Azərbaycanın cənubunda yüzə yaxın kəndi elektriksiz qalıb
Paylaşmaq
Paylaşmaq
Oktyabrın 30-u axşam Azərbaycanın cənub-qərb regionunda başlanan qasırğa Lerik və Lənkəran rayonlarında yüzə yaxın kəndi elektriksiz qoyub. 12 kənd rayon mərkəzlərindən tamamilə təcrid olunmuş vəziyyətə düşüb.
Güclü külək ağacları kökündən qoparıb, elektrik ötürücülərinin üzərinə yıxıb, evlərin damlarını uçurub, meyvə bağlarına ciddi ziyan vurub.
Ağacların aşması nəticəsində kəndlərin sakinləri ağır xəsarət alıb. Lənkəran rayonunun iki sakini yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bəzi yerlərdə qarın qalınlığı bir metrə çatıb. Nəticədə Lerik rayonunun 12 kəndi rayon mərkəzindən tamam təcrid olunmuş vəziyyətə düşüb. Bu haqda Lerik rayonunun İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Trend informasiya agentliyinə bildirib.
Qasırğa qonşu Masallı rayonuna da gəlib çıxıb, orada 40-a yaxın kənd elektriksiz qalıb.
Azərişıq QSC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, hələ də davam edən pis hava şəraitinə baxmayaraq, zərər çəkmiş kəndlərdə elektrik verilişini bərpa etmək üçün mümkün olan hər şey edilir.