Rusiya "AZAL təyyarəsi işi" üzrə istintaqa xitam verib: Bakının reaksiyası nədir?
“AZAL təyyarəsi işi” üzrə istintaq
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzası ilə bağlı cinayət işinə xitam verməsi xəbərini kəskin tənqid edib. Nazir bildirib ki, Rusiya İstintaq Komitəsinin bu qərarı Azərbaycanda “çox ciddi suallar doğurur”.
“Rusiya tərəfi bu barədə Bakıya məktub göndərərək istintaqın artıq dayandırıldığını elan edib ki, bu da Azərbaycan üçün gözlənilməz olub. Azərbaycan tərəfi həmin məktuba rəsmi qaydada etiraz məktubu ilə cavab verib və mövqeyini ətraflı izah edib”.
Nazir Bayramov, eyni zamanda, Moskvanın verdiyi əvvəlki vədləri xatırladıb. O vurğulayıb ki, Azərbaycan bu faciə ilə bağlı Rusiya tərəfinin öz öhdəliklərini yerinə yetirməsini gözləyir.
“Təyyarənin vurulduğunu Rusiya tərəfi etiraf edib və kompensasiyanın ödəniləcəyini açıqlayıb. Bizim gözləntimiz bu prosesin tam həyata keçirilməsidir”.
Nazir əlavə edib ki, dekabrın 25-də qəzanın ildönümündə həlak olanların xatirəsi anılıb və Azərbaycan bir daha başsağlığı verdiyini bəyan edib.
Hadisənin fonu: istintaqın dayandırılmasının siyasi səbəbləri
25 dekabr 2024-cü ildə AZAL aviaşirkətinin Embraer 190 sərnişin təyyarəsi Bakıdan Qroznıya uçuş zamanı Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədəki 67 nəfərdən 38-i həlak olub.
Sonrakı birgə təhqiqatlar göstərib ki, qəzanın səbəbi texniki nasazlıq deyil, məhz xarici müdaxilə, yəni təyyarənin raket atəşi ilə vurulması olub. Bu nəticə Qazaxıstan, Azərbaycan, Rusiya, Braziliya və ICAO mütəxəssislərinin birgə araşdırması ilə təsdiqlənib.

Qazaxıstan Nəqliyyat Nazirliyinin faciənin ildönümündə açıqladığı aralıq hesabat təyyarədə daxili partlayış baş vermədiyini, yəni terror və ya texniki partlayış versiyasını təkzib edib. Əvəzində, təyyarənin gövdəsində xarici mənşəli metal fraqmentləri – hərbi silah sisteminə aid partlayıcı qurğu qalıqları aşkarlanıb.
Hesabat həmin qurğunun modelini açıqlamasa da, Azərbaycan tərəfi xatırladır ki:
“Rusiya Prezidenti Vladimir Putin oktyabr ayında verdiyi siyasi bəyanatda təyyarəni vuran zenit-raket kompleksinin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə məxsus olduğunu etiraf edib”.
Başqa sözlə, istintaq faktiki olaraq təyyarənin Rusiya hərbi hava müdafiə sistemləri tərəfindən vurulduğunu ortaya qoyub.
Rəsmi Moskva son günlərdə məsələyə öz izahını verməyə çalışıb: Rusiya XİN sözçüsü Mariya Zaxarova AZAL təyyarəsinin vurulmasını “bir sıra ölkələr üçün ortaq faciə” adlandıraraq, əsas səbəb kimi Ukrayna tərəfindən Rusiyaya qarşı həyata keçirilən PUA hücumlarını göstərib.
Zaxarovanın sözlərinə görə, guya “Kiyev rejiminin” pilotsuz təyyarələrinin Rusiyanın mülki infrastrukturuna hücumları Rusiyanın həmin gün havada ehtiyatlı davranmasına gətirib çıxarıb və nəticə etibarilə bu bədbəxt hadisə baş verib.
Rusiya tərəfi ümid etdiyini bildirib ki, Qazaxıstan komissiyasının araşdırması tezliklə tamamlanacaq və “bundan sonra Rusiya və Azərbaycan qalan bütün sualları bağlaya biləcəklər”.
Bu açıqlama Moskvanın məsuliyyətdən yayınmaq üçün mövzunu tələsik bağlamaq istədiyinə işarə kimi qiymətləndirilir.
Analitiklər qeyd edirlər ki, Rusiya istintaqın dayandırılması ilə faktiki olaraq öz hərbçilərini hüquqi məsuliyyətdən qorumağa çalışır. Azərbaycan mətbuatının məlumatına görə, AZAL təyyarəsinin vurulması əmrini verən Rusiya hərbi bölmə komandirlərindən biri olan general Aleksandr Tolopilo hadisədən sonra cəzalandırılmaq əvəzinə vəzifədə irəli çəkilib.
Belə detallar Rusiyanın bu faciə ilə bağlı günahkarları ortaya çıxarmaqda maraqlı olmadığının göstəricisi kimi qiymətləndirilir. Məsələnin beynəlxalq konteksinə baxsaq, Rusiya hal-hazırda Ukrayna ilə müharibə şəraitindədir və ehtimal ki, bu şəraitdə öz hərbçilərinə qarşı cinayət işi açıb cəza vermək istəmir.
