Azərbaycan hökuməti İslamofobiyaya qarşı konfrans keçirir, inanclı fəallar isə təqib altındadır
Azərbaycan və islamofobiya
Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycanın İslamofobiyaya qarşı beynəlxalq mübarizədə aktiv rol oynadığını nümayiş etdirməyə çalışılsa da, həm ölkədəki ümumi mənzərə, həm də dindar fəal Ələmdar Bünyadovun dedikləri göstərir ki, ölkə daxilində şiə icmasına qarşı sistemli təzyiqlər və repressiv münasibətlər hökm sürür.
Bu ilin mayında Bakıda keçirilən “İslamofobiya Fokusda: Qərəzləri Açmaq, Stiqmaları Qırmaq” adlı beynəlxalq konfrans Azərbaycanı İslamofobiyaya qarşı mübarizədə qlobal liderlərdən biri kimi təqdim edib. Geniş tərkibli beynəlxalq iştirakçılar, BMT, İƏT, UNESCO, IF20 və digər qurumların təmsilçiləri, tədbirdə Azərbaycanı dini dözümlülük nümunəsi kimi təqdim ediblər.
Lakin paralel reallıqda, Avropada sığınacaq alan azərbaycanlı şiə fəal hökumətin məhz öz vətəndaşlarına qarşı islamofobik və məzhəbçi siyasət yürütdüyünü deyir. Müsəlman Birliyi Hərəkatının Avropa üzrə nümayəndəsi, bloger Ələmdar Bünyadovun sözlərinə görə, Azərbaycanda din azadlığı və şiə icmasına münasibət paradoksaldır.
Hüquq müdafiə təşkilatlarının məlumatına görə, Azərbaycanda həbsdə olan siyasi məhbusların mühüm hissəsini dindar fəallar təşkil edir. Məsələn, 2018-ci ilə dair məlumatlara görə, 150 siyasi məhbusdan 100-ü dini motivlərlə həbs olunmuşdu. Daha sonrakı illərdə bu rəqəm artıb, yalnız Müsəlman Birliyi Hərəkatının 67 üzvü həbsdədir. Hazırki statistikaya görə isə əqidəsinə görə həbsdə olanların sayı 300-ə yaxındır.
Əksəriyyəti narkotik, qanunsuz dini təbliğat və ya ekstremist əsaslarla ittiham olunur. Lakin fəallar və hüquq müdafiəçiləri bu ittihamların siyasi motivli olduğunu, əslində isə şiə icmasına yönəlik basqı olduğunu deyirlər. 2015-ci ildə Nardaran hadisələri, 2018-ci ildə Gəncə şəhərində baş verən insidentlər dövlətin dindarlarla münasibətində dönüş nöqtələri olub və bu tarixlərdən sonra kütləvi həbslər daha da intensivləşib.
Sərdar Babayev, Taleh Bağırov və onlarla digər fəal yalnız dini çıxışlarına və şiə təfəkkürünə görə uzunmüddətli həbs cəzaları alıb. Talış bölgəsində, xüsusilə Masallıda, 2012-ci ildən bəri 9 şiə dindar bu səbəblə azadlıqdan məhrum edilib.
“Biz Allahşükür Paşazadə və onun ətrafındakı saray mollalarına qarşıyıq“

Ələmdar Bünyadov bildirir ki, Azərbaycanda İslamofobiya Qərbdən gələn təsir deyil, daxili siyasi təzahürdür. Onun sözlərinə görə, xristian və yəhudi dini icmalarına şərait yaradıldığı halda, şiə icması həm dini bayramların tanınmaması, həm də ideoloji təqiblərlə üzləşir:
“Ramazan və Qurban bayramlarını öz təqviminə görə qeyd edən şiə icmasına hökumət etinasız yanaşır. Biz Sistani, Xamenei kimi müctəhidlərə təqlid edirik, lakin bizə rəsmi müftiyə – Allahşükür Paşazadəyə tabe olmağı diktə edirlər”.
