Su şirkətlərindən birinin və Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Neftçala rayonu sakinlərinə 4 000 ədəd beş litrlik içməli su paylanılıb.
Azərbaycanın Neftçala rayonu ərazisində ölkənin əsas çaylarından biri olan və Cənubi Qafqazın ekosistemində mühüm rol oynayan Kür xeyli dayazlaşıb.
Bir aydan çoxdur ki, Kürdə suyun səviyyəsinin enməsi və Xəzərin suyunun çaya qarışması Neftçala sakinlərini içməli susuz qoyub.
Ekspertlərdən bir qismi bu həyəcanlı vəziyyəti yerli fermerlərin məsuliyyətsiz münasibəti ilə əlaqələndirirlər. Digərləri isə Migəçevir su anbarının ölkənin su ehtiyatları üçün yaratdığı risk haqda xəbərdarlıq edirlər.
Artıq insanlar ümidlərini təbiətə və bu günlərdə bəzi rayonlara yağmış yağışlara bağlayıblar.
“Rayonlara leysan yağıb – görək Kürə təsiri olacaqmı?”.
Salyanda yaşayan Jurnalist-bloqer Emil Məmmədov öz “Facebook” hesabında belə yazıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildiyinə görə, iyulun 17-si gündüz saatlarına qədər Azərbaycanın rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq bəzi yerlərdə leysan olacağı, dolu düşəcəyi gözlənilir.