Azərbaycandan deportasiya edilmiş rusiyalı bloger Varlamovu geri çağırdılar
Paylaşmaq
Paylaşmaq
Rusiyalı bloger İlya Varlamov noyabrın 2-də deportasiya edildiyi Bakıya geri qayıdıb. “Dünən əməkdaşlar yanlış qərar veriblər. Sizin xərclərinizi qarşılamağa hazırıq, zəhmət olmasa, geri qayıdın”, – Varlamovun sözlərinə görə, Azərbaycan Sərhəd Xidmətinin təmsilçisi həmin vaxt artıq İstanbulda olan blogerə zəng edərək belə deyib.
Varlamov üzrxahlığı və dəvəti qəbul edərək, noyabrın 4-də Bakıya gəlib. Bu dəfə onu burada çox üzügülər və qonaqpərvərliklə qarşılayıblar. Sərhədçi qız blogerə hətta gül dəstəsi də təqdim edib. «Həyatımda ilk dəfə kimsə mənə gül bağışlayır, xoşdur» – Varlamov özünün bloqunda bu barədə qeyd edib.
Həmçinin o, yerli KİV-lərdən sitat gətirərək, hadisədə təqsiri olanların artıq cəzalandırıldığını diqqətə çatdırıb.
Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin bir çoxunda hadisələrin belə dönüşü sevincdən çox hiddət doğurub:
«Sonra da təəccüblənirlər ki, nəyə görə ölkəmizi heç kim ciddi qəbul etmir»
«Yazıq sərhədçilər. Günah keçisi onlar olacaq. Halbuki heç bir günahları yoxdur. Yuxarıların göstərişlərini icra ediblər. Bu nə ölkədir?Biabır olublar, indi isə gül-çiçəklə qarşılayırlar»
«Bəlkə biz hakimiyyətimizin dahiyanə düşüncəsini anlamamışıq? Əvvəlcə onu sanki buraxmırlar. O da küsərək çıxıb gedir. Sonra işə ilahi qüvvə qarışır. Bütün dünya şahid olur ki, Azərbaycanda qanunlar necə işləyir».