Azərbaycanda daha bir müstəqil media rəhbəri həbs edilib
Azərbaycanda repressiyalar
Azərbaycanda daha bir müstəqil media orqanının rəhbəri həbs edilib. O da əvvəlki jurnalistlər kimi valyuta qaçaqmalçılığında ittiham olunur.
- Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu birinci oxunuşda qəbul edib
- Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb
- Azərbaycan hökuməti AİHM-in 7 qərarına əsasən ümumilikdə 230 min avrodan çox kompensasiya ödəyəcək
Aprelin 19-da Bakı şəhər Xətai rayon Məhkəməsi meclis.info saytının rəhbəri İmran Əliyev barəsində 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçib. O, “Abzas Media işi” ilə bağlı istintaqa cəlb olunub. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə cinayət işi açılıb.
İmran Əliyev məhkəməyə əlləri arxadan qandallı vəziyyətdə gətirilib. Yaxınları onun polisə aparıldıqdan sonra hansısa sənədi imzalaması üçün işgəncə gördüyünü, döyüldüyünü və bədəninə elektrik cərəyanı verildiyini bildiriblər.
Əliyev ötən gecə Bakı hava limanında saxlanılıb. O, artıq sərhəd nəzarətindən keçdikdən sonra və İstanbula uçmaq üçün təyyarəyə miniyin başlamasını gözlədiyi zaman Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb. Əliyev daha sonra polis əməkdaşlarına təhvil verilib.
Bu barədə jurnalist həmkarlarına özü məlumat verə bilib. Əliyev həmçinin yaydığı videomüraciətdə “Abzas Media” işi üzrə təqib olunduğu ehtimal edib.
“Qafqazinfo-da yazını görəndən sonra öz təhlükəsizliyim üçün ölkədən getməyə qərar verdim və İstanbula bilet aldım”, – deyən Əliyev məqalədə yazılanların uydurma olduğunu bildirib.
Həbsindən bir neçə saat əvvəl hakimiyyətin nəzarətində olan “Qafqazinfo” saytı İmran Əliyevi “qrant qaçaqmalçıları ilə əməkdaşlıqda” ittiham edən yazı dərc edib.
“Meclis.info platformasının rəhbəri İmran Əliyev, “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilib ki, onlar maliyyə nəzarətindən yayınmaq üçün xarici ölkələrə məxsuz “adsız bank kartları”ndan da istifadə ediblər. Xaricdən ötürülən vəsaitlərin bir qismini də bu kartlar vasitəsilə nəqdləşdiriblər”, – məqalədə qeyd olunub.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. Nəşrin ofisində axtarış zamanı polis 40 min avro “tapıb”.
Həmin gün “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov, noyabrın 21-də isə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, araşdırmaçı jurnalist Hafiz Babalı və reportyor Elnarə Qasımova həbs edilib.
Adları çəkilən jurnalistlərin hamısını Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar və onları 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onlar xarici donorlardan qanunsuz olaraq qrant almaqda günahlandırılırlar.
Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini həbs olunan jurnalistləri dərhal azad etməyə və müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Aprelin 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti müzakirə edəcək.
Parlamentarilər “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı son repressiyalar: Doktor Qubad İbadoğlu və İlhamiz Quliyevin işləri” adlı qətnamə layihəsinə baxacaqlar. Bu barədə İbadoğlunun qardaşı Qalib Bayramov bildirib.
Sənəddə “Abzas Media” və “Toplum TV” jurnalistlərinin işləri də əhatə olunub. Qətnamə aprelin 25-də səsverməyə çıxarılacaq.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Avropa Parlamenti İbadoğlunun işi üzrə qətnamə qəbul edərək onun azadlığa buraxılmasını tələb edib.
Qeyd edək ki, fəal İlhamiz Quliyev narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. O, rəsmi polis əməkdaşı olmadığı halda polisin narkotik maddələrlə bağlı cinayət işlərini necə saxtalaşdırdığı barədə “Abzas Media”ya danışdıqdan sonra həbs edilib.