Azərbaycan xüsusi xidmət orqanları ölkədə təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qrupun ifşa olunduğunu və fəaliyyətinin qarşısının alındığını açıqlayıb.
Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları – 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu, 1998-ci il təvəllüdlü Babayev Kamran Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, Respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.
“Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.
Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb.
Fəxrəddin Şahmurov), Calal Muradov və Kamran Babayev Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayətkar birlik yaratma) və 281.2 (dövlət əleyhinə çağırış məzmunlu materiallar yayma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.
Həmçinin digər şəxslərin də istintaqa cəlb edildiyi bildirilir.