Xarici işlər naziri Elmar Məmmədyarovun yerinə təyin edilən yeni nazir Ceyhun Bayramov 2 il təhsil naziri kimi çalışıb. O, ixtsasca həm hüquqşünas, həm də iqtisadçıdır.
Keçmiş təhsil naziri prezident İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə Xarici İşlər naziri təyin olunub.
“Azadlıq” radiosunun yaydığı məlumata görə, Ceyhun Bayramovun nazir kimi fəaliyyətindən çox, onun nazir müavini olanadək direktoru olduğu “OMNİ” hüquq şirkəti haqqında danışılır.
İqtisadçı Toğrul Maşallınının sözlərinə görə, bu şirkət 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların qanunsuz hasilatının beynəlxalq müstəvidə hüquqi qiymət alması üçün “Azərqold” ASC-yə 195,5 min manata hüquqi məsləhəti xidməti göstərib.
Yeni nazirin diplomatik təcrübəsi olmadan xarici işlər naziri təyin olunması da bəzi ekspertlər tərəfindən tənqid olunub. Onların fikrincə, C.Bayramov bu vəzifədə dövlətə töhfə verə bilməyəcək.
Siyasi şərhçi Şahin Hacıyev: “Bir gün diplomat işləməyən adamın xarici işlər naziri olması, yumşaq desək, sual doğurur. Qeyri-adi təyinatdır. Məntiqi görünmür. Təhsildə bəlkə də nəyisə bilir, bacarır, ancaq mən təsəvvür etmirəm ki, o, Xarici İşlər Nazirliyində nəsə etsin. Nazirliyin əsas işi Qarabağ danışıqlarını aparmaqdır. Heç məlumatı olmayan, mətbəxi bilməyən adamın nazir olması nə qədər realdır, deyə bilmərəm”. Hazırda xarici işlər naziri olan Ceyhun Bayramov İlham Əliyevin 23 aprel 2018-ci ildəki sərəncamı ilə Təhsil Naziri vəzifəsinə təyin olunmuşdu.