Azərbaycanda LGBTQ+ şəxslərin həbsxana və polis təcrübəsi
Azərbaycan hüququ və LGBT-lər
Azərbaycanda LGBTQ+ şəxslərin hüquqi statusu və sosial müdafiəsi məhduddur. Qanunvericilik eyni-cinsli münasibətləri kriminal saymasa da, onların hüquqları heç bir formada ayrıca qorunmur.
Bu vəziyyət özünü xüsusilə cəzaçəkmə müəssisələrində göstərir. Mövcud materiallar, beynəlxalq hesabatlar və şəxsi ifadələr göstərir ki, LGBTQ-lər üçün həbsxanada fiziki, psixoloji və institusional zorakılıq halları daha yüksəkdir.
Həbsxanalarda sosial təcridolunma və zorakılıq

Azərbaycanda LGBT məhbuslarla bağlı rəsmi statistika yoxdur, çünki hökumət bu məlumatları sistemli şəkildə toplamır və ya dərc etmir. Lakin hüquq müdafiə təşkilatlarının hesabatları bu boşluğu qismən doldurur.
Aparılmış müsahibələr və hüquq müdafiə təşkilatlarının hesabatlarına əsasən, trans qadınlar və gey məhbuslar həbsxanada ayrı kameralara yerləşdirilir və çox zaman digər məhbusların və penitensiar işçilərin zorakılığına məruz qalırlar. Cinsi və gender kimlikləri onların daha “aşağı kasta” sayılmasına, istismara və alçaldıcı münasibətə məruz qalmasına səbəb olur.
Bəzi hallarda həbsxana rəhbərliyi trans məhkumların kişi məhbuslarla münasibətə girməsini “cəza” kimi tətbiq edir, həmin şəxsləri digər dustaqlardan “qorumaq” məqsədilə təcrid edir, amma eyni zamanda bu şəxsləri gizli şəkildə istismar edir.
Müsahibələrdə trans qadınlar penitensiar işçilərin onları digər məhbuslara pulla “satdığını” iddia ediblər.
Bu iddialar birbaşa yoxlanıla bilməsə də, zorakılığın sistematik xarakter daşıdığını göstərən çoxsaylı paralel ifadələr mövcuddur.
“OC Media”da yayımlanan və LGBTQ+ məhbuslarla müsahibələrə əsaslanan məqalədə qeyd olunur ki, trans qadınlar kişi həbsxanalarına yerləşdirilir və burada sistemli zorakılıqla üzləşirlər.
Məsələn, trans qadın Zinat bildirir: “İlk dəfə həbsxanaya düşəndə mənimlə təhqiramiz şəkildə danışdılar və başımı qırxmaqla hədələdilər”.
Digər mənbədə trans qadın Nina deyir ki, “həbsxanada qadın olduğumu bəhanə edərək məni ümumi zonaya buraxmırdılar, lakin eyni zamanda məni digər məhbuslara satırdılar”.
Bu ifadələr Azərbaycan penitensiar sistemində seksual istismarın struktur halı aldığını göstərir.
Human Rights Watch (HRW) təşkilatının 2017-ci il üçün yaydığı “Vicious Crackdown” adlı hesabatında bildirir ki,
“Azərbaycan polisi gey və biseksual kişilərlə trans qadınları polis idarələrinə apararaq onlara elektrik şoku verib, zorakılıq tətbiq edib və “rüşvət müqabilində” digər şəxslərin adlarını tələb edib”.
Hesabatda həmin il 83 nəfərin saxlanıldığı, onların bir çoxunun polisə müqavimət və ya xuliqanlıq kimi əsassız ittihamlarla 5 gündən 30 günədək inzibati həbsə məhkum edildiyi göstərilir.
HRW yazır: “Rəsmi ittihamlar ictimai sağlamlıq və əxlaq adı altında əsaslandırılsa da, bu tədbirlər insan hüquqlarının kobud şəkildə pozulmasıdır”.
Hüquqi boşluqlar və hüquqi yardımın əlçatan olmaması
Azərbaycanda cinsi oriyentasiya və gender kimliyi əsaslı ayrıseçkilik qanunla tənzimlənmir. Mövcud hüquqi çərçivə yalnız kişi və qadın anlayışlarına əsaslanır, trans və qeyri-binar kimliklərə dair heç bir normativ müdafiə mexanizmi mövcud deyil.
