Azərbaycanda üç ay ərzində itlər beş min adamı dişləyib
Azərbaycanda sahibsiz itlərlə bağlı problem kəskinləşib. Bəzi şəhər sakinləri bildirirlər ki, aqressiv itlər tez-tez insanlara hücum edir, buna görə də onları öldürmək lazımdır. Heyvan müdafiəçiləri humanizmə dəvət edirlər.
Niyə bu məsələ məhz indi qabarıb?
Azərbaycanda sahibsiz itlər ətrafında mübahisələr yeni deyil – sosial şəbəkələrdə və mediada bu mövzu tez-tez qaldırılır. Hazırda bu məsələ aprelin 22-də Bakının Sulutəpə qəsəbəsində quduz it dörd yaşında uşağa hücum edərək, onun üzünü parçalayandan sonra aktuallaşıb.
• Firavan itlər və bakılıları İstanbulda təəccübləndirən daha doqquz şey
• Azərbaycanda sosial şəbəkələr ətrafında mübahisələr
Heyvan müdafiəçiləri də təsadüfən eyni gün aksiya təşkil ediblər. Onlar Bakı şəhər İcra Hakimiyyəti qarşısına gəlib, küçə itlərini “Toplan” sahibsiz itlərə qayğı mərkəzindən qorumağı tələb ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, sahibsiz itlərə sığınacaq verib, onların qayğısına qalmaq əvəzinə, bu mərkəzin əməkdaşları heyvanları tutur və öldürür.
Bu hadisələr cəmiyyəti sarsıdıb və qızğın müzakirələrə səbəb olub.
İtlərin insanlara hücumu ilə bağlı başqa informasiyalar da yayılıb. Məsələn, aprelin 21-də Bakı kənarında it sürüsündən xilas olmağa çalışan məktəbli maşın yoluna qaçıb və onu maşın vurub. Uşaq yüngül xəsarətlərlə qurtulub.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2019-cu ilin ilk üç ayı ərzində ölkədə beş min insanı it dişləyib, 2018-ci ildə isə bu cür halların sayı 20 mindən çox olub.
Ziddiyyətli fikirlər
“Küçə itlərinin aqressiyasını azaltmaq üçün onları sterilizə etmək lazımdır. Bu əməliyyatdan sonra onlar təhlükəsiz olurlar. Həmçinin küçədəki sahibsiz heyvanlarla ehtiyatlı davranmaq lazımdır. İnsanlar onlara əzab verir, onlar da aqressivləşirlər. Qayğı ilə əhatələnən, yedizdirilən, su verilən heyvanlar insanlara hücum etmir”.
“Küçə itlərini öldürmək lazımdır. Bütün zamanlarda belə edirdilər. Azərbaycanda sahibsiz itlərin müdafiəsi qərb ölkələrindən gələn pis təcrübədir. Amma sahibsiz heyvanları insanların gözü qarşısında öldürmək olmaz. İtlərin müəyyən yerlərdə öldürülməsi daha yaxşı olardı”.
Sosial şəbəkələrdəki şərhlər:
“Bizdə hələ ki, sahibsiz itlərin çoxalmasını nəzarət altında saxlamağı öyrənməyiblər, onları güllələmək lazımdır”;
“İtləri küçədən yığışdırmaq lazımdır, amma güllələməklə yox. Qoy xüsusi qəbul məntəqələri yaratsınlar və sterilizasiya aparsınlar. Deməyin ki, pul yoxdur. Bir-iki korrupsiyaçını silkələsələr, 200 xüsusi qəbul məntəqəsi açmaq olar”;
“Əvvəlcə rüşvətxorları güllələmək lazımdır, sonra quduz itləri!”.