Az əvvəl əfv fərmanı ilə azad olunan vicdan məhbusu 30 sutka inzibati cəza alıb
NİDA hərəkatının fəalı Bayram Məmmədov 30 sutka inzibati cəzaya məhkum edilib. Onu polisə tabe olmamaqda günahlandırıblar. Buna qədər o, 10 il müddətinə məhkum olunmuş, üç il məhbəsdə keçirəndən sonra martın ortasında prezidentin imzaladığı əfv fərmanı ilə azad edilmişdi.
• Azərbaycanda siyasi məhbusların əfv olunması: bu, nə anlama gəlir və indi nə olacaq?
• “Vicdan məhbuslarının” anaları oğlanlarına niyə 10 il cəza verildiyi haqda danışır
2016-cı ildə fəallar Bayram Məmmədov və Qiyas İbrahimov narkotik satışında ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bilavasitə bundan əvvəl onlar Azərbaycanın eks-prezidenti və hazırkı prezidentinin atası Heydər Əliyevin heykəlinin postamentində hökumət əleyhinə şüar yazmışdılar. Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı onları “vicdan məhbusu” kimi tanımışdı. Gənclərin hər ikisi 50 nəfər siyasi və ümumilikdə 399 nəfər məhbusla bir sırada 2019-cu il martın 16-da prezidentin imzaladığı əfv fərmamına əsasən azadlığa çıxıb.
Bayram Məmmədov martın 30-da günün ikinci yarısında küçədə saxlanılıb. Onun vəkili Elçin Sadıqov müvəkkilinin həbsi haqda xəbəri təsdiqləyib və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.
Azadlığa çıxandan dərhal sonra Bayram bildirmişdi ki, bütün siyasi məhbusların azad edilməsi uğrunda mübarizə aparacaq. O həmçinin mediada və sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid edirdi. NİDA hərəkatının koordinatoru Samir Əsədli onun həbsini məhz bununla əlaqələndirir.
“Azad ediləndən sonra Bayramı bir neçə dəfə polisə çağırmışdılar. Bir gün öncə isə o, müsahibəsində həbsxana sistemini tənqid edib və deyib ki, nə ilə nəticələnəcəyini bilsə də yenidən Heydər Əliyevin heykəlini yazardı. Bu, onun həbsi üçün katalizator ola bilərdi”, – Samir Əsədli “Kavkazski uzel” saytına deyib.
Azərbaycan Siyasi Məhbusların Azadlığı Naminə İttifaqın koordinatoru Elşən Həsənov da hesab edir ki, Məmmədov saxta ittihamla həbs olunub. Onun fikrincə, bu həbs digər fəallar üçün xəbərdarlıq ola bilər.