Azərbaycanın dövlət televiziyasının RF sülhməramlılarına qarşı demarşı – bunun ardında nə dayanır? Şərhlər
Azərbaycan dövlət televiziyası sülhməramlılara qarşı
Azərbaycanın dövlət televiziyası – AzTV sədrinin dili ilə Rusiya sülhməramlılarını Qarabağdan çıxarılmaqla təhdid edib. “Ya Qarabağ Azərbaycandır reallığını qəbul et, ya da Qarabağdan birdəfəlik rədd ol”, – deyə Rövşən Məmmədov öz proqramında bildirib. Azərbaycan ərazisində Rusiya sülhməramlılarının mandatı hələ də ölkə parlamenti tərəfindən ratifikasiya edilməyib. Amma sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçilərinin fikrincə, dövlət televiziyasının sərt ritorikası məsələnin mahiyyətin əks etdirmir.
- ABŞ səfirliyi Azərbaycan hökumətini vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırır
- Azərbaycanda müstəqil KİV-lər qeydiyyata alınmayıb
- Ləpirsalan. Seks-terapevt Bakı məktəbində cinsi tərbiyə dərsi keçməyə başlayıb
Nə baş verib?
Azərbaycan dövlət televiziyası AzTV-nin sədri Rövşən Məmmədov bazar günləri yayımlanan “Həftə” verilişində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarına qarşı sərt tənqidi fikirlər səsləndirib.
JAMnews Məmmədovun çıxışının tam mətnini təqdim edir:
“Hörmətli Rusiya dövlət nümayəndələri, Rusiya rəsmiləri və Kremldə ikili oyunlar quran strateqlər!
İndi də yaxşı olar ki, Azərbaycanın mövqeyini eşidin.
1. Sülhməramlıların fəaliyyəti 2025-ci ildə başa çatır. Cəmi uç il. Uç ildən sonra Qarabağda bir nəfər də olsun, rus əsgəri qalmayacaq. Üstəlik, prosesin uzadılması, yaxud azaldılması kiminsə yox, məhz Azərbaycanın istəyinə bağlıdır. Yəni Rusiya qoşunlarının Qarabağdan çıxmasını hətta tezləşdirilə də bilər. Qərarı məhz biz, yəni rəsmi Bakı verir və rəsmi Bakı da kifayət qədər gözəl bilir ki, Rusiya sülhməramlıları bu gün Qarabağda nə işlə məşğuldur.
Budur, erməni qızları ilə eyş-işrətdən tutmuş, ermənilərə ev tikməklə, damlarını təmir etməkdə köməyə qədər hər şeylə.
Yaxşı, birbaşa üzərlərinə götürdükləri missiyanı, yəni sülhü qoruyurlarmı?
Buyurun, bu gün Rusiya sülhməramlılarının gözü qarşısında Azərbaycan əsgərinə qarşı təxribat törədilir, amma Rusiya tərəfi susur. Görəsən niyə? Bir sözlə, bu gün sülhməramlıların Qarabağda sözün həqiqi mənasında hanq=sı hoqqadan çıxdığı göz qabağındadır.
Amma susuruq, dözürük. Niyə?
Sadəcə, bunların gec, ya tez, bir də deyirik, 2025-ci ildə bitəcəyi üçün, regionda növbəti gərginlik yaratmamaq üçün susuruq. Qarabağda əsas diqqəti münaqişəyə yox, tikinti, quruculuq işlərinə yönəltmək üçün susuruq. Vətəndaşımızın qısa zamanda Qarabağa qayıtması üçün susuruq. Ortada üçtərəfli razılaşma – 10 noyabr bəyanatı olduğu üçün susuruq. Odur ki, susmaq zəiflik əlaməti deyil, cənablar. Bu xalq danışanda nələr olur, bunu 44 günlük Vətən müharibəsində hər kəs gördü. Hər kəs.
2. Rusiyada, Avropada, yaxud daha kimlərdir, bilmirik, Qarabağda yuva salmaq, əbədi məskunlaşmaq istəyirsinizsə, bu xəyallardan vaz keçin, unudun. Qarabağ Azərbaycandır və Azərbaycan əsgəri Qarabağda ona görə şəhid olmayıb ki, bu gün həmin o cənnətməkanda – Qarabağda Rusiya sülhməramlıları, yaxud Avropa sülhməramlıları monitorinq qrupu adı altında yuva qursun əbədi məskən salsın.
