Azərbaycanla Rusiya arasında son aylarda siyasi münasibətlər soyuqlaşmış kimi görünsə də, statistika göstərir ki, iki ölkə arasında ticarət dövriyyəsi artır – idxal sürətlə böyüyür, ixrac isə nisbətən zəif qalır və mənfi saldo müşahidə edilir.
Yekaterinburqda azərbaycanlıların saxlanılması və ölüm halları, 2024-cü ilin dekabrında Rusiya hərbi qüvvələrinin vurduğu AZAL təyyarəsi, habelə Rusiyanın Qarabağdan sülhməramlılarını vaxtından əvvəl geri çəkməsi iki ölkə arasında etimadı zəiflətmiş kimi göstərirdi. Bakı açıq şəkildə Moskvanı tənqid etməyə başlamışdı.
Statistikadan görünür ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib. Bunun 3,62 milyardı idxal, 1,18 milyardı ixrac olub. Mənfi saldo – yəni idxalın ixracı üstələməsi 2,44 milyard dollar səviyyəsindədir.
2025-ci ilin ilk altı ayı üzrə göstəricilər də bu artımı təsdiqləyir. Dövriyyə 2,52 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çoxdur. İdxal 1,93 milyard dollarla 19,9% artıb, ixrac isə 590,5 milyon dollar olub və artım 6,1% təşkil edib. Nəticədə mənfi saldo 27% böyüyüb.
Malların strukturu da aydındır: Rusiya Azərbaycana əsasən xam neft, yanacaq, qızıl, buğda, polad və digər sənaye xammalı göndərir. Azərbaycan isə Rusiyaya daha çox pomidor, xurma, fındıq kimi kənd təsərrüfatı məhsulları və polimerlər ixrac edir. Bu, Azərbaycanın idxalda enerji və sənaye mallarına bağlılığını, ixracda isə aqrar və kimya məhsullarından asılılığını göstərir.
Statistika göstərir ki, siyasi soyuqluq iqtisadi əlaqələrin genişlənməsinə mane olmur. Amma artımın əsasən idxal hesabına baş verməsi Azərbaycanın ticarət balansını daha da mənfi vəziyyətə gətirir. Analitiklərin qənaətinə görə, bu balanssızlıq Azərbaycanın idxalın diversifikasiyası və ixracın şaxələndirilməsi istiqamətində addımlar atmasını zəruri edir.