Bunun əvəzinə, rəsmi izahatlarda vurulmanı dolayı yolla əsaslandırmağa, kök səbəb kimi Ukrayna dronlarını günahlandırmağa çalışır. Lakin Bakı üçün əsas məsələ bundan ibarətdir ki, sivil təyyarənin vurulması faktı qəbul edilibsə, bu hərəkətə görə konkret məsul şəxslər hüquqi cavab verməlidirlər. Bakı istintaqın birtərəfli qaydada bağlamasını qəbul etmir.
Azərbaycan-Rusiya münasibətlərində soyuqluğun davam etməsinin mümkün səbəbləri
AZAL təyyarəsi faciəsi iki ölkə arasında onsuz da mürəkkəb olan münasibətlərə ciddi təsir göstərib. Qəza baş verən kimi Bakı Moskvanı məsuliyyəti üzərinə götürməyə çağırıb. 2024-cü ilin son günlərində Prezident İlham Əliyev Rusiya rəhbərliyindən rəsmi üzr və etiraf tələb edib.
Putin 28 dekabr 2024-də Əliyevə zəng edərək faciənin Rusiyanın hava məkanında baş verdiyinə görə üzr istəyib, lakin o dövrdə Rusiya tərəfi ictimaiyyət qarşısında günahı tam qəbul etməyə tələsməyib.
2025-in yanvarında Əliyev açıq şəkildə Rusiyanı günahı boynuna almamaqda tənqid edib və günahkarların cəzalandırılmasını tələb edib. Bu gərginlik fonunda ikitərəfli əlaqələr sürətlə pisləşib. Hətta qeyri-adi qarşıdurmalar baş verdi.
Məsələn, Rusiyada azərbaycanlılara qarşı “etnik reydlər” kimi xarakterizə olunan hadisələr, cavab olaraq isə Azərbaycanda bəzi rus vətəndaşlarının saxlanılması qeydə alınıb.
İyunun sonunda Yekaterinburqda Rusiya xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində iki azərbaycanlının həlak olması, ardınca isə Bakıda Rusiya dövlət media ofisinin (Sputnik Azərbaycan) əməkdaşlarının casusluq ittihamı ilə saxlanılması kimi hadisələr münasibətləri daha da sarsıdıb.
Bu kimi qarşılıqlı addımlar göstərir ki, təyyarə insidenti geniş mənada etimadsızlıq mühiti yaradıb və Azərbaycan-Rusiya münasibətləri xeyli soyuqlaşmışdı.
Gərginliyin qismən azalması yalnız bu ilin oktyabrında baş tutub. Düşənbədə MDB sammiti çərçivəsində İlham Əliyevlə Vladimir Putin arasında çoxdan gözlənilən görüş keçirilib.
Həmin görüşdə Putin ilk dəfə açıq şəkildə AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən səhvən vurulduğunu etiraf edib və rəsmi şəkildə Azərbaycandan üzr istəyib. Rusiya lideri bütün lazımi kompensasiyaların ödəniləcəyini, hadisədə təqsiri olan rəsmi şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini də vəd edib.
Bu açıqlamalar Bakı-Moskva xəttindəki gərginliyi əhəmiyyətli dərəcədə yumşaldıb. Bayramovun sözlərinə görə, Rusiyanın üzr istəməsi və məsuliyyəti etiraf etməsi “dialoqu bərpa etmək üçün mühüm zəmin yaradıb”.
Bununla belə, Azərbaycan ictimaiyyətində və rəsmilər səviyyəsində tam razılıq yaranmayıb. Çünki verilən vədlər hələ reallaşmayıb. Aradan iki ay yarım keçməsinə baxmayaraq, Rusiyanın nə söz verdiyi kompensasiyalar ödənilib, nə də təyyarəni vuranların cəzalandırıldığı barədə bir addım atılıb.
Bu kontekstdə dekabr ayında baş verən növbəti bir hadisə diqqət çəkib: Prezident İlham Əliyev Sankt-Peterburqda keçirilən MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitinə qatılmadı. Rəsmi olaraq, Azərbaycan Prezidentinin sıx iş qrafikinə görə tədbirə gedə bilmədiyi deyilsə də, bir çox müşahidəçi bunu Bakının Moskvaya incə bir etiraz siqnalı kimi dəyərləndirib.
Yerli analitiklər qeyd edirlər ki, Əliyevin sammitə qatılmamaq qərarı emosional addım deyil, prinsipial mövqedir, çünki ikitərəfli münasibətlərdə fundamental bir böhran (mülki təyyarənin vurulması və ədalətin təmin edilməməsi) həll olunmadan çoxtərəfli diplomatik mərasimlərdə iştirak mənasız görünür.
Analitiklərin fikrincə, Bakı bununla Moskvaya anlatmaq istəyir ki, “bağlanmamış faciələr və yerinə yetirilməmiş sözlər üzərində normal siyasi əməkdaşlıq qurula bilməz”.
“Azərbaycan hələ dialoqa açıq olduğunu bəyan etsə də, eyni zamanda vurğulayır ki, əgər Rusiya öz öhdəliklərini yerinə yetirməzsə, Bakı məsələni beynəlxalq hüquqi müstəviyə çıxarmaqda qərarlıdır”.
Bu şərtlər daxilində tərəflər arasındakı soyuqluq hələ də tam aradan qalxmayıb.
“AZAL təyyarəsi işi” üzrə istintaq