycandır!” yazısı ilə paylaşıb. Daha sonra məlum olub ki, ABŞ-da qeydiyyatdan keçən ermənilərin diaspora təşkilatları şirkətin baş ofisinə bu paylaşımla bağlı şikayət ediblər. Az sonra restoranlar şəbəkəsinin Azərbaycan səhifələrindən bu paylaşımlar silinib.
Bundan dərhal sonra sosial şəbəkələrin Azərbaycan seqmentində McDonalds-ı boykot etmək çağırışları paylaşılıb və bu çağırış böyük sürətlə yayılıb. Hətta şirkətin restoranları qarşısında durub potensial müştərilərə niyə bu iaşə müəssisəsində nahar etmək lazım olmadığını izah edən könüllülər də tapılıb.
McDonalds-ın Azərbaycan filialının rəhbərliyi sosial şəbəkələrdəki səhifələrinin fəaliyyətini dondurub, amma onu da bildirib ki, hazırda onların 20 nəfərdən çox əməkdaşı Azərbaycan ordusu sıralarındadır. Hərbi xidmətdə olan əməkdaşlarına əməkhaqlarını əvvəlki həcmdə ödəməyə davam etmək, o cümlədən də müharibədə həlak olan əməkdaşların ailələrinə Azərbaycanda fəaliyyət göstərəcəkləri bütün müddət ərzində yardım etməklə bağlı da şirkət öz üzərinə öhdəlik götürüb.
Hərçənd bu bəyanatın çox da təsiri olmayıb və boykot hələ də davam edir.
Burger King və Papa John’s restoranlar şəbəkələrinin Azərbaycan filiallarının sosial şəbəkələrdəki paylaşımları da, bir qədər kiçik də olsa, qalmaqala səbəb olub. Bu restoranlar da öz “döyüş ruhlu” paylaşımlarını sosial şəbəkələrdən siliblər, amma bundan sonra heç bir bəyanat səslənməyib.
Gigiyenik vasitələr istehsal edən Jonhson&Johnson şirkəti sosial şəbəkələrdəki səhifələrində Dağlıq Qarabağın Artsax adlandırıldığı post paylaşıb. Ölkənin ərazi bütövlüyünə bu cür hörmətsizlik Azərbaycanda iri mağazalar şəbəkələrinin bu şirkətin məhsullarını satmaqdan imtina etməsi ilə nəticələnib. Düzdür, səhəri gün Jonhson&Johnson paylaşımı silib.
“İlk növbədə şirkətin baş ofisi ilə Azərbaycan filialı arasında françayzinq müqaviləsində piar və reklam yerləşdirilməsi ilə bağlı hansı maddələrin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır. Əgər baş verənləri aydınlaşdırsaq, filial heç bir qanunu pozmayıb. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir və postda da söhbət bundan gedir. Bu işi rahatlıqla məhkəmədə də udmaq olardı, amma fililal bununla uzun müddət məşğul olmaq istəməyib və postu silib.
Boykota gəlincə, düşünürəm ki, vətəndaşlar şirkətin baş ofisinə müraciət etməlidirlər, 1700 nəfərə yaxın Azərbaycan vətəndaşının işlədiyi restoranın xidmətlərindən imtina etməməlidirlər”, – tanınmış jurnalist Rəhman Hacı hesab edir.
Populyar azərbaycanlı bloqer Fərid Pərdəşünas jurnalisttin fikri ilə razı deyil.
“Bu və ya digər xidməti boykot etmək istehlakçının ən təbii haqqıdır. Bu, baş ofisə şikayət etməyin yollarını axtarmayacaq adi vətəndaş üçün ən əlçatan etiraz vasitəsidir. Buna görə də hesab edirəm ki, hər hansı şəbəkə şirkətinin Azərbaycan filialı ilk növbədə öz müştəriləri haqda düşünməlidir. MсDonalds-ın baş ofisinin də Ermənistanda indiyə qədər onların bircə dənə də restoranının olmamasına, Azərbaycanda isə çox sayda olmasına diqqət yetirməsi yaxşı olardı”, – bloqer qeyd edib.