Azərbaycanda Qurban Bayramı: son illər “sivil” qaydada qeyd olunur
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda müsəlmanlar Qurban Bayramını qeyd edir. Son illərdə bayram “müasir” şəkildə qeyd olunmağa başlayıb – qurbanlıq qoyunları artıq internetdə sifariş vermək mümkündür, heyvanı isə xüsusi yaradılmış yerlərdə kəsdirmək lazımdır.
Qurban Bayramı İbrahim peyğəmbərin oğlunu Tanrıya qurban vermək istərkən Tanrının onun oğlunun əvəzinə quzu göndərməsi haqda rəvayətlə bağlıdır.
Qriqori təqvimi üzrə bayram günü hər il bir qədər yer dəyişir. Bu il bayram avqustun 12-ə təsadüf edib. Bunun şərəfinə Azərbaycanda iki gün – bazar ertəsi və çərşənbə axşamı qeyri-iş günü elan olunub.
Qurban Bayramında heyvan kəsmək adətdəndir. Azərbaycanda əsasən qoyun qurban kəsilir. Qurbanlıq əti qonşulara, doğmalara və imkansız ailələrə paylanır. Bunu fərdi şəkildə eləmək və ya “paylaşdırmaq” üçün qurbanlıq əti məscidə vermək mümkündür.
Müasir yanaşma
İnanclılar arasında Qurban Bayramının populyarlığına baxmayaraq, Azərbaycanda çoxları bu bayramı qəddar və köhnəlmiş hesab edir. Həm də ona görə ki, əvvəllər qoyunları harada gəldi, hətta şəhərin küçələrində heç bir sanitar və etik qaydaları gözləmədən kəsirdilər. Bakı sakinlərini xüsusən kəsilməyə hazırlanan qoyunların görünüşü narahat edirdi, səkilərdən axıdılan qan isə onları şoka salırdı.
Buna görə də bir neçə il əvvəl şəhər hakimiyyəti qurban kəsilməsi prosesini daha müasir etmək qərarına gəlib.
İndi qurbanlıq qoyunu internetdən sifariş vermək mümkündür (bu, təxminən 100 dollara başa gəlir), heyvanların kəsilməsinə isə ancaq xüsusi ayrılmış məntəqələrdə icazə verilir. Hər halda iqtidaryönlü media belə deyir. Bu məntəqələrin yanında baytar-sanitar laboratoriyaları fəaliyyət göstərir, həmçinin dəri və digər heyvan qalıqlarının daşınması üçün xüsusi konteynerlər mövcuddur.