3. Araik də, Vardanyan da Koçaryan və Sarkisyan kimi sadəcə olaraq cinayətkar ünsürlərdir və onların Qarabağ ermənilərini idarə etməsinə, süni ajiotaj yaratmasına, yaxud at oynatmasına Azərbaycan heç bir halda imkan verməyəcək.
Bilin ki, Koçaryan, Volski və Sarkisyan zamanı çoxdan bitib. Artıq yeni reallıq yaranıb. Odur ki, dünya, sözümüz sənədir: ya bu reallıqla barış, Qarabağ Azərbaycandır reallığını qəbul et, ya da Qarabağdan birdəfəlik rədd ol!”
RF sülhməramlılarının Qarabağdakı “mandatı” haqda
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağın Ermənistan silahlı qüvvələrinin nəzarətində qalan hissəsinə daxil olub.
Həmin bəyanatın 4-cü maddəsində deyilir:
“Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti, tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etmədikdə, avtomatik olaraq növbəti 5 illik dövrlərə uzadılmaqla 5 ildir”.
Maraqlıdır ki, bu iki il ərzində Azərbaycan parlamenti Rusiya sülhməramlılarının ölkədəki mandatını ratifikasiya etməyib. Azərbaycan qanunlarına görə isə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda mövcudluğu faktiki olaraq qanunsuzdur.
Şərhlər
Rövşən Məmmədovun dövlət televiziyasında çıxışı sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Budur bəzi tipik şərhlər:
“2025-də prezidentin vaxtı qurtarır. Putinə Azərbaycanda İlham Əliyev sərf eləyir. Güman ki, səhnə arxasında danışıblar, Putin deyib ki, icazə verirəm, ehtiyac olsa, lap məni də söy, rus qoşunlarını da çıxaraq, Xankəndi də daxil olmaqla, erməni nəzarətində qalan torpaqları da qaytaraq, təki, Rusiyanın maraq dairəsində olan ölkələrdə hakimiyyətdə Rusiyanın adamı olsun. İlham Əliyev hakimiyyətdə qalmaq üçün makiavellinizmin bütün gedişlərindən istifadə edəcək. Ehtiyac olsa, ya Rusiya və digər region ölkələri ilə və yaxud Türkiyə və türkdilli ölkələrlə birgə konfederasiya yaradıb yenidən prezident olacaq. Çünki, əgər yeni dövlət quruluşu yaransa, yeni ümumi konstitusiya yaranacaq. Əgər sadaladıqlarım olmasa belə, bu və ya digər formada hakimiyyəti saxlamağa çalışacaqlar”, – deyə Aydın Əliyev yazıb.
“Zelinski demişdi axı ki, bizdən sonra Rusiya ilə döyüş sırası Azərbaycandadır. Görünür, buna doğru gedilir. İstənilən halda Rusiya “sülhməramlı” dəstəsi torpaqlarımızdan çıxmalı, Azərbaycan özü Ermənistan dövləti ilə hər şeyi danışıb, həll etməlidir. Putinin çirkli əli bu torpaqlardan götürülməlidir”, – Ülvi Günəşli qeyd edib.
“3 ilə ya ağa ölə, ya da eşşək. Birdən çıxmadı? O zaman nə olacaq? Bu AzTV-nin rəhbərliyi nağıl danışır. Ayını bilərəkdən salmısan evə, indi də onu çıxarmaq haqqında yollar axtarırsan.
Ruben Vardanyan Qarabağda məsul vəzifəyə təyin olunub, həm də Araik Arutunyan tərəfindən”, – Zaur Mirzəyev vurğulayıb.
“Adam Kiselyovun manerası, hərəkəti, intonasiyası, təqdimat tərzi – hər şeyini götürüb, amma onda bu, təbii alınır, bunda isə süni”, – deyə Rüfət Abdulla AzTV sədri haqda fikrini paylaşıb.