Azərbaycandakı erməni məhbuslar: intihara cəhd iddiaları və humanitar monitorinq böhranı
Azərbaycandakı erməni məhbuslar
Ermənistandan olan hüquqşünas Siranuş Saakyan açıqlama verərək bildirib ki, Azərbaycanda saxlanılan bir neçə erməni əsir intihara cəhd edib.
Onun sözlərinə görə, bu hallar əsirlərin yaxınları ilə telefon danışıqlarından sonra qeydə alınıb. Saakyan ad açıqlamasa da, cəhdlərin Bakıda mühakimə olunan keçmiş Qarabağ rəhbərlərinə aid olmadığını vurğulayıb.
Azərbaycan rəsmiləri indiyədək 23 erməni əsirin saxlandığını təsdiqləyib. Onların arasında 2020-ci il müharibəsi və 2023-cü ilin sentyabr əməliyyatlarından sonra həbs edilənlər, eləcə də tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş rəhbərləri var.
Əsirlərin saxlanma şəraiti barədə məlumatların əsas mənbəyi vəkillərin açıqlamaları və ailə zəngləridir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin missiyasının dayanması

Əsirlərin vəziyyətinə dair narahatlıqları artıran ən mühüm amil Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK/ICRC) Azərbaycandakı missiyasının dayanmasıdır.
Təşkilat sentyabrdan etibarən Bakıda ofisini bağlayacağını açıqlayıb. Komitənin nümayəndələrinin mütəmadi ziyarətləri dayandırıldıqdan sonra əsirlərin real vəziyyəti barədə müstəqil monitorinq kanalı qalmayıb.
Bu fakt Ermənistan rəsmilərini və beynəlxalq hüquq müdafiəçilərini daha da narahat edir, çünki əsirlərin taleyi barədə obyektiv qiymətləndirmə imkanları məhduddur.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı missiyasının dayandırılması hökumətin qərarı ilə bağlıdır. Rəsmi Bakı bu addımı ölkənin artıq humanitar məsələləri müstəqil həll edə biləcəyi ilə əsaslandırsa da, müşahidəçilər bunun arxasında həm siyasi narahatlıqların, həm də təşkilata qarşı irəli sürülən ittihamların dayandığını bildirirlər.
Mart ayında Azərbaycan hökuməti BQXK, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT-nin İnkişaf Proqramına (UNDP) ölkəni tərk etməli olduqları barədə siqnal vermişdi.
Sentyabrın 3-dən etibarən Bakıda Qızıl Xaçın ofisi rəsmi olaraq bağlandı. Beləcə əsirlərin vəziyyətinə dair müstəqil monitorinq imkanı xeyli məhdudlaşıb.
Bəzi mənbələr qərarın səbəbləri sırasında Komitənin Qarabağda razılaşdırılmamış fəaliyyəti, hətta “gizli məlumat toplamaq” və “qaçaqmalçılıq” kimi ittihamların da səsləndiyini yazır. Nəticədə, missiyanın dayandırılması regionda humanitar şəffaflıq üzərində əlavə qaranlıq yaratmaqla yanaşı, məhbusların taleyinə dair beynəlxalq narahatlıqları daha da gücləndirib.
Euljekjianın aclıq aksiyası
İddialarla yanaşı, 2020-ci ildə əsir düşdüyü deyilən Livan ermənisi Vigen (Vicken) Euljekjianın artıq iyirmidən gündən çoxdur aclıq aksiyası keçirdiyi haqda xəbərlər yayılıb. Onun ailəsi səhhətindən ciddi narahatlıq ifadə etsə də, Azərbaycan mediası bu məlumatı təkzib edib.
Qafqazinfo yazır ki, “20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın həbsxanada aclıq aksiyası keçirməsinə dair iddialar həqiqətə uyğun deyil”.
Bildirilir ki, o, gündəlik həbsxana rejiminə uyğun olaraq cəzasını çəkir.
Məsələnin hüquqi tərəfi də kifayət qədər mürəkkəbdir. Cenevrə Konvensiyalarına görə müharibə şəraitində əsirlərin statusu dəqiq müəyyən edilməlidir. Azərbaycan həmin şəxsləri hərbi əsir kimi tanımır, onları “cinayət törətmiş şəxslər” hesab edir.
Ermənistan isə bu yanaşmanı qəbul etmir və beynəlxalq hüququn tətbiqini tələb edir. Bu fərqlilik həm beynəlxalq məhkəmə mexanizmlərinin işini, həm də diplomatik müzakirələri çətinləşdirir.
Ermənistan vəkilləri bir sıra işləri artıq Avropa İnsan Haqları Məhkəməsinə daşıyıblar və oradan qərar gözləyirlər.
Nəticə
İntihara cəhd iddiaları fonunda məsələ sadəcə hüquqi deyil, həm də siyasi xarakter alıb. Əsirlər tez-tez Bakı-İrəvan sülh prosesində alver mövzusu kimi gündəmə gətirilir. İctimai rəydə emosional təəssürat doğuran bu xəbərlər isə sülh danışıqlarını daha da mürəkkəbləşdirə bilər.
Erməni tərəfi əsirlərin həyatının real təhlükə altında olduğunu bəyan edir. Azərbaycan isə iddiaları “əsassız” adlandırır və saxlanılan şəxslərə beynəlxalq öhdəliklər çərçivəsində rəftar edildiyini bildirir.
Hələlik Qərb dövlətləri və beynəlxalq təşkilatlardan sərt reaksiya gəlməsə də, BQXK-nın ofisinin bağlanması fonunda təzyiqlərin artacağı ehtimal olunur.
Ümumilikdə, əsirlərin intihara cəhd etməsi barədə iddialar regionda humanitar böhran riskini qabardır. Monitorinqin olmaması onların vəziyyətini beynəlxalq ictimaiyyət üçün qapalı “qara qutu”ya çevirir.
Bu isə yalnız Ermənistan və Azərbaycan arasında deyil, həm də beynəlxalq hüquq və humanitar sistem üçün ciddi sınaqdır.
Azərbaycandakı erməni məhbuslar