Dünya şöhrətli riyaziyyatçı, Berkli Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniyada 96 yaşında vəfat edib.
Lütfəli Ələsgərzadə Bakıda qarışıq azərbaycanlı-yəhudi ailəsində dünyaya gəlib. 1932-ci ildən İranda yaşayıb, 1944-cü ildə isə ABŞ-a köçüb və Lütfi Zadə adı ilə Kaliforniya Universitetində işləməyə başlayıb.
1965-ci ildə dərc olunmuş qeyri-səlis çoxluqlar nəzəriyyəsi (fuzzy sets) üzrə elmi işi Zadəyə dünya şöhrətini gətirib. 1973-cü ildə qeyri-səlis məntiq nəzəriyyəsini (fuzzy logic) təklif edib, bu nəzəriyyə inqilabi hesab olunur və bütün dünyada geniş tətbiq edilir.
Alimin oğlu Norman Zadə atasının vəsiyyətini dərc edib, vəsiyyətdə bir sıra məsələlərlə yanaşı tarixi vətəni Bakıda dəfn olunmaq istəyi də yer alıb.
Zadə ailəsinin dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova bildirib ki, alimin cənazəsi təxminən 10 gün sonra Bakıya gətirilməlidir. O əlavə edib ki, Lütfi müsəlman qaydaları ilə dəfn olunmasını vəsiyyət edib.
Sosial şəbəkələrdə bəzi istifadəçilər Zadənin Bakıda Fəxri Xiyabanda dəfn olunmaq haqqını mübahisələndirib. Və bunu “Zadə Azərbaycan üçün heç nə eləməyib” fikri ilə əsaslandırıb. Bununla da alimin Qarabağ münaqişəsində neytral mövqedə durmasını nəzərdə tutub. Digər istifadəçilər belə şərhlərə gülür və ritorik sual verirlər: “Görəsən, Nikolay Kopernik Polşa üçün nə edib?”
Azərbaycan hökuməti hələlik Zadənin Bakıda dəfn prosedurası ilə bağlı heç bir açıqlama verməyib.