Ələmdar Bünyadov bu münasibəti “dini inanc azadlığına müdaxilə və sistematik islamofobiya” kimi qiymətləndirir. Onun dediyinə görə, hazırda Azərbaycanda 300-ə yaxın dindar fəal bu səbəbdən həbsdədir.
Bünyadovun tənqidlərinin hədəfində yalnız dini sistem deyil, onunla birləşən siyasi strukturlar da dayanır. O bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi şiə icmasının istəklərini deyil, siyasi hakimiyyətin iradəsini ifadə edir:
“Biz Allahşükür Paşazadə və onun ətrafındakı saray mollalarına qarşıyıq. Çünki onlar zalımı tərif edir, zülmə qarşı susur və bu itaəti bizdən də tələb edirlər. Halbuki bizim inandığımız şiəlik zülmə qarşı dayanmağı öyrədir”.
O deyir ki, şiə fəalların narazılığı təkcə dini müstəvidə deyil, həm də siyasi azadlıq və demokratik idarəetmə kontekstindədir. Bünyadovun fikrincə, şiə icmasının səssiz qalmaması “radikalizm” kimi deyil, haqsızlığa qarşı çıxmaq kimi dəyərləndirilməlidir.
“İslamın Azərbaycan cəmiyyətinə böyük təsiri yoxdur”. Bu nə deməkdir?
Azərbaycanda Aşura günü: son üç ildə ilk dəfə məhdudiyyətsiz – FOTOREPORTAJ
Azərbaycanlı məktəblilərə islam dərsləri lazımdırmı?
İran ittihamı və stiqmalaşdırma siyasəti
Ələmdar Bünyadov həmçinin Azərbaycanda şiə fəallarının tez-tez “İran agenti” kimi ittiham edilməsini də tənqid edir:
“Biz heç vaxt İranın təbliğatını aparmamışıq. Sadəcə olaraq, dini rəhbərlərimiz oradadır. Bizim təqlid etdiyimiz müctəhid Pakistanda da ola bilər. Bu, bizim inancımızdır və heç bir ölkəyə xidmət etmir”.
Onun sözlərinə görə, bu ittihamlar həm ictimaiyyət qarşısında şiə icmasını ləkələməyə, həm də onları susdurmağa yönəlib. Bu da islamofobiyanın başqa bir, siyasi və ideoloji, təzahür formasıdır.
Rəsmi konfransın qeyri-səmimi fonu
Ələmdar Bünyadov sual edir: “Əgər Azərbaycan hökumətinin öz siyasəti islamofobik xüsusiyyətlər daşıyırsa, onda bu tip beynəlxalq konfranslar nə dərəcədə səmimidir?”
Bu sual yalnız daxili siyasətlə deyil, həm də Azərbaycanın beynəlxalq imicinin “real və təbliğat” arasında necə fərqləndiyini göstərir.
Sonda
Ələmdar Bünyadovun çıxışları bir faktı xatırladır: Azərbaycanda dini azadlıq yalnız formal sənədlərdə deyil, real həyatda da təmin olunmalıdır. Əgər islamofobiyaya qarşı beynəlxalq mübarizədə liderlik iddiası varsa, bu zaman ölkə daxilində, xüsusilə də şiə icmasına qarşı təzyiqlərin dayandırılması və dini plüralizmin tanınması vacibdir.
Çünki islamofobiya yalnız Qərbdə deyil, dövlətin öz vətəndaşlarına qarşı həyata keçirdiyi ideoloji siyasətdə də özünü göstərə bilər. Azərbaycanda dini inanc fərqliliyi demokratik sistemin tərkib hissəsi kimi qəbul olunmadıqca, “islamofobiyaya qarşı mübarizə” yalnız bir vitrin olaraq qalacaq.
Azərbaycan və islamofobiya