Los-Ancelesdə yaşayan erməni fəallar iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasının qarşısında, Azərbaycana qarşı şüarlarla etiraz aksiyası keçiriblər. Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri isə yüzlərlə ermənin qarşısına çıxaraq, onların aksiyasına mane olublar. İki dəstə arasında qarşıdurma baş verib, yaralananlar var. Bununla bağlı Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu xəbər yayıb.
Azərbaycanlı icma üzvləri ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər şüarlar yazılan plakatlar nümayiş etdiriblər.
Ermənilər idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini azərbaycanlıların üzərinə sürməyə çalışıb. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Los-Ancelesin Polis əməkdaşları orada olub.
Polis aksiyanı dayandırmağa çalışsa da, ermənilər azərbaycanlılara hücum edərək, onlara müxtəlif bədən xəsarətləri yetiriblər.
Yeddi azərbaycanlı yaralanıb. Xəsarət alanlardan dörd nəfər xəstəxanaya müraciət edib.
Los-Anceles şəhərində baş verənlərlə bağlı ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb.
İkinci belə hadisə İyulun 22-də Belçikada baş verib. Belçika Krallığının Brussel şəhərində Azərbaycanın Belçikadakı səfirliyinin önündə azərbaycanlılar ermənilərə qarşı aksiya keçirib. Aksiyaya müxtəlif ölkələrdə – Niderlandda, Almaniyada yaşayan azərbaycanlılar da qoşulub. Polis səfirliyin önündə gücləndirilmiş qaydada çalışsa da, buraya gələn ermənilər aksiyada iştirak edən azərbaycanlılara hücum edib.
İyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində silahlı toqquşma başlayıb və döyüşlər bir neçə gün davam edib. Azərbaycan tərəfindən 13 nəfər həlak olub.