Azərbaycanlı biznesmen: “Niyyət İlham Əliyev və ailəsinin törətdiyi cinayətlərdən danışacaq heç kimin olmamasıdır”
İlqar Hacıyev barəsindəki ittihamlara aydınlıq gətirib
“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, 17 milyon manatlıq dələduzluqda ittiham olunan azərbaycanlı biznesmen İlqar Hacıyev barəsindəki ittihamları siyasi sifariş adlandırır.
Kontekst
İ.Hacıyev istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasında yaşayış komplekslərinin tikinti layihələrini təqdim edib həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldatmaqda ittiham edilir.
Baş Prokurorluq tərəfindən bildirilir ki, bu yolla o, 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
“İlham Əliyev və onun ətrafı mənə məxsus Akkord şirkətlər qrupunu oğurlayaraq ələ keçiriblər”

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, biznesmen İlqar Hacıyev barəsində səsləndirilən ittihamlarla bağlı “JAMnews”a açıqlama verib:
“Bu qərar birbaşa olaraq İlham Əliyevin siyasi sifarişdir. Mənim Rusiyada həm Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndindəki tikililərimə Qod Nisanov və ətrafı İlham Əliyevin adından həm polislər, həm də quldur dəstələrinin iştirakı ilə basqınlar həyata keçiriblər. Bu xəbərlər Rusiya mediasında da yayımlanıb. Hazırda isə Rusiyadakı şirkətimin rəhbəri barəsində saxtan ittihamlarla 9 il həbs hökmü çıxarılıb. Səsləndirilən ittihamlar yalandır. İlham Əliyev və onun ətrafı mənə məxsus Akkord şirkətlər qrupunu oğurlayaraq ələ keçiriblər. Bununla da onlar mənim 4 milyard dəyərindəki mülklərimi mənimsəyiblər”.
Biznesmen barəsindəki ittihamların köhnə olduğunu bildirir. O, bununla bağlı daha əvvəl Azərbaycan və Rusiya hökümətləri tərəfindən İnterpol vasitəsilə axtarışa verilsə də 2022-ci ildə bu axtarış qərarının İnterpol tərəfindən əsassız hesab edilərək ləğv edildiyi deyir.
“Bu ittihamların yenidən gündəmə gətirilməsi ölkə daxilindəki auditoriya üçün bir oyundur. Bu yaxınlarda Baş prokuror Kamran Əliyevin vəzifə səlahiyyətlərinin 5 ili tamamlanır. O da vəzifədəki davamiyyətini təmin etmək üçün İlham Əliyevə göstərir ki, onun düşmənlərini araşdırır, onlarla bağlı tədbirlər görür.
İlham Əliyev ölkə daxilindəki jurnalistləri, vətəndaş cəmiyyətini tutdurur, öldürür, səslərini boğur. Hazırda Azərbaycan danışmağa, azad fikir səsləndirməyə imkan verilmir. Ölkə haqqında danışa bilərlər blogerlər və mənim kimi iş adamlarıdır. Ona görə də Azərbaycan hakimiyyəti çalışır ki, bloqerləri və digər xaricdən fikir səsləndirən şəxsləri, siyasətçiləri susdurmaq istəyirlər. Onların niyyəti İlham Əliyev və ailəsinin törətdiyi cinayətlərdən danışacaq heç kimin olmamasıdır”.
İlqar Hacıyev “istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə etmək” ittihamı ilə bağlı isə bunları deyib:
“Bu şəxs mənə məlum deyil. İlham Əliyevdən başqa mənlə düşmən olan başqa heç kim yoxdur. Ona görə də düşünürəm ki, bu şəxsi axtaranlar Prezident İlham Əliyev, ona və ailəsinə yaxın olan biznesmen Qod Nisanov, və ya keçmiş Baş prokuror Zakir Qaralovun ya özləri və qohumlarının arasında axtarsınlar”.
Kontekst
İ.Hacıyev istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldatmaqda ittiham edilir.
Beləliklə o, bu yolla 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Bildirilir ki, İ.Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib.
Ona xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
2019-cu ilə qədər İlqar Hacıyev Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunun müşaviri vəzifəsində çalışıb. 2019-cu ilin yanvarında Londonda “Rusiyada biznesin şəffaflığı və korporativ reydlərə qarşı Mübarizə Mərkəzi”ni təsis edib.
2005-2009-cu illər ərzində Azərbaycanda fəaliyyət göstərən və qısa müddətdən sonra Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə də beynəlxalq əhəmiyyətli infrastruktur layihələri yerinə yetirən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olub.
İlqar Hacıyev barəsindəki ittihamlara aydınlıq gətirib