Yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramov daha əvvəl təhsil naziri kimi çalışdığı dönəmdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini olan Şahin İsgəndərovu Xarici işlər nazirliyinin İşlər İdarəsinin rəisi təyin edib.
Bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov əmr imzalayıb.
Şahin İsgəndərov 2013-2020-ci illərdə Bakı Şəhəri Təhsil İdarəsinin Təminat və Təchizat Sektorunun müdiri və BŞTİ-nin müdir müavini vəzifələrində çalışıb.
Təhsil Nazirliyinin Təhsilin İqtisadiyyatı və Statistika Şöbəsinin müdiri Nərgiz Səfərova da tutduğu vəzifəsindən azad edilib.
O, Xarici İşlər Nazirliyində Maliyyə Şöbəsinə müdiri vəzifəsinə təyin olunub.
Eyni zamanda, iyulun 23-də Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.
Bu barədə Elnur Məmmədov özü məlumat verib. O bildirib ki, digər dövlət qurumunda aldığı təyinatla bağlı Təhsil Nazirliyində vəzifəsindən azad olunub.
Elnur Məmmədovun vəzifəsindən azad olunmasıyla bağlı onun da Xarici İşlər Nazirliyinə yönləndirilməsi ehtimal olunur.
İctimai fəal Rəbiyyə Məmmədova təyinatlarla bağlı belə deyib: “Bilirsiz hansı müşavirdir? “Tələbə-tələbi” aksiyasını təşkil edən Rüstəmi ifşa etməyə çalışan, guya Təhsil Nazirliyindən özləri çıxıb. Ceyhun Bayramov, qəbuluna gələn tələbələri polisə verməyib. Bu haqda yazdığı postdan 15 dəqiqə sonra Rüstəmgili hansı polislərə təhvil verdiklərini ad-ad yazmışdıq. Qarşındakı insanı xor görməyin nəticələridir bunlar. Bilmirlər ki, indiki nəsil öyrəşdikləri kimi deyil, hər yalana inanmayacaq, araşdıracaq və faktlarla danışacaq.
Xəbərdə deyilir ki, başqa dövlət orqanında işə düzəlib, gedib oranı da biabır etməyə”.