Azərbaycanın ÜTT‑yə üzvlüyü yenidən gündəmdə: əhəmiyyəti və gecikmənin səbəbləri
Azərbaycanın ÜTT‑yə üzvlüyü
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü hazırlıqlarının fəallaşdığını bildirib. Bu bəyanat ölkənin uzun illərdir davam edən ÜTT-yə qoşulma prosesini yenidən diqqət mərkəzinə gətirir.

Azərbaycan 1997-ci ildə ÜTT-yə qoşulmaq üçün rəsmi müraciət etsə də, hələ də təşkilata üzv ola bilməyib.
Bəs nə üçün bu proses uzanır və ÜTT-yə üzvlük Azərbaycana nə vəd edir?
Bu məqalədə ÜTT-nin mahiyyəti, qonşu ölkələrin bu təşkilata qoşulmaqla əldə etdikləri faydalar, eləcə də Azərbaycanın indiyədək üzv ola bilməməsinin səbəbləri – rəsmi mövqelər və tənqidçilərin fikirləri fonunda təhlil olunur.
Ümumdünya Ticarət Təşkilatı nədir?
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal ticarət qaydalarını müəyyən edən başlıca beynəlxalq qurumdur. 1995-ci ildə yaradılmış bu təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
Hazırda ÜTT-nin 164 üzvü var və əlavə 22 ölkə (o cümlədən Azərbaycan) müşahidəçi statusuna malikdir. Təşkilatın əsas məqsədi beynəlxalq ticarətin mümkün qədər liberallaşdırılması və sabit qaydalarla tənzimlənməsidir.
ÜTT çərçivəsində əmtəə, xidmət və intellektual mülkiyyət ticarətini əhatə edən çoxtərəfli sazişlər paketi vasitəsilə üzv ölkələr arasında ticarət əlaqələri tənzimlənir. ÜTT həmçinin ticarət mübahisələrinin həlli üçün platforma rolunu oynayır və üzvlərin bir-birinə ən əlverişli şərait prinsipi tətbiq etməsini təmin edir. Başqa sözlə, bu təşkilata üzv olan hər bir ölkə 164 digər üzv dövlətdən ayr-seçkilik edilmədən, bərabər ticarət imtiyazları əldə edir.
Qlobal ticarət sistemində ÜTT-nin rolu iqtisadi inkişafı təşviq etmək və ölkələrin həyat səviyyəsini yaxşılaşdırmaqdır. Təşkilat çərçivəsində qəbul edilən qaydalar və öhdəliklər üzv dövlətlərin daxili ticarət qanunvericiliyinə və siyasətinə də təsir göstərir. Bu baxımdan, ÜTT-yə üzv olmaq bir ölkə üçün təkcə beynəlxalq ticarətə inteqrasiya deyil, həm də daxili iqtisadi islahatların bir hissəsi hesab olunur.
Azərbaycanın ÜTT-yə üzvlüyü niyə əhəmiyyətlidir?
Azərbaycan üçün ÜTT-yə üzv olmaq məsələsi strateji əhəmiyyət daşıyır. Ölkə iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektoru xaricində, qeyri-neft sahələrinin inkişafı və diversifikasiyası rəsmi siyasətin prioritetidir. Bu hədəfə çatmaq üçün Azərbaycan şirkətlərinin xarici bazarlara daha asan çıxış imkanlarına ehtiyacı var.
ÜTT-yə üzvlük məhz bu imkanı təmin edə bilər. İqtisadiyyat Nazirliyinin mövqeyinə görə, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi dayanıqlı iqtisadi artım üçün xüsusi əhəmiyyət kəsb edir. ÜTT-yə qoşulmaq idxal-ixrac əməliyyatlarını asanlaşdıracaq, Azərbaycan məhsullarının dünya bazarlarına daha sərbəst çıxışına şərait yaradacaq və ölkəyə yeni investisiyaların cəlb olunmasını təşviq edəcək.
