“Azərbaycanın beş təklifnə Ermənistanın altı cavabı: Nə gözləməli?” – Bakıdan şərh
Rəsmi Bakının sülh danışıqlarının başlanması üçün təklif etdiyi beş prinsipə Yerevan altısı ilə cavab verib. Ermənistan Azərbaycanın irəli sürdüyü prinsiplərlə razıdır, amma Bakının öz təkliflərində iqnor etdiyi Dağlıq Qarabağın statusu məsələsini də əlavə etməyi lazım bilib. Bu gedişatdan nə gözləmək olar? Siyasi icmalçı Aqşin Kərimovun fikrincə, Ermənistanın cavabı prinsip etibarilə Azərbaycanın maraqlarına qarşı yönəlməyib.
- “Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlara qarşıdır” – Bakıdan şərh
- Minsk Qrupu olmasa, Ermənistanı və Azərbaycanı sülhə kim aparacaq?
- Otuz ildən sonra Şuşa
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycanın sülh danışıqlarının başlanması üçün irəli sürdüyü və rəsmi Yerevan tərəfindən qəbul edilən beş prinsipə Ermənistan altısını da əlavə edib. Bura Dağlıq Qarabağın statusu məsələsi də daxildir.
Azərbaycanlı siyasi icmalçı Aqşin Kərimovun fikrincə, Ermənistanın cavabı prinsip etibarilə Azərbaycanın maraqlarına qarşı yönəlməyib.
“Azərbaycanın sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı istinad etdiyi xəritələr görünür ki, İrəvan tərəfindən qəbul edilib. Çünki Qriqoryan deyib ki, bütün xəritələr, tarixi faktlar məlumdur və Azərbaycanın da bu xəritələrlə tanış olmaq imkanı var.
Sözsüz ki, Qriqoryan burada daha çox erməni təbliğatının məhsulu olan təhrif edilmiş xəritələrdən söz aça bilər, amma onun “bütün” sözünü işlətməsi Bakıya danışıqlarda üstünlük təmin edən manevrlər üçün geniş imkanlar verəcək.
Ermənistan burada da Azərbaycanın suverenliyini tanıdığını elan edir və Qriqoryan 1992-ci ildə MDB çərçivəsindəki qəbul edilən qarşılıqlı tanınmanı gündəmə gətirir”, – Aqşin Kərimov deyir.
Siyasi icmalçı qeyd edir ki, Yerevan Qarabağ mövzusunda yenidən statusdan danışır, hərçənd, “bu dəfə status fərqli motivlərdə təqdim edilir”.
“Qriqoryanın Qarabağdakı ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edilməsinin yedəyində status mövzusunu ikinci planda təqdim etməsi belə deməyə əsas verir ki, Yerevan bulanıq sularda balıq tutmaq üçün cəhdlərini hələ də yerə qoymadığını göstərir. Bu isə əslində Ermənistan xalqının könlünü almaq üçün metodun tərkib hissəsi kimi qələmə verilə bilər.
Onsuz da rəsmi Bakı Qarabağdakı ermənilərə Azərbaycan yurisdiksiyası altında hüquqlar tanıyacağını bəyan edir və Qriqoryanın bu səpkidə açıqlaması da Bakının təməl maraqlarına qarşı çıxış edən tezis halına gələ bilməyəcək.
Bununla belə, Qarabağa dair Ermənistanın təklifi ərazi münaqişəsi yox, hüquqi-təhlükəsizlik məsələsi kontekstində gözə çarpır ki, bunun özü də Ermənistanın ağıllı olmaq üçün bəlli məsafə qət etdiyinin nişanəsidir.
Ermənistan bilir ki, Azərbaycan status məsələsinin üzərindən xətt çəkib və bunu ölkənin hüquq sistemində təsbit edib (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması kontekstində).
Bu beynəlxalq hüquq üçün də keçərlidir, çünki yerli ərazi-idarəetmə sistemi beynəlxalq hüquqda həmin ölkənin yurisdiksiyası kimi tanınır və beynəlxalq hüququn prinsipləri ilə hər hansı ziddiyyət təşkil etmir.
Üstəgəl, Ermənistan əgər indiki mülayim mahiyyətindən ayrılıb özünü revanşizmin zirvəsinə dırmaşdırmağa çalışsa, bunun daha ağır bədəli olacaq.
Digər mövzu anklavlar məsələsidir, hazırda əlamətlər bunu deyir ki, bu, sülh sazişinə dair baza prinsiplərinin üzərində inşa ediləcək bəndlər çərçivəsində müzakirə üçün aktuallıq qazanacaq”.