Azərbaycanlı QHT rəhbəri ittiham edildiyi cinayət işi ilə bağlı açıqlama verib
QHT rəhbərindən barəsindəki ittihamlarla bağlı açıqlama
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qərarı çıxarılan və axtarışa verilən Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli ona qarşı irəli sürülən ittihamlara cavab verib.
S.Həsənli qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmlakı leqallaşdırma və vəzifə saxtakarlığı kimi cinayətlərdə təqsirləndirilir.
İttihamda bildirilir, o, 2020-2021-ci illərdə ABŞ-nin “FH1360” humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb və aldığı qrantları “xidmət müqaviləsi” ilə ölkəyə gətirib və leqallaşdırıb.
QHT rəhbəri ittihamları rədd edir

Sübhan Həsənli özünün feysbuk hesabında verdiyi açıqlamada bunları deyir:
“Açılan işin məzmunu budur ki, mən IWPR (Institute for War & Peace Reporting – Hərb və Sülh İcmalları İnstitutu) və FHI360 (Şimali Karolinada yerləşən qeyri-kommersiya insan inkişafı) təşkilatı ilə xidməti müqavilə bağlamışam və qanunu pozmuşam. Mən həmin təşkilatlardan 5000 avro və 10000 dollar vəsait almışam. Hər birini də, 20 faiz vergi ilə və sosial ödənişlərlə dövlətə ödəmişəm. Yəni təxminən 5200 manat təkcə vergi vermişəm. Vergiyə heç bir borcum yoxdur. Sosial ödənişləri, işsizlikdən sığorta hamısı ödənilib. O zaman bu pul necə qanunsuz olur? Necə cinayət yolu ilə əldə edilmiş olur? Hətta Dövlət Vergi Xidməti iki dəfə bizim işimizlə bağlı yoxlama aparıb. Nəticəsi? Heç bir problem yoxdur. Bəs indi niyə oldu? O zaman, bu problemli olmayan şeylər indi niyə problemlidir? Əgər bu ödənişlər qanunsuz idisə, niyə Dövlət Vergi Xidməti yoxlama aparanda bizə demədi ki, ay insanlar, siz qanunsuzluqla məşğulsuz? Axı İnzibati Prosessual Məcəlləyə görə, dövlət qurumlarına inam prinsipi var”.
Həsənli FHI360 təşkilatından xidməti müqavilə ilə layihə alanlar arasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvünün olduğunu da diqqətə çatdırır. Onun sözlərinə görə, bu layihələrdən birində ədliyyə orqanları əməkdaşlarına təlimlər keçiblər:
“Ədliyyə Nazirliyi niyə soruşmurdu ki, bu qrantdı, siz niyə xidmət müqaviləsi bağlamısınız? Bu layihələrdən birinə isə, Dövlət Vergi Xidməti ən yüksən rəhbərlik səviyyəsində təşkilati dəstək verib. FHI360 ilə Qeyri hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında rəhbərlik səviyyəsində keçirilmiş görüşdür. Bəs o zaman bu agentlik hara baxırdı? Niyə soruşmurdu ki, siz niyə xidmət müqaviləsi ilə işləyirsiniz? Bizə gələndə bu qanunsuz oldu? İş başdan-ayağa quramadır. Sadəcə, kim sərf etmir həbs edilir”.
Kontekst
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli rəhbəri barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui–istifadə), 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) 313–cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib.
2025-ci il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay (Məmmədzadə), “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov və media hüququ üzrə ekspert Xalid Ağəliyev də saxlanılıblar. Həmin gün axşam saatlarında Xalid Ağəliyev və Hafiz Həsənov sərbəst buraxılıblar. Bəşir Süleymanlı və Məmməd Alpay haqqında isə Binəqədi rayon Məhkəməsinin qərarı ilə istintaq dövrü üçün 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Bəşir Süleymanlı və Məmməd Alpay (Məmmədzadə) vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırmasında ittiham olunurlar.
Elan edilən maddələrlə 12 ilədək həbs cəzası nəzərdə tutulur.
QHT rəhbərindən barəsindəki ittihamlarla bağlı açıqlama