ÜTT-nin təqdim etdiyi ən əlverişli şərait prinsipi Azərbaycan üçün xüsusilə önəmlidir. Hazırda Azərbaycan ÜTT-nin üzvü olmadığına görə bir sıra ölkələrlə ticarətdə rəsmi olaraq bu prinsipin tam təminatı yoxdur.
Hökümət nəşri olan “Xalq” qəzeti yazır ki, son illərdə hökumətin bu istiqamətdə real addımlar atır:
“Rəqabət Məcəlləsinin qəbul edilməsi (2023), “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanunların qəbul edilməsi bir tərəfdən ÜTT tələblərinə uyğunlaşma, digər tərəfdən isə ölkədə şəffaf və rəqabətli biznes mühitinin təmin olunması üçündür.
“Bu islahatlar ölkəyə xarici investorların inamını artıraraq daha çox sərmayə cəlb etməyə də xidmət edir. Yəni, ÜTT-yə üzvlük təkcə ticari faydalar deyil, həm də institusional islahatlar və beynəlxalq iqtisadi inteqrasiya anlamına gəlir”.
BRİ: “Üzvlük beynəlxalq investisiya mühitinin yaxşılaşması deməkdir”
Bakı Araşdırmalar İnstitutunda paylaşılan təhlilə görə, ÜTT-yə üzvlük Azərbaycanın Çin kimi böyük bazarlara ixracında ciddi irəliləyişə səbəb ola bilər. Bu üzvlük sayəsində Azərbaycan məhsullarına tətbiq edilən tariflərin əhəmiyyətli (təxminən 75%-ə qədər) azalması gözlənilir və bu da xüsusən mineral yanacaq məhsullarının Çin bazarında rəqabət gücünü artıracaq.
“Eyni zamanda, digər sektorlarda yerli ixracatçılar gömrük rüsumlarının düşməsindən faydalanaraq ya mənfəət marjalarını yüksəldə, ya da qiymətləri ucuzlaşdıraraq yeni bazarlarda rəqabətədavamlılıqlarını artıra bilərlər.
Bu cür üstünlüklər Azərbaycanın tək tranzit ölkə deyil, Şərq və Qərb bazarları arasında aktiv ixracatçı ölkə kimi mövqelənməsinə yardımçı ola bilər.
Bundan əlavə, ÜTT-yə üzvlük Azərbaycan üçün beynəlxalq investisiya mühitinin yaxşılaşması deməkdir. Üzv ölkə kimi Azərbaycan beynəlxalq ticarət qaydalarına uyğun hüquqi çərçivə formalaşdırmalı olacaq”.
Üzvlük gecikməsinin səbəbləri: rəsmi mövqe və tənqidçilərin fikirləri
Rəsmi mövqeyə görə, Azərbaycanın ÜTT-yə üzvlük prosesinin ləngiməsi “bəzi obyektiv səbəblərlə izah olunur”. Hökumət rəsmiləri bildirirlər ki, üzvlük çox mərhələli və mürəkkəb bir prosedurdur. Bunun üçün onlarla sənədin imzalanması, çoxtərəfli və ikitərəfli müzakirələrin aparılması tələb olunur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev 2023-cü ildə “AzadlıqRadiosu”na verdiyi açıqlamasında qeyd edir ki, Azərbaycanın ÜTT-yə üzv olması üçün siyasi iradə mövcuddur və ölkə iqtisadiyyatının liberallaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır.
“ÜTT-yə tələsik qoşulmaq riskli ola bilər. Mən deməzdim ki, son 10-15 ildə ÜTT-yə üzv olan ölkələrin hamısı bu üzvlükdən qazanıb. Bu, hətta bəzi ölkələrdə inflyasiyanı artırıb, həmin ölkələrin ən zəif iqtisadi sektorları idxalçılarla rəqabətdə uduzub. Bəzi ölkələrin xarici borcu artıb”.
