“Ter-Petrosyan, Köçəryan və Sarkisyan da qanun qarşısında cavab verməlidir”. Bakıdan baxış
Azərbaycanda separatçıların məhkəməsi
Azərbaycanda Qarabağdakı keçmiş separatçı rejim nümayəndələrinin məhkəməsi davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Azərbaycan tərəfini müttəhimlərdən ifadə almaq üçün psixotrop maddələrdən istifadədə ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında deyilir ki, bu bəyanlar “tamamilə əsassız və son dərəcə gülüncdür”. Siyasi icmslçı Hacı Namazovun fikrincə isə bu vəziyyətdə psixotrop vasitələrdən istifadə məntiqsizdir. “Aydındır ki, təqsirləndirilən şəxslər Azərbaycanın qanuni hakimiyyətinə və xalqına qarşı silahlı mübarizə aparan rejimə rəhbərlik ediblər. Daha nə olsun?” – deyə o bildirir.
- “Keşlə bazarı” sökülür, satıcılar vaxt istəyir
- Yaxın Şərq getdikcə Cənubi Qafqaza yaxınlaşır. Bakıdan baxış
- Azərbaycanda yanıq xəsarətləri alanlar harada və necə müalicə olunur?
Azərbaycan XİN-in bəyanatı
“25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində deyilir.
“Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib.
Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır.
Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan Baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma “müstəqillik” münasibətilə təbrik etdiyini heç kim unutmayıb.
Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir”, – A.Hacızadə bildirib.
Məhkəmə prosesləri davam edir
Yanvarın 27-də Bakıda Qarabağdakı keçmiş separatçı rejim nümayəndələrinin məhkəməsi davam etdirilib.
“Report” xəbər verir ki, ötən məhkəmə iclasında çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən müttəhim Arayik Harutyunyan səhhətində heç bir problem olmadığını bildirib.
Təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər. Harutyunyan isə digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini bildirib.
Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.
Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərə təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.
Bu gün həmçinin Azərbaycan Cinayət Məcəlləsinin müharibə qanunlarını və adətlərini pozma, terrorizm, terrorçuluğu maliyyələşdirmə və digər maddələrində təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə də məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, proses Bakı Hərbi Məhkəməsinin Bakı Məhkəmə Kompleksində yerləşən inzibati binasında hakim Zeynal Ağayevin sədrliyi ilə davam etdirilib.
Yanvarın 17-də başlayan hazırlıq iclasında Ruben Vardanyan iş materialları ilə tanış olmaq üçün vaxt istəmişdi.
“İbtidai istintaq zamanı R.Vardanyana cinayət işinin materialları ilə başa düşdüyü dildə tanış olmaq və müdafiəyə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin vəsatətinini nəzərə alaraq təmin edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib. İttiham tərəfi də təqsirləndirilən şəxsə iş materialları ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə etiraz etməyib”, – deyə rəsmi məlumatda bildirilir.
Ekspert şərhi
Siyasi icmalçı Hacı Namazov hesab edir ki, bunlar bütün dünyada ən sərt şəkildə cəzalandırılan ağır cinayətlər törətmiş şəxslərdir:
“Biz Bakıda ədalətin bərqərar olduğu tarixi məhkəmə prosesinin canlı şahidiyik. Müttəhimlər kürsüsündə olanlar bir neçə onilliklər ərzində Azərbaycan xalqına və dövlətçiliyinə qarşı çoxsaylı cinayətlərdə əli olan şəxslərdir.
Təbii ki, erməni tərəfi hərbi məğlubiyyətdən sonra ləğv edilmiş separatçı rejimin keçmiş rəhbərlərini hərbi əsir, şəraitin qurbanı və digər “ürək parçalayan” epitetlərlə təqdim etməyə çalışır, lakin müttəhimlərin şəxsiyyətləri ilə tanış olduğumuz zaman bu təqdimatın reallıqla heç bir əlaqəsinin olmadığını görmək mümkündür.
Onlar bütün dünyada ən ağır şəkildə cəzalandırılan ağır cinayətlər törətmiş insanlardır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada dövlətin hansısa bir hissəsində öz marionet quruluşlarını elan edənlərin, silahlı birləşmələr yaradanların, qonşu dövlətin köməyi ilə bu ölkənin qanuni nümayəndələrinə qarşı müharibə aparanların, başqa millətdən olan yerli əhaliyə qarşı soyqırım törədənlərin, sırf bu şəxslərin milliyyətinə mənsub olmadıqlarına görə yüz minlərlə insanı öz yurdlarından zorla qovanların başını sığallasınlar.
Qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxslərin siyahısı tam deyil. Ötən əsrin 90-cı illərinin əvvəllərində azərbaycanlıların Ermənistandan və Qarabağdan qovulması faktı ilə fəxr edən Levon Ter-Petrosyan, sonradan Ermənistana rəhbərlik etmiş separatçı rejimin liderləri Robert Köçəryan və Serj Sarkisyan və hal-hazırda Ermənistanda gizlənən digər şəxslər də Azərbaycanda qanun qarşısında məsuliyyətə cəlb olunmalıdırlar.
Nikol Paşinyanın təqsirləndirilən şəxslərdən ifadə almaq üçün qadağan olunmuş vasitələrdən istifadə edilməsi ilə bağlı kəşfiyyat məlumatlarına malik olması haqda iddialarına gəlincə, bu sözlər heç bir tənqidə tab gətirmir. Axı, aydındır ki, təqsirləndirilən şəxslər Azərbaycanın qanuni hakimiyyətinə və xalqına qarşı silahlı mübarizə aparan rejimə rəhbərlik ediblər. Daha nə olsun? Otuz il ərzində rəsmi Bakı bu insanların dəhşətli cinayətlərinə dair təsiredici həcmdə sübut toplayıb və burada başqa vasitəyə ehtiyac yoxdur”.