Azərbaycansayağı boşanma
Lyuba ilə vəkilin yanına getmək üçün metroda görüşürük; o qızı, səkkiz yaşlı Asya ilə gəlib – tətil vaxtı olduğuna görə uşağı qoymağa yeri yoxdur. Kiçik qızı saat beşə qədər bağçadadır, həmin vaxta qədər də işimizi yekunlaşdırmalıyıq. Qızcığaz utancaqlıqla anasına qısılır. “Bütün məhkəmələri bunlarla beləcə gəzmişəm, biri qucağımda, biri yanımda. Onları tapşıra biləcəyim yaxınlarım yoxdur, – Lyuba deyir. Onu əldən salan boşanma prosesinə və üç il sürən məhkəmə süründürməçiliyinə baxmayaraq, gülərüz bir qadındır.
Hər şey adi sevgi macərasından başladı. Lyubov Kerts “Yevropa Plyus Baku radiosunda aparıcı işləyirdi. “Bir dəfə işlə bağlı “Avropa Otelinə getdim, orada da Erxanla tanış oldum, – o danışır. – məndən xeyli, 21 yaş böyük idi. Bir-birimizi sevib, evləndik.
Gələcək ərinin vətənində, Türkiyədə təmtəraqlı toyları oldu. Təzə qohumlar Lyubanı çox isti qəbul etdilər. Birinci qızlarının anadan olmasına hamı sevinirdi. Bütün bunlar nağıla oxşayırdı.
Problemlər ikinci qızları Daryanın doğulmasından sonra başladı. Erxana Şamaxıdakı yeni otel kompleksində iş təklif etdilər. “Elə alındı ki, ailə bölündü, – Lyuba danışır, – böyük qızım burada, Bakıda bağçaya gedirdi, mən balaca ilə məşğul idim, gedə bilməzdim, buna görə də yoldaşım Şamaxıya tək getdi. Bilmirəm orada nə baş verdi, bəlkə həyatında başqa birisi peyda oldu, amma o tamamilə dəyişdi. Məni dəli kimi qısqanmağa başladı, gəzəyən adlandırırdı, halbuki bunun üçün ona heç bir əsas verməmişdim. Axırda məni ittiham etməyə başladı ki, kiçik qız ondan deyil. Ailəsinin dağılmasını istəməyən Lyuba yoldaşına atalığı müəyyən edən test etməyi təklif edir. Əri də qızını götürüb, Lyubaya heç nə demədən, hardasa test etdirir. Nəticə müsbət olur.
Amma Erxanı bu qane etmir; bu dəfə yoldaşını nəticələri saxtalaşdırması üçün həkimə pul verməkdə günahlandırmağa başlayır, halbuki Lyuba heç həmin həkimin adını da bilmirdi, üzünü heç vaxt görməmişdi. İşə ailənin dostu qarışır və nəticələri yenidən yoxlamağı təklif edir. Növbəti müsbət cavaba əri yenə inanmır, bu azmış kimi də arvadını uşaqlarla birlikdə evdən qovur. “Evə girə bilmirdik, polisə müraciət etməli olduq. Polis qapını sındırıb, bizi içəri buraxdı, – Lyuba danışır.
Lyubanın iki qızı Asya və Darya ilə birlikdə indi də çəkdiyi əzablı günlər də o vaxtdan başlayır. Lyubanın əri qarşısına kiçik qızının atalığından imtina etmək məqsədini qoyur. Lyuba boşanıb, keçmiş ərinin bütün törətdiyi maneələrə baxmayaraq, qızları üçün pasport ala bilir. Amma iki balaca uşağı olan və tərcüməçi-frilanser işləyən Lyubanın ehtiyacı olduğu aliment məsələsi heç cür həll olunmur. Çünki Lyuba alimentin verilməsi ilə bağlı ərizə verən kimi, Erxan bunun qarşılılığında atalığın tanınmaması ilə bağlı ərizə verir. Eyni prosedura – DNT testi bir neçə dəfə keçirilib, hər dəfə də eyni nəticə verib. Amma bu ona heç bir təsir göstərməyib.
“Təsəvvür edirsiz, bütün bunlar necə bahalı proseduralardır, – Lyubov danışır, – onların hər biri azı iki min manatdır. Amma bu adam heç cür dincəlmək bilmir.