Onun fikrincə, Azərbaycan tələsik üzv olarsa, yerli istehsal idxal axını qarşısında çətinlik çəkə bilər:
“Biz sürətlənmiş qaydada ÜTT-yə üzv olsaq, Azərbaycana (ucuz) malların axını olacaq və istehsal etdiyimiz məhsullar qiymət faktoruna görə rəqabətə dözə bilməyəcək. Biz bazarlarımızı keyfiyyətsiz məhsullardan qoruyuruq və yerli istehsalı stimullaşdırırıq”.
Bu rəsmi açıqlama göstərir ki, hökumət yerli bazarın qorunması və milli istehsalçıların rəqabətə davamlılığını təmin etməyi əsas gətirərək prosesi ehtiyatla aparır. Yəni, məqsəd təkcə ÜTT-yə daxil olmaq deyil, həm də daxil olduqdan sonra daxili bazarı qorumağı bacarmaqdır.
İqtisadçı: “Hakimiyyət prosesi qəsdən uzadır”
Tənqidçilər isə hesab edirlər ki, prosesin uzanmasının əsas səbəbi siyasi iradə çatışmazlığı və ölkə daxilindəki inhisarçı maraqlardır. İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, ölkədə bəzi korporativ maraqlar bazarın liberallaşmasına və ticarətin açılmasına maneə yaradır.
“Korporativ maraqlar ölkədə rəqabətin dəstəklənməsinə, bazarın liberallaşmasına, ticarətin açılmasına mane olur. Bu maraqlar dövlət başçısı İlham Əliyevin şəxsi maraqları ilə üst-üstə düşdüyündən ÜTT-nin tələblərinə uyğunlaşmaq çətindir.
ÜTT tələb edir ki, üzv ölkələr idxal rüsumlarını əhəmiyyətli dərəcədə azaltsın, bazarlara sərbəst giriş-çıxışı təmin etsin. Azərbaycanda isə illərdir formalaşmış inhisarçı strukturlar var – müəyyən böyük şirkətlər və oliqarx qruplar idxal və daxili satış kanallarına nəzarət edirlər.
Müstəqil jurnalist araşdırmaları dəfələrlə üzə çıxarıb ki, ölkə iqtisadiyyatının ən gəlirli sahələri hakim ailənin və ona yaxın çevrələrin nəzarətindədir”.
Bu iddialara əsasən, məhz həmin qrup açıq rəqabət mühitinin formalaşmasında maraqlı deyil, çünki bu halda onların inhisarçı mövqeləri zəifləyə bilər. Azərbaycanda monopoliya və oliqopoliya iqtisadiyyatın bir çox sektorunda mövcuddur və xarici şirkətlərin, məhsulların bazara sərbəst girişi bu inhisarların mənfəətinə təhlükə yarada bilər.
“Azərbaycanda inhisarçılıq aradan qaldırılmayınca, ticarət mübahisələrinin məhkəmədə ədalətli həlli üçün şərait yaradılmayınca, ÜTT-yə üzvlük məsələsi yerdə qalacaq.
Hakimiyyət prosesi qəsdən uzadır və bu ləngimə onlara rekord “nailiyyət” qazandırıb. Dünyanın heç bir ölkəsi Azərbaycan qədər ÜTT ilə uzun sürən danışıqlar aparmayıb”.
İqtisadçı əlavə edir ki, Azərbaycanın ÜTT-yə üzvlüyü beynəlxalq təşkilatlar üçün də prioritet məsələ kimi görünməyib. Çünki Azərbaycanın iqtisadiyyatı qlobal miqyasda elə də böyük deyil və dünya ticarətində xüsusi paya malik deyil.
Bu səbəblə ÜTT də Azərbaycanı tələsdirmir. Proses daha çox Azərbaycanın öz daxili qərarından və hazırlığından asılıdır.
Nəticədə əsas maneə siyasi iradə çatışmazlığıdır: hökumət daxilində real rəqabət mühitinin formalaşması, idxal rüsumlarının endirilməsi kimi addımlara qarşı müqavimət var, çünki bu status-kvodan faydalanan qüvvələr var.
Azərbaycanın ÜTT‑yə üzvlüyü