- Əmək Məcəlləsi diskriminasiyanı cins, din və irqə görə qadağan etsə də, SOGI (cinsi oriyentasiya və gender kimliyi) ilə bağlı müddəa mövcud deyil.
- Cinayət Məcəlləsi nifrət zəminli cinayətləri yalnız etnik və dini zəmində nəzərdə tutur; SOGI əsaslı zorakılıq burada da nəzərə alınmır.
- Cəza İcra Məcəlləsində isə LGBTQ+ məhbuslara dair xüsusi müdafiə mexanizmi yoxdur, bu da onların kişi həbsxanalarında saxlanılması və zorakılığa məruz qalması riskini artırır.
2017-ci ilin sentyabrında baş verən kütləvi həbslər zamanı LGBTQ+ şəxslər əsasən “xırda xuliqanlıq” və “polis əmrinə tabe olmamaq” kimi inzibati maddələrlə saxlanılıb. Hüquqşünaslar həmin məhkəmə proseslərinin çox zaman 10-15 dəqiqə davam etdiyini, saxlanılanların vəkil hüququndan istifadə edə bilmədiklərini bildirirlər.
BMT və digər beynəlxalq qurumların reaksiyası
Birləşmiş Millətlər Təşkilatının 2017-ci il 13 oktyabr tarixli bəyanatında qeyd olunur ki, “Bakıda 2017-ci ilin sentyabr ayından etibarən gey və trans qadınlara qarşı həyata keçirilən polis reydləri nəticəsində
80-dən çox şəxs saxlanılıb, onlara işgəncə verilib, məcburi tibbi müayinələrə məruz qalıblar”.
Bəyanatda həmçinin vurğulanır: “Beynəlxalq insan hüquqları aydındır, heç kim öz seksual orientasiyası və ya gender kimliyinə görə həbs edilə bilməz”.
2017-ci ildə baş verən hadisələrlə bağlı BMT-nin müvafiq məruzəçiləri və Human Rights Watch təşkilatı Azərbaycan hökumətini beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.
BMT-nin ekspertləri vurğulayıblar ki, şəxsin real və ya ehtimal olunan cinsi oriyentasiyasına görə həbs olunması, işgəncəyə məruz qalması və məcburi tibbi testlərdən keçirilməsi, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Beynəlxalq və regional müqayisə
- Gürcüstan qanunvericiliyində cinsi oriyentasiya və gender kimliyi (SOGI) əsaslı diskriminasiya qadağandır. Lakin 2024-cü ildə qəbul olunan “Ailə Dəyərləri haqqında” qanun paketi trans və qeyri-binar şəxslərin hüquqlarını məhdudlaşdırır.
- Ermənistan 2003-cü ildə eynicinsli münasibətləri dekriminallaşdırsa da, SOGI əsaslı hüquqi qoruma hələ də yoxdur. Avropa Şurası onlara bu sahədə islahatlar tövsiyə edir.
- Şərqi Avropa regionunda vəziyyət qarışıqdır. Polşa və Macarıstanda geriləmə müşahidə olunur, lakin Estoniya kimi ölkələrdə LGBT hüquqları irəliləyir.
- Azərbaycan isə ILGA Europe Rainbow Index-də 49 ölkə arasında sonuncu yerdə qərarlaşıb.
Nəticə və ehtiyaclar
Araşdırmalar göstərir ki, Azərbaycanda LGBTQ+ şəxslər üçün həbsxana mühiti həm fiziki, həm də hüquqi baxımdan təhlükəlidir. Mövcud qanunvericilik LGBTQ+lərin xüsusi müdafiəsini təmin etmir, eyni zamanda cəzaçəkmə müəssisələrində nəzarət və şikayət mexanizmləri effektiv işləmir.
Problemin sistemli xarakter daşıyır və istisna hallardan ibarət olmadı aşkardır. Beynəlxalq insan hüquqları konvensiyalarına üzv olan Azərbaycan dövləti, LGBTQ+ məhkumların təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün qanunvericilik islahatları həyata keçirməli, penitensiar personalın təlim və nəzarət mexanizmlərini gücləndirməlidir.
Belə islahatlar olmadan, bu qrupun həbsxanada yaşadığı təcrübə nəinki ədalət prinsipinə ziddir, həm də daha geniş miqyasda insan hüquqlarının pozulması anlamına gəlir.
Azərbaycan hüququ və LGBT-lər