Azərbaycanın “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev azad edilib
Paylaşmaq
Paylaşmaq
Sentyabrın 11-də Bakının Yasamal rayon məhkəməsi “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev haqqında həbs qətimkan tədbirinin ölkədən çıxmamaq haqda iltizamla əvəzlənməsi haqda qərar çıxarıb.
Mehman Əliyev artıq azad edilib.
M.Əliyev jurnalistlərə bildirib ki, öncəki gün o Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. O, öz müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, haqqında qaldırılmış cinayət işinin istintaqından yayınmadığını qeyd etdiyini deyib. Və haqqında çıxarılmış həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Azərbaycan prezidenti hüquq-mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.
“Artıq iki həftədir ki, informasiya vakuumunda idim. Amma ilk növbədə evə, ailəmin yanına getmək istəyirəm”, – Mehman Əliyev onu qarşılayan jurnalistlərə bildirib və əlavə edib ki, həbsdə olduğu müddətdə ona normal münasibət göstərilib.
Mehman Əliyevə qarşı Azərbaycanın cinayət məcəlləsinin üç maddəsi ilə cinayət işi qaldırılıb: qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə.
Həbsindən sonra Azərbaycanda bir çox təşkilatlar və ziyalılar “Turan” direktorunun işinə ədalətlə baxılması və onun haqqında çıxarılmış həbs qətimkan tədbirinin dəyişdirilməsi xahişi ilə prezidentə müraciət etmişdi. Müraciət edənlər sırasında Mətbuat Şurası, Yazıçılar İttifaqı, Jurnalistlər Birliyi rəhbərləri, tanınmış yazıçılar və ictimai xadimlər də vardı.
Mehman Əliyevin azad olunmasını beynəlxalq jurnalist və hüquq-müdafiə təşkilatları da vardı. ABŞ, Böyük Britaniya və digər ölkələrin hökumətləri məsələ ilə bağlı ciddi narahatlıqlarını bildirmişdi.