Prinsipcə, Azərbaycan Respublikasının Ailə Məcəlləsində boşanma zamanı qadın və uşaqların hüquqları qeyd olunub: qadının aliment (maaş və digər gəlirlərin dörddə bir hissəsi bir uşağa və bu məbləğin yarısı iki uşağa görə) və birlikdə əldə olunan əmlakın bir hissəsini tələb etmək haqqı var. Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, misal üçün, 2014-cü ildə 7 bağlanan nikaha bir boşanma düşür. Ümumilikdə 12 min cütlük boşanıb. Komitənin saytında həmin ildə alimentin ödənilməməsi ilə bağlı neçə ərizənin verilməsi barədə məlumat yoxdur. Problem isə var və o dərəcədə ciddidir ki, Azərbaycan Milli Məclisi ötən ilin fevral ayında işə kömək üçün Cinayət Məcəlləsinə ediləcək dəyişiklikləri müzakirə edib.
Problemin səbəblərindən biri kimi, “qara maaş, yəni Azərbaycanda geniş yayılmış vergidən yayınma üsulu göstərilir: bir çox müəssisələr dövlət büdcəsinə maaş fondunun dörddə birini vermək iqtidarında olmadığı üçün işçiyə verdikləri maaşı ya ümumiyyətlə göstərmir ya da məbləğini azaldırlar. Belə olan halda, dövlət aliment kəsərkən, məbləği dəqiq bilmir. Axırda da belə alınır ki, atanın heç nəyə ehtiyacı olmadığı halda məhkəmə onun gəlirinin məbləğini belə müəyyən edə bilmir.
Bizim təsvir etdiyimiz məsələyə gəlincə, Erkinin də maddi durumu heç də pis deyil. Lyubanın dediyi kimi: “Pula pul demir, beş vəkili var.
Lyuba isə əvvəlcə hesab etdi ki, həqiqət onun tərəfində olduğu üçün vəkilə də ehtiyac yoxdur. Heç buna pulu da yoxuydu: “Əvvəlcə məhkəmələrə tək gedirdim, burada da əsəbiləşirdim, qışqırırdım, ağlayırdım. Sonra da rəfiqəsinin məsləhəti ilə o Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edir. Komitədə ona vəkil ayırırlar, bu vəkil də adi məsləhətlərlə kifayətlənir və hətta iclaslardan birinə gəlmir.
Lyuba ilə birlikdə müraciət etdiyimiz vəkil Ağamirzə Bağırov vəziyyəti bu cür şərh edir: “Bir çox problemlər qadının təcrübəsizliyi və təyin olunan vəkilin peşəkarsızlığı ucbatından baş verib. AR Ailə Məcəlləsinin 21-ci maddəsinə əsasən, boşanma zamanı aliment ödənilməlidir. Ər guya ki, ondan olmayan qızına aliment ödəməkdən imtina edirsə, ərizəni verən vətəndaşın buradakı tələblərini azaltmaq və böyük övlada görə aliment almaq haqqı var.
Alimentlərin ödənilməməsinin ən başlıca səbəbi qadınların öz hüquqlarını elementar olaraq bilməməsi və onların uğrunda mübarizə aparmamasıdır. Misal üçün, vəkil deyir ki, xasiyyətlərin üst-üstə düşməməsi səbəbindən az-çox sakit keçən boşanma zamanı alimentlərlə adətən problem olmur, aldadılan ərlər isə əksər vaxtlarda aliment ödəməkdən boyun qaçırırlar. Qanun üçün isə heç bir fərqi yoxdur, qadın ərinə vəfalı olubmu yoxsa corablarını yaxşı yuyubmu.
Əslində əksər azərbaycanlı ailələrində boşanma qadın üçün ayıb sayılır. Boşanma qərarını verən istənilən azərbaycanlı qadını qohumlarından “axı bu ailədir, dözmək lazımdır – sözlərini dəfələrlə eşidəcək. Sən “dözməyib, boşanmağa ərizə verirsənsə, təhqir olunmuş ər səni “cəzalandıraraq, pulsuz qoya bilər. Yeri gəlmişkən, alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarını yerinə yetirməməyə görə həbs cəzası da nəzərdə tutulub, amma xəsis ata həbs cəzasına razı olarsa, ondan pul “çıxarmaq mümkün olmayacaq. Cəza isə 1000 manat həcmində cərimədən üç il müddətinə həbs cəzasına qədər ola bilər.
