“Kanal 13”ün direktoru saxlanılıb
Azərbaycanda siyasi həbslər
Azərbaycanda daha bir müstəqil nəşr olan “Kanal 13” internet kanalının rəhbəri saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan direktor Əziz Orucovun evində və kanalın ofisində axtarış aparıblar. Jurnalistin konkret nədə ittiham olunduğu hələlik bəlli deyil. Lakin onun saxlanması Avropa və Amerika təşkilatlarından alınan qeyri-qanuni qrantların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsilə bağlı hökumətyönlü mediada tirajlanan xəbərlər və “Abzas Media” internet nəşrinin rəhbərliyinin həbsi fonunda baş verib.
- ABŞ səfirliyi Amerika universitetlərinin azərbaycanlı məzunları ilə görüşü təxirə salıb
- Torpaq var, pay yox. Pay torpaqları Azərbaycanda işsizliyin real səviyyəsini gizlətməyə necə imkan verir
- “Abzas Media”nın daha bir əməkdaşı həbs edilib
Noyabrın 27-də axşam saatlarında polis Kanal 13 Youtube kanalının icraçı direktoru Əziz Orucovun mənzilinə basqın edib. Onun həyat yoldaşı Lamiyə Orucovanın verdiyi məlumata görə, axtarış məhkəmənin qərarı ilə və vəkil Bəhruz Bayramovun iştirakı ilə aparılıb.
Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova “Amerikanın Səsi”nə bildirib ki, yaşadıqları evdə 8 nəfər polis əməkdaşı axtarış aparıb.
“Onlardan birinin üzü açıq, qalanları maskalı idi. Nə axtardıqları barədə hər hansı məlumat vermədilər. Əzizin iki ədəd noutbukunu, işlətmədiyi telefonlarını və onun əvvəllər həbsi ilə bağlı olan sənədləri götürdülər. Evimizin hər yerini axtardılar, hətta mətbəxdə də axtarış etdilər”, – deyə o qeyd edib.
Vəkil Bəhruz Bayramov bildirib ki, axtarış məhkəmə qərarı əsasında həyata keçirilib:
“Axtarışı Səbail rayon Polis İdarəsinin əməkdaşları apardı. Əziz Orucov Bakıda, “20-ci Sahə” adlandırılan ərazidə neçə illər əvvəl torpaq sahəsi alıb, guya orada qanunsuz ev tikib. Axtarış bu əsasla aparıldı. Orucovun avtomobili də saxlanılıb və avtomobilində də axtarış aparılıb”, – deyə vəkil bildirib.
Kanal 13-ün direktoru Əziz Orucov bundan əvvəl də iqtisadi cinayətlərdə ittiham olunaraq məsuliyyətə cəlb edilib.
2017-ci ildə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin sonradan 2018-ci ildə cəzası yüngülləşdirilib və o, şərti azadlığa buraxılıb.
Son illərdə kanal Youtube kanalı formatında yayımlanır.
Xatırladaq ki, ötən həftə “Abzas Media” müstəqil internet nəşrinin direktoru, direktor köməkçisi və baş redaktoru həbs edilib. Hər üçü Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Məhkəmənin qərarı ilə hər üçü barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib.
Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsi baş redaktor Sevinc Vaqifqızını və direktor Ülvi Həsənlini həbsdə saxlayıb. Dövlət tərəfindən direktor köməkçisi Məhəmməd Kekalova təyin edilmiş vəkil isə müvəkkilinin həbsindən apellyasiya şikayəti belə verməyib.
Həbsdə olan Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmovanın jurnalistlərə verdiyi məlumata görə, qızının heç bir günahı yoxdur və qondarma ittihamlarla həbs edilib.
“İttiham tərəfi iddia edir ki, redaksiyada külli miqdarda pul tapılıb. Bəs niyə əskinaslardan barmaq izini götürməyiblər? Çünki onların üzərində Sevincin barmaqlarının izi yoxdur”.
Məhərrəmovanın sözlərinə görə, qızına ailəsi ilə telefon əlaqəsinə icazə vermirlər.
“Qızım Bakıda həbs olunacağını bilirdi, biz də bunu bilirdik, qızıma xaricə zəng vurub geri qayıtmamasını xahiş etdim. Amma Sevinc cəsarətli insandır, dedi ki, mən jurnalistəm, öz işimi görəcəyəm, qoy hakimiyyət öz işini görsün”, – deyə Məhərrəmova bildirib.
Vəkil Zibeydə Sadıqovanın jurnalistlərə verdiyi məlumata görə, Ülvi Həsənli də ittihamı rədd edib, ona da telefonla əlaqə saxlamaq, ailə üzvləri ilə görüşmək imkanı verilmir.
Vəkillər bu məsələ ilə bağlı ayrıca şikayət vermək niyyətindədirlər.
Vaqifqızı həmçinin “Report” agentliyinə qarşı təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı iddia qaldırıb. Bu agentlik istintaqa yenicə başlansa da, Vaqifqızı və Həsənlini cinayət törətmiş şəxslər kimi təqdim edib. Vəkil Fariz Namazlının sözlərinə görə, apellyasiya məhkəməsi bu şikayəti də təmin etməyib.