Azərbaycanın boyun əyməyən keçmiş səhiyyə naziri yenidən məhkum edilib
Hakimiyyətdə olan “Yeni Azərbaycan” Partiyasının yaradıcılarından, Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olan Əli İnsanov yenidən məhkum edilib. Aprelin 26-da Bakının Qaradağ rayon məhkəməsinin hökmü ilə hazırkı prezidentin qatı əleyhdarı ciddi rejimli müəssisədə saxlanmaqla 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu müddət onun əvvəlki 11 illik cəzasının üzərinə əlavə edilib.
Əli İnsanov ilk cəza müddətini sona qədər çəkib və cəmiyyət maraqla onun böyük siyasətə qayıdacağı günü gözləyirdi. Amma azadlığa çıxmasına sayılı günlər qalmışkən, İnsanova qarşı yeni ittihamlar irəli sürülüb. Onu cəza çəkdiyi islah müəssisəsində psixotrop maddələrin əldə edilməsi və saxlanmasında günahlandırıblar. O, həmçinin nəzarətçilərə müqavimət göstərməkdə ittiham edilib.
İnsanov 2005-ci il oktyabrın 20-də, parlament seçkilərinə bir ay qalmış, İlham Əliyev prezident seçiləndən sonra həbs edilib. Yayılmış versiyaya görə, Əliyev onu ermənistanlı azərbaycanlıları öz arxasınca apara biləcək siyasi rəqib olaraq görürdü. Əksər ermənistanlı azərbaycanlılar İnsanovu özlərinə “ağsaqqal” hesab edirdi (çoxları hələ də hesab edir). İnsanov özü bildirirdi ki, 500 min “qərbi azərbaycanlı” (rəsmi KİV ermənistanlı azərbaycanlıları belə adlandırır) onu dəstəkləməyə hazırdır.
İnsanov 12 il müddətində (1993-2005) səhiyyə naziri olub, çox dövlətli adam olub, Yeni Azərbaycan Partiyasının yaradılmasında və 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gətirilməsində vacib rol oynayıb.
Yeni hökm səsləndirildiyi zaman İnsanov gümrah görünüb və iclas boyu istehza ilə gülümsəyib, – Turan informasiya agentliyi xəbər verir.
“Mən gözləyirdim ki, birinci cəza müddəti bitəndən sonra məni məhbəsdən buraxmayacaqlar. Çünki mən təslim olmamışdım və mübarizəmi davam edirdim. Məni bu gün sadəcə prokurorun yalan ittihamları pafosla səsləndirməsi təəccübləndirdi”, – müttəhim bildirib. – “Həbsimi sifariş verənlər, həbsi həyata keçirənlər və cinayət işini hazırlayanlar çox primitivdirlər, çünki hər şey polis serjantı səviyyəsində düzülüb-qoşulub”.
İnsanovun sözlərinə görə, prokuror onun üçün uzun müddətli cəza istəyib ki, o, növbəti prezident seçkilərində iştirak edə bilməsin.
Daha əvvəl İnsanov məhkəmə zalında hazırkı prezident İlham Əliyevin ünvanına kəskin bəyanatlar səsləndirib. Məsələn, növbəti ittihamlar irəli sürüləndən sonra o deyib: “İlham Əliyevin xeyrinə qaldırdığım əlim qurusun. Bu hakimiyyətin xalqımıza heç bir aidiyyatı yoxdur. Hakimiyyət xalqa, xalq isə hakimiyyətə nifrət edir. Məhz buna görə prezident seçkilərində xalq bu hakimiyyəti dəstəkləmədi. Mən cəhənnəmin hər üzünü gördüm, indən belə sadəcə qəbiristanlıq qalır”.
Azərbaycanın insan haqları təşkilatları İnsanovu 2016-cı il oktyabrın 17-də açıqlanmış siyasi məhbus siyahısına daxil ediblər.
Sabiq nazirin vəkili Toğrul Babayev İnsanova göstərilən münasibəti qərəzli hesab edir:
“Hətta kiloqramlarla narkotik alveri edənlərə də səkkiz il cəza verilmir! Dövlət çevrilişi, qətl törətmiş insanları yeddi ildən sonra azad ediblər”, – “Kavkazskiy uzel” vəkilin sitatını verib.