"Azercell"in yeni tarif siyasəti və ictimai etirazlar: "Aldatma və gəlir strategiyası"
Azercellin yeni tarif siyasətinə etirazlar
2025-ci ilin iyun ayında “Azercell”in elan etdiyi yeni tarif siyasəti Azərbaycanda geniş ictimai narazılıq doğurub. İyulun 1-dən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, mobil nömrələrin aktiv qalma müddəti balans yükləmə məbləğinə görə kəskin şəkildə azaldılıb.
Əvvəllər 1 manat balans yükləndikdə nömrə 5 gün aktiv qalırdısa, indi bu müddət cəmi 1 gün olacaq. Sosial mediada “#BoycottAzercell” həştəqi ilə başlanan kampaniya istifadəçilərin bu dəyişikliyi spekulyativ və sosial ədalətsiz hesab etdiklərini göstərir.
Ekspert: “Əlavə xidmət və ya texnoloji üstünlük təqdim edilmir”

İKT üzrə ekspert Osman Gündüz bildirir ki, “Azercell” bu dəyişikliyin əsl mahiyyətini nəhayət açıq şəkildə etiraf edib. İstər tarifli, istərsə də tarifsiz abunəçi olsun, hər kəs üçün “1 manat – 1 gün” prinsipi tətbiq olunur.
Əgər istifadəçi balansına tarifin tam məbləğini deyil, daha az məbləğ yükləyibsə, həmin məbləğ yalnız müvafiq sayda gün ərzində danışıq hüququ verir. Tarifin tam məbləği yüklənmədiyi təqdirdə isə nömrə yalnız zəng qəbul etmə rejiminə keçir və 90 gün ərzində bir tərəfli fəaliyyət göstərir.
“Əvvəllər isə 1 manat yükləmə 5 gün aktivlik təmin edirdi, 5 manat isə 30 günlük tamfunksiyalı xidmət təqdim edirdi. Bu dəyişiklik, müştərini daha çox ödəməyə məcbur edir, amma bu artım qarşılığında istifadəçiyə əlavə xidmət və ya texnoloji üstünlük təqdim edilmir”.
O bildirir ki, yeni sistem ən çox aztəminatlı və sosial cəhətdən həssas qruplara zərbə vurur.
“Aşağı gəlirli istifadəçilər əvvəlki sistemdə daha uzun müddət danışıq imkanına malik idilər, indi isə eyni məbləğə cəmi bir gün aktivlik təqdim olunur. Bu, xüsusilə bölgələrdə yaşayan, internetə çıxışı məhdud olan, həmçinin müntəzəm iş və gəlirə malik olmayan istifadəçilər üçün böyük çətinlik yaradır”.
- Azərbaycanda universitetlər: “Avtonom deyillər, distant təhsilə qadağa var”
- Milli Məclis sosial media reklamını qanunla tənzimlədi – ekspert deyir ki, “bu, təşəbbüskarları ruhdan salacaq”
- 4 ayda azərbaycanlıların bank kartlarından 6 milyon oğurlanıb – ekspert deyir ki, qaydalar dəyişdirilməlidir
“Aylıq” adı ilə 28 günlük paketlər: “Aldatma və gəlir strategiyası“
“Azercell” internet tariflərində də oxşar yanaşmanı tətbiq edir. Gündüz bildirir ki, “aylıq” adı ilə təqdim olunan internet paketləri əslində 30 gün deyil, 28 gün üçün keçərlidir.
“Bu isə il ərzində istifadəçidən 13 dəfə ödəniş almaq anlamına gəlir. Beləliklə, şirkət milyonlarla abunəçidən əlavə gəlir əldə etmiş olur. Avropa ölkələrində bu sistem yalnız qısa müddətli turistlər üçün tətbiq olunsa da, “Azercell” bu modeli daimi istifadəçilərə tətbiq edir”.
Gündüz qeyd edir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi başda olmaqla əlaqədar qurumlar bu məsələni ciddi araşdırmalı və ictimai maraqları qoruyan addımlar atmalıdır. Şirkətin dövlətə məxsus olması bu məsuliyyəti daha da artırır. Rəqəmsal bərabərlik, şəffaflıq və sosial ədalət prinsipləri pozulur.
Regionun digər ölkələrində – Türkiyə, Gürcüstan və Qazaxıstanda – mobil operatorlar əsas diqqəti 5G texnologiyasına keçidə, süni intellekt əsaslı xidmətlərin inkişafına və rəqəmsal innovasiyalara yönəldiblər.
“Azərbaycanda isə “Azercell”in diqqəti istifadəçinin mövcud xidmətlərə daha çox pul ödəməsi üzərinə qurulub. Bu isə həm bazar rəqabətinə, həm də ölkənin texnoloji inkişafına ziddir”, – ekspert belə deyir.
Alternativ təkliflər və yekun çağırışlar
Ekspertlər və istifadəçilər tələb edirlər ki, “Azercell” istifadəçi yönümlü, şəffaf və etik tarif siyasəti hazırlasın. Onların fikrincə, dövlət orqanları bu prosesə nəzarət etməli, “aylıq” anlayışı qanunvericiliklə dəqiqləşdirilməli, vətəndaşın maraqlarına uyğun tənzimləmələr aparılmalıdır. Şirkətin özəlləşdirilməsi də alternativ həll yollarından biri kimi gündəmdədir.
Osman Gündüz deyir ki, “Azercell”in yeni tarif siyasəti yalnız bir kommersiya qərarı deyil, ictimai etimadın sınağına çevrilib.
“1 manat – 1 gün” prinsipi, qeyri-etik 28 günlük aylıq paketlər və innovasiyaların yoxluğu istifadəçi narazılığını artırır. Bu siyasət dəyişmədiyi təqdirdə, “Azercell”in uzunmüddətli reputasiyası və bazar payı risk altına düşə bilər. İstifadəçilər isə şirkətdən sosial məsuliyyət, şəffaflıq və ədalət gözləyir.