Azərbaycanın ən məşhur məhbusu həbsxana xəstəxanasında özünü asıb
Paylaşmaq
Paylaşmaq
Ömürlük məhkum, keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədov Bakıda həbsxana xəstəxanasında intihar edib.
İlkin versiyaya görə, Hacı Məmmədov xəstəxana palatasında mələfədən istifadə edərək özünü asıb.
Hacı Məmmədov Azərbaycan DİN-nin Cinayət Axtarış Baş İstintaq İdarəsinin baş əməliyyat müvəkkili olub. Məmmədov digər 26 nəfərlə birlikdə 2005-ci ilin martında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin apardığı “Qara kəmər” əməliyyatı zamanı həbs olunmuşdu. Cinayətkar dəstənin rəhbəri kimi Məmmədov Cinayət Məcəlləsinin 80 maddəsi ilə o cümlədən də qətl, insan oğurluğu, şantajda ittiham olunmuş və dəstənin yeddi üzvü ilə birlikdə ömürlük həbsə məhkum edilmişdi.
Təqribən il yarım əvvəl məhkum vərəmdən müalicə olunmaq üçün ixtisaslaşmış həbsxana xəstəxanasına köçürülmüşdü. Daha sonra ona ağ ciyərlərin xərçəngi diaqnozu qoyulmuşdu.
Hazırda prokurorluq əməkdaşları hadisə yerində istintaq hərəkətləri aparırlar. Faktla bağlı 125-ci maddə ilə (intihar həddinə çatdırma) cinayət işi açılıb, intihar səbəbləri araşdırılır.
Hacının bacısı Arifə Məmmədova MeydanTV-ə bildirib ki, cəmi bir həftə əvvəl qardaşı ilə danışıb, o deyib ki, vəziyyəti normaldır, getdikcə sağalır.
İki il əvvəl Məmmədov İlham Əliyevə müraciət edib yenidən istintaqın başlanmasını xahiş etmişdi. Məhkumun bacısı Arifə Məmmədovanın sözlərinə görə, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov Məmmədova təzyiq göstərir, işin bəzi vacib məqamlarını açmağa mane olurdu. Amma Mahmudov vəzifəsindən kənarlaşdırılandan, Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra işə yenidən baxılacağına dair Məmmədovun ümidi yarandı, – minval.az yazır.
Bununla bağlı olaraq, məhkum hətta İşgəncələrə Qarşı Komitənin rəhbəri Elçin Behbudovla da görüşüb, ona nəsə vacib məlumat vermək istəmişdi, amma çatdırmadı, hüquq-müdafiəçisi vəfat etdi.
Hadisə yerində məhkəmə tibbi ekspertlərinin iştirakı ilə ekspertiza aparılıb. Mərhumun kamerasına baxış zamanı məktub tapılıb. Bu məktubda o, doğmalarından və saxlandığı müəssisə işçilərindən üzr istəyir və heç kimə qarşı kini yoxdur.