Azərbaycanda yeni xəbər kanalı fəaliyyətə başlayıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda martın 15-də yeni telekanal – Real TV peyk yayımına başlayıb. Bu kanal sırf xəbər yayımı üzrə ixtisaslaşıb. Real TV-nin təsisçisi və rəhbəri tanınmış juralist, ANS media şirkətləri qrupunun keçmiş vitse-prezidenti Mir Şahin Ağayevdir.
Martın 5-də Milli Televiziya və Radio Şurası Real TV telekanalının peyk yayımına müddətsiz lisenziya verib. Yayım lisenziyası Mir Şahin Ağayevin direktoru olduğu “Real Analiz İnformasiya Mərkəzi” MMC-ə təqdim edilib.
Həmin gün araşdırmaçı jurnalist Xədicə İsmayıl Facebook-da yeni telekanalın prezident Əliyevin ailəsinə məxsus “Ekspress bank”la əlaqələrinə dair dolayı sübutlar gətirdiyi status yazıb.
Real TV-də bağlanmış ANS telekanalının çox sayda əməkdaşı çalışacaq, amma ANS-in prezidenti Vahid Mustafayev onların arasında olmayacaq.
Müstəqil ANS media şirkəti 1991-ci ilin noyabrında Vahid və Seyfulla Mustafayev qardaşları və jurnalist Mir Şahin Ağayev tərəfindən yaradılıb.
ANS telekanalının yayımı 2016-cı il iyulun 18-də, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan din xadimi Fətullah Gülənlə müsahibənin anonsundan sonra dayandırılıb. Daha sonra məhkəmə bütün media holdinqin bağlanması haqda qərar qəbul edib.
ANS Qarabağ müharibəsi zamanı jurnalist Çingiz Mustafayev (şirkət təsisçilərinin qardaşı) cəbhə bölgəsində baş verənləri işıqlandırdığı zaman böyük populyarlıq qazanıb. Çingiz Mustafayev 1992-ci ildə cəbhədə apardığı son çəkilişi zamanı həlak olub.