Lyubaya gəlincə isə o, ictimai qınaqdan daha çox keçmiş ərinin onun həyatını cəhənnəmə çevirmək niyyəti ilə qarşılaşdı. Yəni o, övladlarını maddi cəhətdən təmin etmək istəyi ilə onları stressdən azad etmək istəyi arasında qaldı.
Bu, xüsusən də böyük qızına aiddir, axı onu həmişə məhkəmələrə özü ilə aparırdı və qız bütün bu müddəti bu üzücü işin içində olmalı olub. Vəkilin otağında da o adəti üzrə stulun lap qırağında oturub, anasına qısılır, beş dəqiqə keçməmiş isə – axı uşaqdır! – yerində qurcalanaraq “Ana, yoruldum! deyir.
Lyuba danışır ki, Erxan qəyyumluq və himayəçilik orqanına müraciət edərək, uşaqlarla məhdudiyyətsiz görüşmək haqqını alır ki, bu da qadının əsəbləri bahasına başa gəlib. Bundan sonra da ata övladları ilə görüşməyib (ara qarışanda kiçik qızından tüpürcək nümunəsi götürdüyü hallar istisna olunmaqla). Bütün bunları xatırlayarkən, Lyuba acıqla: “O uşaqları heç sevmir! – deyir. Əlbəttə ki, səkkiz yaşlı Asya bu sözləri eşitməməlidir, digər tərəfdən də uşaq daima anasının yanında olanda, Lyuba hansı əsəb yiyəsi olmalıdır ki, həmişə sözlərinə fikir verə bilsin?
Nəticədə də Lyubanın yeni bir arzusu yaranıb: Erxanı valideyn hüququndan məhrum etmək, alınmasa da onu aliment ödəməyə məcbur etmək. Vəkil Ağamirzə Bağırov deyir ki, məhkəmələr bir qayda olaraq, bu cür qərarlar çıxarmaqda tələsmirlər, istisna ancaq uşaqlara qarşı fiziki zorakılıq hallarının və ya valideynin əyyaş, narkoman və ya psixi cəhətdən problemlərinin olmasıdır. Erxanın psixi problemlərinin olmasını sübut etmək çətin alınsın, axı Lyubanın heç vəkil tutmağa da pulu yoxdur.
Onun maddi çətinliklərini bilən Erxan da öz istəyinə nail olmaq üçün onu vaxtaşırı olaraq az qala bütün dünyanın məhkəmələrini satın alacağı ilə hədələyir. Əslində onu alimentləri ödəmədiyi üçün atalıq hüququndan məhrum etmək olar, amma bu, ata alimenti ödəməyə başlayana qədər sürəcək.
İndi Lyubov qorxu içində Apelyasiya məhkəməsindən növbəti sorğunun gəlməsini gözləyir, keçmiş ərinin yenidən ekspertiza tələb etməsindən qorxur. “Bu yaxınlarda öz vəkili vasitəsiylə mənə çatdırıb ki, Daryanın onun qızı olmadığını notarial təsdiq edən etiraf yazsam, məni rahat buraxmağa hazırdır. Bunu necə edə bilərəm, axı bu qanun pozuntusudur?
Vəkil deyir ki, Erxan istədiyi qədər bu cür ərizələr verə bilər, amma məhkəmə sonsuz sayda ekspertizalar aparmayacaq, nəticədə də o yenə də aliment ödəməyə məcbur olacaq, təbii ki, Lyuba bundan imtina etməsə.
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanda boşanmış kişidən ancaq iki halda aliment almaq mümkündür: o alimenti vermək istəyirsə və ya “ağ maaşı olan dövlət işçisidirsə. Əks halda, qadın ictimai qınaq, stress, təzyiq, təhdid və məhkəmə süründürməçiliyi ilə üzləşməli olacaq.
Videoda ata qızından atalığı müəyyən edən sayca üçüncü test etmək üçün tüpürcək götürür
Dərc olunub: 12.09.2016