Azərbaycanın “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə çıxdı
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubu iki oyunun hesabına görə Danimarkanın “Kopenhagen” klubuna qalib gələrək, Avropa Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Kopenhagendəki 2:1 minimal hesablı məğlubiyyətinə baxmayaraq, rəqib meydanında vurduğu bir qol sayəsində “Qarabağ” növbəti mərhələyə keçə bilib. Bir həftə əvvəl bu komandaların Bakıda keçən ilk oyunu 1:0 hesabla azərbaycanlıların xeyrinə bitmişdi.
Bununla da “Qarabağ” Avropanın ən nüfuzlu klub turnirinin 1992-ci ildən bəri keçirildiyi müddətdə Cənubi Qafqaz ölkələrinin ilk təmsilçisi oldu.
“Qarabağ”ın ümumi qələbəsi komandanın azarkeşləri arasında coşqun sevincə səbəb olub. Bütün gecəni avtomobillər siqnallayıb, insanlar küçələrdə rəqs edib, şüarlar səsləndiriblər. Səhər isə “Qarabağ”ın ən sadiq azarkeşləri Bakı Beynəlxalq Aeroportuna gedərək doğma komandalarına təmtəraqlı qarşılanma mərasimi təşkil ediblər.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə çıxması idman uğuru olmaqdan başqa, Azərbaycan üçün iqtisadi önəm də daşıyır. Sadəcə turnirin qrup mərhələsinə yüksəldiyi üçün UEFA Avropa Futbol Federasiyası futbol klubuna 12.7 milyon avro (15 milyon dollar) həcmində vəsait ödəyəcək. İqtisadiyyatçı Toğrul Vəliyevin sözlərinə görə, bu, Azərbaycanın bütün mis filizi ixracından (14 milyon dollar) daha çox və bütün kartof ixracına (15 milyon dollar) bərabərdir. Üstəlik qrup turnirində “Qarabağ” klubunun qazandığı hər xala görə əlavə bonuslar hesablanacaq (hər qalibiyyətə görə 1.5 milyon avro, hər heç-heçəyə görə 500 min avro).
Ağdamın “Qarabağ” futbol klubu 1950-ci ildə “Məhsul” adı altında yaradılıb. Azərbaycanın beşqat çempionudur. 1987-ci ildən, münaqişənin lap əvvəllərindən “Qarabağ” adı altında çıxış etməyə başlayıb. O zamanlar futbol üzrə SSRİ çempionatında Dağlıq Qarabağın paytaxtı Stepanakerti (və ya azərbaycanlıların adlandırdığı kimi Xankəndi) təmsil edən başqa komanda çıxış edirdi. 1993-cü ilin iyulunda Ağdam Ermənistan tərəfinin nəzarəti altına keçəndən sonra “Qarabağ”ın bazası həmin rayonun Quzanlı qəsəbəsinə köçürülüb. Amma beynəlxalq səviyyəli ev oyunlarını Bakının respublika stadionunda keçirməli olur.