Azərbaycanda televiziyalar Emin Ağalarovun kazino biznesinə necə zəmin hazırlayır? - VİDEO
Prezident kürəkəninin kazino xəyalları
Ötən ilin oktyabrında İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov “Sea Breeze”də kazino açmaq xəyalı barədə danışmışdı. Bu ilin fevralında isə o, sosial şəbəkə hesablarında Sea Breeze-də tikiləcək kazino binasının layihəsini paylaşıb.
Bununla paralel Azərbaycanın yerli televiziya kanalları və onlayn mediaları kazino biznesinin əslində dövlət büdcəsinə faydalı olduğunu vurğulayan reportajlar yayımlanmağa başladı.
Bəs, bu reportajların Emin Ağalarovun kazino biznesi ilə birbaşa əlaqəsi nədir? Bu mövzunun “gündəmə gəlməsi” niyə məhz indi baş verdi? “JAMnews” və “Mikroskop Media” izah edir!
Azərbaycanda kazinoların fəaliyyəti 1998-ci il yanvarın 27-də, o zamankı prezident Heydər Əliyevin imzaladığı sərəncamla qadağan olunub. Həmin sərəncamda kazinoların, totalizatorların və pul uduşlu oyunların keçirildiyi yerlərin fəaliyyətinin dayandırılması bir neçə səbəblə əsaslandırılıb:
- İqtisadiyyata ziyan vurur,
- Qeyri-qanuni əldə edilən pullar leqallaşdırılır,
- Gənc nəslin tərbiyəsi pozulur.
Amma İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov hesab edir ki, hələ də qanunla qadağan olmasına baxmayaraq “Sea Breeze”də kazino açmaq olar. Çünki bundan əvvəl də Sea Breeze-dəki başqa bir layihə üçün qanun dəyişdirilərək biznesmenə şərait yaradılıb. Söhbət Ağalarovun Xəzər dənizində yaratdığı “Caspian Dream Liner” adlı süni yarımadadan gedir.
- Polşa Rusiyaya gedən təyyarə şinlərini ələ keçirdi: Alıcı Azərbaycan şirkəti olub
- “Zəngəzur” tankerinə tətbiq edilən sanksiyanın mənası nədir? – VİDEO
- Azərbaycanda siyasi səssizliyin arxasında qorxumu var, laqeydlikmi?
Parlament bununla bağlı qanun qəbul edib, İlham Əliyev də bunu təsdiqləyib. Həmin qanun imkan verir ki, keçmiş kürəkən kruiz gəmisi formasında tikəcəyi mənzilləri rəsmi qeydiyyatdan keçirə bilsin. Amma “Azadlıq Radiosu” ötən il aşkarlamışdı ki, hələ qanunun qəbul olunmasından 1 il əvvəl Ağalarov artıq layihənin icrasına başlayıb, süni ada salırdı.
Emin Ağalarovun kazino binasının layihəsi ilə bağlı paylaşdığı görüntülərdə İqtisadiyyat naziri Mikayıl Cabbarov da görünür. Bundan bir neçə həftə sonra yerli televiziya kanalları və onlayn medialar kazino biznesi barədə materiallar yayımlamağa başlayıb.
Əksərən oxşar mətn və eyni cümlələrdən ibarət bu materiallarda Kazino biznesinin dövlət büdcəsinə əlavə gəlir gətirmə potensialı vurğulanır. Mövzu, “Azərbaycan iqtisadiyyatı üçün unudulmuş gəlir mənbəyi – kazino biznesi…”, “Bakı niyə Qafqazın kiçik Las Veqası olmasın?” kimi başlıqlarla işıqlandırılır.
Bu reportajların demək olar hamısında o da qeyd olunur ki,
Azərbaycan vətəndaşları kazinoda əylənmək üçün başqa ölkələrə gedir, bu da maliyyə vəsaitinin xarici bazara axmasına səbəb olur.
Bəs, bu reportajların məhz indi hazırlanmasının səbəbi nədir?
Yerli televiziya kanalları prezident ailəsinə məxsus biznes barədə ilk dəfə deyil ki, zəmin hazırlayır. Bundan əvvəl də oxşar təşəbbüs Paşa Holdinqin yaratmağa hazırlaşdığı taksi biznesi üçün göstərilmişdi.
Mikroskop Media-nın ötən ilin iyununda dərc etdiyi araşdırma ortaya çıxarmışdı ki, Paşa Holdinq taksi biznesini yaratmağa hazırlaşdığını elan edəndən sonra yerli televiziyalar Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətlərini sərt tənqid etməyə başlayıb.
Həmin araşdırmada yer alan və müxtəlif yerli media qurumlarına göndərilmiş tezislərlə televiziyaların reportajları üst-üstə düşürdü. Bir müddət sonra həqiqətən də Paşa Holdinqə məxsus taksi xidməti fəaliyyətə başlamışdı.
Bu dəfə də Azərbaycan medialarında kazinoların fəaliyyəti və ölkə iqtisadiyyatına gətirə biləcəyi “xeyir”lər məhz Emin Ağalarovun bu biznes barədə danışmasından sonraya təsadüf edir. 2025-ci ilin aprelindən etibarən kazinolar həm saytların, həm də televiziya kanallarının müzakirə mövzusu olub.
Kazinoların fəaliyyətə başlaya bilməsi üçün isə əvvəldə yerli qanunvericilik dəyişməli, eləcə də Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə lazımi dəyişikliklər edilməlidir. Amma hələ ki, həmişə olduğu kimi bununla bağlı hər hansı ictimai müzakirə yoxdur.
Prezident kürəkəninin Kazikno xəyalları